Əqrəb zəhəri laboratoriyada həyat qurtaran zərdab halına gətirilib
20.07.2026 13:32

Türkiyədə əqrəb sancmaları nəticəsində baş verən zəhərlənmələrin müalicəsində istifadə olunan əqrəb əleyhinə zərdab (antivenom) mürəkkəb və çoxmərhələli bioloji istehsal prosesindən sonra hazırlanır. Ölkənin Səhiyyə Nazirliyinin İctimai Sağlamlıq Baş İdarəsinin Mikrobiologiya Referens Laboratoriyaları və Bioloji Məhsullar İdarəsində hər il təxminən 10 min doza əqrəb zəhərinə qarşı zərdab istehsal edilir.

Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, laboratoriyanın məsul əməkdaşı, baytar həkim Mehmet Ali Kanat bildirib ki, zərdabın hazırlanması üçün əsasən Türkiyənin Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində toplanan əqrəblərdən istifadə olunur.

Onun sözlərinə görə, laboratoriyaya gətirilən əqrəblər xüsusi nəzarət altında saxlanılır və müəyyən vaxt intervalları ilə onlardan zəhər götürülür.

"Əqrəb əleyhinə zərdabın hazırlanması üçün ilk mərhələdə əqrəblərdən zəhər əldə edirik", – deyə M.Kanat bildirib.

Mütəxəssis qeyd edib ki, əqrəbdən götürülən zəhər birbaşa istehsalda istifadə olunmur. Çünki onun tərkibində müxtəlif toxuma qalıqları olur və bunların xüsusi üsullarla ayrılması vacibdir. Əks halda zəhər qısa müddətdə öz xüsusiyyətini itirə bilər. Buna görə də material uzun və dəqiq təmizlənmə mərhələsindən keçirilir.

Zərdabın hazırlanmasında 10 atdan istifadə olunur

Təmizlənmiş zəhər əvvəlcə keyfiyyətə nəzarət məqsədilə zülal və ferment analizlərindən keçirilir. Daha sonra isə antivenom istehsalı üçün xüsusi seçilmiş 10 ata çox kiçik dozalarda yeridilir.

Bu proses nəticəsində atların immun sistemi əqrəb zəhərinə qarşı anticisimlər (antikorlar) yaratmağa başlayır. Alimlər müəyyən aralıqlarla atların qanında əmələ gələn anticisimlərin səviyyəsini ölçürlər.

Anticisimlərin miqdarı kifayət qədər artdıqdan sonra atlardan qan plazması götürülür. Sonrakı mərhələdə plazma xüsusi üsullarla saflaşdırılır və nəticədə yalnız əqrəb zəhərinə qarşı təsir göstərən anticisimlər saxlanılır.

Hazır məhsul bütün keyfiyyət və təhlükəsizlik yoxlamalarından keçdikdən sonra ölkənin səhiyyə qurumlarına təqdim edilir və bütün regionlara göndərilir.

Mehmet Ali Kanat bildirib ki, zərdabın hazırlanmasında əsasən Cənub-Şərqi Anadoluda yaşayan Androctonus crassicauda növünə aid əqrəbin zəhərindən istifadə edilir.

Bu növün zəhəri zülallarla olduqca zəngin olduğundan, ona qarşı hazırlanan antivenom təkcə Türkiyədə deyil, həm də Şimali Afrika və Yaxın Şərqin bir çox ölkəsində rast gəlinən əqrəb sancmalarının müalicəsində də effektiv hesab olunur.

Yay aylarında əqrəb sancmaları artır

Mütəxəssisin sözlərinə görə, yay mövsümündə xüsusilə Şərqi və Cənub-Şərqi Anadolu bölgələrində, eləcə də Adana ətrafında əqrəb sancması halları artır. Risk qrupu əsasən kənd yerlərində yaşayan, çadırlarda və ya açıq havada yatan insanlardır.

Onun sözlərinə görə, hazırda Türkiyənin bütün bölgələrində kifayət qədər əqrəb əleyhinə zərdab ehtiyatı mövcuddur və son illərdə bu səbəbdən ölüm halları demək olar ki, qeydə alınmayıb.

M.Kanat qeyd edib ki, bir antivenomun hazırlanması təxminən bir il vaxt aparır, lakin laboratoriyanın istehsal gücü ölkənin illik tələbatı olan 10 min dozanı tam ödəməyə imkan verir. Zərurət yarandıqda istehsal həcmi artırıla bilər.

Mütəxəssisdən xəbərdarlıq

Baytar həkim yay aylarında açıq havada gecələyənlərin və çadırlarda qalanların paltarlarını və ayaqqabılarını geyinməzdən əvvəl mütləq yoxlamalarını tövsiyə edib.

Onun sözlərinə görə, paltarın və ya ayaqqabının içərisində gizlənən əqrəb insanı bir neçə dəfə sancaraq orqanizmə daha çox zəhər yeridə bilər ki, bu da ağır zəhərlənməyə səbəb olur.

Mütəxəssislər paltarların əqrəblərin daxil ola bilməyəcəyi yerlərdə saxlanmasını, geyinməzdən əvvəl isə diqqətlə çırpılıb yoxlanılmasını tövsiyə edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır