Böyük Britaniyada yaradılmış ilk Azərbaycan təşkilatı olan AABP "London İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində tədbir təşkil edib
03.07.2026 14:20

İqlim dəyişikliyi sürətləndikcə, qlobal müzakirələr artıq təkcə karbon emissiyalarının azaldılması ilə məhdudlaşmır. Alimlər və siyasətçilər getdikcə daha çox ekosistemlərə, ictimai sağlamlığa, infrastrukturun davamlılığına və hətta insan biologiyasına təsirləri araşdırırlar.

 

Bu mövzular Böyük Britaniyada yaradılmış ilk Azərbaycan peşəkar təşkilatı olan Azərbaycan Britaniya Peşəkarları Assosiasiyası (Association of Azerbaijani British Professionals – AABP) tərəfindən "London İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində təşkil olunan "İqlim və sağlamlığın kəsişmə nöqtələri: Yaşıl infrastrukturun dayanıqlılığının gücləndirilməsi, Urmiya ekosistemi və androgenləri pozan amillər" adlı tədbirdə geniş müzakirə olunub.

 

Bu barədə Aztibb.az-a Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasından məlumat verilib.

 

Bu il keçirilən "London İqlim Fəaliyyəti Həftəsi" dünyanın ən böyük iqlim platformalarından biri kimi 1300-dən artıq tədbir təşkil edib, 75 mindən çox iştirakçını bir araya gətirib. Həftə ərzində hökumətlər, beynəlxalq təşkilatlar, biznes nümayəndələri, alimlər və vətəndaş cəmiyyəti təmsilçiləri iqlim dəyişikliyi və dayanıqlı inkişafla bağlı müxtəlif mövzular ətrafında fikir mübadiləsi aparıblar.

 

AABP-nin təşkil etdiyi tədbirdə ekoloji elmlər, tibb və dayanıqlı infrastruktur sahələrinin mütəxəssisləri iştirak ediblər.

 

Sessiyanı açan Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri Dr. İlhamə Cəfərli bildirib ki, iqlim dayanıqlılığı yalnız bir sahənin deyil, ekologiya, kənd təsərrüfatı, iqtisadiyyat, səhiyyə kimi bir-birini tamamlayan müxtəlif sektorların birgə fəaliyyətini tələb edir. Onun sözlərinə görə, iqlim dəyişikliyi ilə bağlı müzakirələr yalnız karbon emissiyalarının azaldılması ilə məhdudlaşmamalıdır.

 

"Biz yalnız karbon izindən danışmırıq. Biz dəyişən iqlimin insan biologiyası üzərində yaratdığı bioloji izdən danışırıq", - deyən Dr. İlhamə Cəfərli qeyd edib ki, bu fikir tədbirin əsas istiqamətini müəyyənləşdirərək ekoloji deqradasiya, səhiyyənin dayanıqlılığı və iqlim dəyişikliyinin insan sağlamlığına mümkün təsirləri arasındakı əlaqələri ön plana çıxarıb.

 

İlk təqdimat dünyanın ən böyük şor göllərindən biri olan Urmiya gölünün son onilliklərdə sürətlə kiçilməsi probleminə həsr olunub.

 

Bildirilib ki, Urmiya gölü yalnız ekoloji deyil, həm də sosial və humanitar baxımdan böyük əhəmiyyət daşıyır. Göl hövzəsində və ətraf bölgələrdə 10 milyondan çox azərbaycanlı yaşayır və gölün quruması onların sağlamlığına, kənd təsərrüfatına, iqtisadi fəaliyyətinə və yaşayış mühitinə birbaşa təsir göstərir.

 

Tədbirdə çıxış edən tədqiqatçı Dr. Rəhman Xətibi vurğulayıb ki, gölün tənəzzülünü yalnız iqlim dəyişikliyi ilə əlaqələndirmək düzgün yanaşma deyil. Əsas səbəblər idarəetmə problemləri, su ehtiyatlarının qeyri-səmərəli istifadəsi və yanlış siyasətdir.

 

Məruzəçi qeyd edib ki, araşdırmaya əsasən hövzədə onlarla bənd inşa edilib, yeraltı su ehtiyatlarından həddindən artıq istifadə olunub, beynəlxalq təşkilatların tövsiyə etdiyi ekoloji bərpa tədbirlərinin əksəriyyəti həyata keçirilməyib.

 

Dr. Rəhman Xətibinin sözlərinə görə, gölün bugünkü vəziyyəti təbii fəlakətdən daha çox insan fəaliyyəti və idarəetmə qərarlarının nəticəsidir.

 

O, son illərdə yağıntıların tarixi orta göstəricilərdən yüksək olduğunu göstərən məlumatlar təqdim edərək, düzgün idarəetmə tətbiq olunacağı təqdirdə Urmiya gölünün bərpası üçün hələ də real imkanlar mövcud olduğunu söyləyib.

 

Növbəti təqdimatda Dr. Firuzə Məmmədli yaşıl xəstəxanalar və yaşıl hava limanlarının müqayisəli təhlilini təqdim edib. Məruzəçi bildirib ki, funksiyaları fərqli olsa da, hər iki infrastruktur enerji sərfiyyatı, tullantıların idarə olunması və dayanıqlılıq baxımından oxşar problemlərlə üzləşir.

 

Firuzə Məmmədli yaşıl texnologiyalarin təkcə ekoloji deyil, həm də iqtisadi baxımdan böyük üstünlüklər yaratdığını qeyd edib.

 

Sonra çıxış edən Dr. İlhamə Cəfərli bildirib  ki, Azərbaycan Britaniya Peşəkarları Assosiasiyası bu istiqamətdə də elmi tədqiqat layihələri həyata keçirib və həmin araşdırmalarda həm Böyük Britaniyadan, həm də Azərbaycandan alim və tədqiqatçılar iştirak ediblər.

 

Diqqətə çatdırılıb ki, androgen reseptorları reproduktiv inkişaf baxımından mühüm əhəmiyyət daşıyır və onların fəaliyyəti aşağıdakı amillərdən təsirlənə bilər: temperaturun yüksəlməsi; endokrin sistemi pozan kimyəvi maddələr; ətraf mühitin çirklənməsi; daşqın və quraqlıq nəticəsində kimyəvi maddələrə məruz qalma şəraitinin dəyişməsi.

 

Dr. İlhamə Cəfərlinin sözlərinə görə, heyvanlar üzərində aparılmış tədqiqatlar göstərir ki, temperatur bəzi sürünənlərdə cinsiyyətin formalaşmasına, balıq və amfibiyalarda isə reproduktiv proseslərə təsir göstərə bilir.

 

O, insan sağlamlığına dair tədqiqatların davam etdiyini və bu sahədə cavablandırılması vacib olan çoxsaylı elmi sualların olduğunu söyləyib. Həmçinin sənaye kimyəvi maddələri, pestisidlər və plastik mənşəli bəzi birləşmələr kimi androgen reseptorlarının fəaliyyətinə təsir göstərə bilən maddələrin həm ətraf mühit, həm də insanın reproduktiv sistemi üçün artan risklər yaratdığını vurğulayıb.

 

Çıxışının sonunda Dr. İlhamə Cəfərli bildirib ki, su ehtiyatlarının idarə olunması, dövlət siyasəti, dayanıqlı infrastruktur, səhiyyə sistemləri və insan biologiyası bir-biri ilə ayrılmaz şəkildə bağlıdır. İstər Urmiya gölünün bərpası, istər dayanıqlı xəstəxanaların layihələndirilməsi, istərsə də iqlim dəyişikliyinin insan reproduktivliyinə təsirlərinin araşdırılması, eləcə də gələcəyin dayanıqlılığı yalnız karbon emissiyalarının azaldılması ilə təmin edilə bilməz. Bunun üçün elm, dövlət siyasəti, mühəndislik və səhiyyə arasında koordinasiyalı əməkdaşlıq tələb olunur. Məhz belə inteqrasiya olunmuş yanaşma dəyişən dünyanın mürəkkəb çağırışlarına cavab verə və daha dayanıqlı gələcəyin formalaşmasına töhfə verə bilər.

 

Qeyd edək ki, tədbirin təşkilatçısı və moderatoru Azərbaycan Britaniya Peşəkarları Assosiasiyasının təsisçisi və sədri, cərrah və tədqiqatçı Dr. İlhamə Cəfərli "London İqlim Fəaliyyəti Həftəsi" çərçivəsində Londonda COP31-ə hazırlıq məqsədilə keçirilən TOBB tədbirində də iştirak edib.

 

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Azərbaycanda transplantasiyanın tarixi   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
ATU tələbələri və Hərbi Tibb fakültəsinin rezidentləri üçün “Hərbi psixiatriya” adlı dərs vəsaiti hazırlanıb
Günəş şüalarının dəriyə təsiri və ondan necə qorunmalıyıq?
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Mürəkkəb əməliyyat, peşəkar komanda və uğurlu nəticə
 ATU professorunun məqaləsi yüksək impakt faktorlu beynəlxalq jurnalda dərc olunub   
Professor Məhəmməd Kərimov Fransada EVF 2026 beynəlxalq konqresində iştirak edib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Salyanda İİV-ə görə müayinələr aparıb
Şuşa RMX-da Silahlı Qüvvələr Günü münasibətilə tədbir keçirilib 
Samux Rayon Mərkəzi Xəstəxanasında BLS təlimi keçirilib
İnfeksion və parazitar xəstəliklər çox vaxt qeyri-spesifik əlamətlərlə başlayır - İnfeksionist Elvira Əliyeva
Respublika QİÇS-lə Mübarizə Mərkəzi Şamaxıda İİV-ə görə müayinələr aparıb
Mərkəzi Neftçilər Xəstəxanasında Beynəlxalq Allergiya Ayına həsr olunmuş seminar keçirilib