Payızda yaranan oynaq ağrılarını yalnız hava şəraiti ilə əlaqələndirmək olmaz
Payızda təkrarlanan oynaq ağrıları meteoroloji həssaslıqla izah edilməməli, müayinə üçün əsas hesab olunmalıdır.
Aztibb.az "Medvestik"ə istinadən yazır ki, revmatoloq İqor Kanusun sözlərinə görə, aparılan tədqiqatlar hava şəraitindəki dəyişikliklərlə oynaq xəstəlikləri arasında birmənalı əlaqə olduğunu təsdiqləməyib.
Bununla belə, soyuq hava və atmosfer təzyiqinin dəyişməsi, xüsusilə artrozdan və ya əvvəlki travmaların fəsadlarından əziyyət çəkən insanlarda ağrıların güclənməsi ilə müşayiət oluna bilər. Payız aylarında hərəkətliliyin azalması, soyuqlama, infeksiyalar və fiziki yükün qəfil dəyişməsi də vəziyyətə təsir göstərən amillərdəndir. Soyuq havada uzun müddət ayaq üstə qalmaq da əlverişsiz hesab olunur. Belə vəziyyətdə oynaq yük altında olsa da, hərəkətsiz qalır.
Mütəxəssis ilk növbədə simptomların xarakterinə diqqət yetirməyi tövsiyə edib. Narahatlıq getdikcə artırsa və ya mütəmadi olaraq təkrarlanırsa, həkimə müraciət etmək lazımdır. Oynaqda şişkinlik, toxunduqda istilik hissi və kəskin ağrı müşahidə edildikdə isə tibbi yardıma daha tez müraciət olunmalıdır. Həkimin sözlərinə görə, bir neçə gün sonra əlamətlərin zəifləməsi xəstəliyin diaqnozunu çətinləşdirə bilər.
“Əzələlər artan fiziki yükə günlər və həftələr ərzində uyğunlaşır, oynaqlara isə bunun üçün aylar lazım ola bilər. Buna görə də məşqlərə fasilə verdikdən sonra əvvəlki intensivliyə dərhal qayıtmaq olmaz. Bu, xəstəliyin yaranmasına və ya kəskinləşməsinə səbəb ola bilər”, – deyə həkim “Gazeta.ru”ya açıqlamasında bildirib.
Əgər ağrı travma nəticəsində yaranmayıbsa, intensiv fiziki yüklənməni azaltmaq, eyni zamanda ağrıya səbəb olmayan yumşaq hərəkətləri davam etdirmək lazımdır. Həkim, həmçinin ağrıkəsicilərin dozasını özbaşına artırmağın və ya şiddətli ağrıya baxmayaraq oynağı hərəkət etdirməyə çalışmağın yolverilməz olduğunu vurğulayıb.

