Sağlam və uzun ömür üçün əsas amillər nələrdir?
14.06.2026 13:11

Dünyanın bəzi ərazilərində yaşayan insanlar uzun ömür sürmələri ilə diqqət çəkirlər. Bu insanların həyat tərzi hər zaman alimlərin, həkimlərin və dietoloqların araşdırma mövzusu olub.

 

Aztibb.az-ın xəbərinə görə, aparılan tədqiqatlar göstərir ki, uzunömürlülük təkcə genetik faktorlarla bağlı deyil. İnsanların necə qidalanması, gündəlik həyat tərzi, sosial münasibətləri, fiziki aktivliyi və psixoloji vəziyyəti də ömrün uzunluğuna ciddi təsir göstərir. Məhz buna görə dünyanın ən uzunömürlü cəmiyyətləri üzərində aparılan araşdırmalar son illərdə daha da genişlənib və alimlər bu insanların ortaq xüsusiyyətlərini müəyyən etməyə çalışıblar.

 

Bu araşdırmaların mərkəzində isə "Mavi Zona" adlanan bölgələr dayanır. "Mavi Zona" termini dünyada yüz yaşdan çox yaşayan insanların sayının yüksək olduğu bölgələri ifadə edir. Yaponiyanın Okinava adası, İtaliyanın Sardiniya bölgəsi, Yunanıstanın İkariya adası, Kosta Rikanın Nikoya yarımadası və ABŞ-nin Kaliforniya ştatındakı Loma Linda şəhəri bu bölgələrə daxildir. Həmin ərazilərdə yaşayan insanların həyat tərzi digər cəmiyyətlərlə müqayisədə daha sağlam hesab olunur və onların uzunömürlü olmasının əsas səbəbləri məhz burada axtarılır.

 

Mütəxəsislər bildirirlər ki, bu bölgələrdə yaşayan insanların həyat tərzi müəyyən ortaq xüsusiyyətlərlə seçilir. Belə ki, genetik faktorlar mühüm rol oynasa da, sağlam və uzun ömür üçün əsas təsir göstərən amillər qidalanma, stresin idarə olunması, sosial münasibətlər və fiziki aktivlikdir. "Mavi Zona"da yaşayan insanlar  da gündəlik həyatlarında sadə, lakin sağlam vərdişlərə üstünlük verirlər və bu vərdişlər illər ərzində onların sağlamlığını qoruyur.

 

Araşdırmalar göstərir ki, uzunömürlülüyün ən vacib səbəblərindən biri qidalanma rejimidir. Okinava adasında yaşayan insanlar əsasən kalorisi az, lakin qida dəyəri yüksək olan məhsullar qəbul edirlər. Onların gündəlik menyusunda tərəvəzlər, dəniz məhsulları, tofu, paxlalılar və yaşıl çay mühüm yer tutur. Bu qidalar antioksidantlarla zəngin olduğu üçün orqanizmdə hüceyrələrin zədələnməsinin qarşısını almağa kömək edir. Alimlər hesab edirlər ki, məhz bu qidalanma sistemi ürək-damar xəstəliklərinin, şəkərli diabetin və digər xroniki problemlərin riskini azaldır.

 

Okinava sakinlərinin maraqlı xüsusiyyətlərindən biri də "Hara haçi bu" adlanan ənənəyə əməl etmələridir. Bu prinsipə görə insanlar tam doymadan, təxminən 80 faiz toxluq hiss edənə qədər yemək yeyirlər. Həkimlərin fikrincə, həddindən artıq qidalanmadan uzaq durmaq həm həzm sistemini qoruyur, həm də orqanizmdə piylənmənin qarşısını alır. Mütəxəssislər qeyd edirlər ki, müasir cəmiyyətlərdə insanların çoxu normadan artıq qida qəbul edir və bu da bir çox xəstəliklərin yaranmasına səbəb olur.

 

Daxili xəstəliklər üzrə mütəxəssislər uzunömürlü insanların əsasən emal olunmuş məhsullardan uzaq durduqlarını bildirirlər. Onlar qida rasionlarında təzə tərəvəzlərə, meyvələrə, tam taxıllara, zeytun yağı kimi sağlam yağlara və təbii protein mənbələrinə üstünlük verirlər. Bu cür qidalanma həm orqanizmin immun sistemini gücləndirir, həm də yaşlanma prosesini ləngidir. Həkimlərin fikrincə, son illərdə sürətli həyat tərzi insanları daha çox hazır və emal olunmuş məhsullara yönəldib. Lakin "Mavi Zona"da yaşayan insanlar hələ də təbii və mövsümi məhsullarla qidalanmağa davam edirlər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır