Ginekoloq simptomsuz inkişaf edən 5 təhlükəli qadın xəstəliyini açıqlayıb
16.07.2026 11:32

Mioma, endometrioz, endometrium polipləri, yumurtalıq kistləri və uşaqlıq boynu displaziyası uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu barədə ginekoloq-cərrah, laparoskopik cərrah Yuliya Çernışeva məlumat verib.

Aztibb.az "İzvestiya" nəşrinə istinadən yazır ki, həkimin sözlərinə görə, ginekoloji xəstəliklərdə şikayətlərin olmaması hər zaman sağlamlıq əlaməti deyil. Bəzi ciddi patologiyalar illərlə simptomsuz inkişaf edə və yalnız profilaktik müayinə zamanı aşkarlana bilər.

Ekspert bildirib ki, ən çox rast gəlinən gizli patologiyalardan biri uşaqlıq miomasıdır. Əgər mioma qarın boşluğuna doğru böyüyürsə, uzun müddət menstrual dövrə təsir etməyə və qanaxmaya səbəb olmaya bilər. Eyni zamanda, endometrioz da çox vaxt gizli inkişaf edir, yumurtalıqların ehtiyatını tədricən azaldaraq sonsuzluq riskini artırır.

Həkim əlavə edib ki, endometrium polipləri və bəzi yumurtalıq kistləri də uzun müddət əlamətsiz qala bilər. Belə hallarda qadınlar xəstəlikdən yalnız ağırlaşmalar yarandıqdan sonra xəbər tuturlar.

Mütəxəssis xüsusilə insan papilloma virusu (HPV) ilə əlaqəli uşaqlıq boynu displaziyasının təhlükəli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu vəziyyət ağrı və ya qanaxma yaratmadığı üçün uzun müddət nəzərdən qaça bilər. Müalicə olunmadıqda isə uşaqlıq boynu xərçənginə çevrilmə riski daşıyır və simptomlar adətən xəstəliyin gec mərhələlərində meydana çıxır.

Yuliya Çernışeva qadınlara ildə ən azı bir dəfə profilaktik ginekoloji müayinədən keçməyi tövsiyə edib. Müayinəyə ginekoloji baxış, Pap-test (maye əsaslı sitologiya), yüksək riskli HPV tiplərinin təyini və kiçik çanaq orqanlarının ultrasəs müayinəsi daxil edilməlidir.

Həkim vurğulayıb ki, bu xəstəliklərin əksəriyyəti erkən mərhələdə aşkarlandıqda uğurla müalicə olunur. Poliplər histerorezektoskopiya ilə çıxarıla, mioma və yumurtalıq kistləri reproduktiv funksiyanı qorumaqla laparoskopik üsulla əməliyyat edilə, uşaqlıq boynu displaziyasının vaxtında müalicəsi isə xərçəngin inkişafının qarşısını ala bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır