Gecə yemək qaraciyər xəstəlikləri riskini 30 faizədək artıra bilər - TƏDQİQAT  
19.10.2026 09:15

Gec saatlarda və ya gecə yemək vərdişi təkcə artıq çəki və ürək problemləri ilə deyil, həm də qaraciyərin xroniki xəstəlikləri ilə əlaqəli ola bilər. ABŞ alimlərinin apardığı genişmiqyaslı araşdırma gec qidalanmanın qaraciyər sağlamlığı üçün mümkün risklərini üzə çıxarıb.

 

Aztibb.az www.sciencedaily.com-a istinadla xəbər verir ki, əvvəlki tədqiqatlar göstərib ki, axşam və gecə saatlarında müntəzəm olaraq həddindən artıq qidalanmaq, xüsusilə də gündəlik kalori normasının 30 faizini və ya daha çoxunu saat 22:00-dan səhər saat 05:00-dək qəbul etmək, ikinci tip şəkərli diabet, ürək-damar xəstəlikləri və bu xəstəliklərdən ölüm riskinin artması ilə əlaqəlidir. Gec saatlarda yemək həmçinin artıq çəkiyə və qarın nahiyəsində piylənməyə səbəb ola bilər.

 

ABŞ-ın Oreqon Sağlamlıq və Elm Universitetinin tədqiqatçıları isə gec qidalanma ilə qaraciyərin metabolik disfunksiya ilə əlaqəli piylənmə xəstəliyi - MASLD və qaraciyər sirrozu arasında əlaqə aşkar ediblər.

 

MASLD zamanı maddələr mübadiləsindəki pozuntular nəticəsində qaraciyər hüceyrələrində həddindən artıq yağ toplanır. Xəstəlik bəzi hallarda irəliləyərək sirroza çevrilə bilər. Bu zaman qaraciyərin sağlam toxumaları çapıq toxuması ilə əvəz olunur.

 

Clinical Gastroenterology and Hepatology jurnalında dərc olunmaq üçün qəbul edilən araşdırmada üç böyük ümummilli tədqiqatın məlumatları təhlil edilib. Təxminən 200 min iştirakçını əhatə edən bu araşdırmalarda insanların qidalanma vərdişləri, gündəlik rejimi və həyat tərzinin digər xüsusiyyətləri nəzərdən keçirilib. Daha sonra iştirakçıların qaraciyər sağlamlığı ilə bağlı tibbi məlumatları təhlil olunub.

 

Nəticələrə əsasən, gec saatlarda, xüsusilə yatmazdan az əvvəl yemək yeyən insanlarda MASLD və ya sirroz riski adətən gec qidalanmaqdan çəkinənlərlə müqayisədə 20–30 faiz daha yüksək olub.

Alimlər bu əlaqənin mümkün izahlarından birini orqanizmin sirkadiyalı ritmləri ilə əlaqələndirirlər. Bu ritmlər yuxunu, maddələr mübadiləsini və digər fizioloji prosesləri 24 saatlıq dövr ərzində tənzimləyən daxili bioloji mexanizmlərdir.

 

Qaraciyər qida maddələrinin emalında, qanda şəkərin səviyyəsinin tənzimlənməsində, enerjinin saxlanmasında və istifadəsində mühüm rol oynayır. Tədqiqatçıların ehtimalına görə, orqanizmin bioloji saatının yuxuya uyğunlaşdığı vaxtda qida qəbulu maddələr mübadiləsini poza və qaraciyərə mənfi təsir göstərə bilər.

 

Bununla belə, alimlər araşdırmanın səbəb-nəticə əlaqəsini sübut etmədiyini vurğulayırlar. Tədqiqat müşahidə xarakteri daşıyıb və yalnız qidalanma vərdişləri ilə qaraciyər xəstəlikləri riski arasında əlaqəni müəyyən edib. Bundan əlavə, məlumatların bir hissəsi iştirakçıların özlərinin təqdim etdiyi cavablara əsaslanıb.

 

Tədqiqatçılar daha erkən saatlarda qidalanmanın qaraciyər xəstəliklərinin qarşısını alıb-almadığını müəyyənləşdirmək üçün əlavə, daha ciddi nəzarət olunan araşdırmalara ehtiyac olduğunu bildirirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlama
DİM-lərə töhfə: ATU-da tibb kolleclərinin müəllimləri üçün müasir klinik tədris yanaşmaları müzakirə olunub