Tibb tələbələrinin nanotexnologiyalarla tanışlığı günün tələbidir
26.05.2026 12:31

Nanotexnologiya elmi son illər ərzində çox geniş yayılıb və müxtəlif sahələrə, o cümlədən tibb sahəsinə inteqrasiya edib. Tələbələrimizi tibbin gələcək inkişafı baxımından bu sahə ilə tanış etmək, onlarda nanotexnologiyaya maraq yaratmaq günün tələbidir.

 

Nanotexnologiyanın biofizikada tətbiqi və bu mövzuda elmi seminar və vebinarların keçirilməsi təhsil keyfiyyətinin yüksəldilməsi və tibbin inkişafına öz töhfələrini verə bilər. Tələbələr müasir tibbi nəzəri biliklərə yiyələnərək tibbi texnologiyalarla tanış olmalıdırlar. Burada bir neçə mühüm məqamı qeyd etmək lazımdır:

 

İlk növbədə tələbələr biologiya, fizika və informatika biliklərini kompleks şəkildə istifadə edəcək ki, bu da onlarda multidissiplinar düşüncənin inkişafına dəstək olar.

 

Tələbələrin atom qüvvə mikroskopiyası, skanedici tunel mikroskopu, nüvə maqnit rezonansı və biosensor texnologiyaları ilə tanışlığı gələcəkdə onların virtual laboratoriyalar, simulyasiyalar və süni intellekt əsaslı sistemlərə daha tez uyğunlaşmalarına kömək edə bilər.

 

Nanodərman daşıyıcıları, nanorobotlar, biosensorlar kimi hədəfli müalicə (targeted therapy) üsulları bu sahədə onların lazımi biliklərə yiyələnməsi və düzgün istiqamətdə inkişafı üçün əlverişli olar. Əminliklə deyə bilərik ki, ATU  tələbələri üçün bu istiqamətdə məlumatverici tədbir və seminarların keçirilməsi onların elmi bilik səviyyəsini yüksəldərək praktiki texnologiyalara çıxışını əlçatan edər.

 

Xüsusi kompüter proqramları nanomaterialların analizində və dərman daşıyıcılarının davranışının modelləşdirilməsində geniş istifadə olunur. Bu proqramlardakı alqoritmlər daşıyıcıların bədəndə hərəkətini simulyasiya edir və onların hansı orqanlara nə qədər müddətdə çatacağını proqnozlaşdırır.

 

Ağıllı dərman daşınması daha az yan təsir, yüksək effektivlik, daha az dozada istifadə və daha uzunmüddətli təsir kimi üstünlüklər təqdim edir. Biouyğun nanohissəciklərin hazırlanması, onların hüceyrəyə daxil olması və hədəflənmiş dərman çatdırılması prosesləri hazırda çox aktualdır. Bu sahədə xüsusi kompüter proqramları biofizikada mühüm rol oynayır. Əsas məqsəd dərmanların yalnız zədələnmiş toxuma və hüceyrələrə çatdırılması və eyni zamanda sağlam hüceyrələrə təsir etməməsidir ki, bu da yan təsirləri azaldır.

 

Hazırda kafedramızda və Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar mərkəzində kafedra müdiri, dosent İsmayıl Qafarovun rəhbərliyi ilə tibdə süni intellekt və nanorobotlar vasitəsi ilə hədəfli dərman çatdırılması və prosesdə hüceyrə tamlığının pozulmaması istiqamətlərində elmi-tədqiqat araşdırmaları aparırıq. Hüceyrədaxili müdaxilə, xəstəliklərin erkən aşkarlanması, fərdiləşdirilmiş dərman müalicəsi və hətta hüceyrə qocalmasının yavaşladılması kimi imkanlar nəzərdən keçirilir.

 

Hüceyrə səviyyəsində fəaliyyət göstərən nanorobotların hazırlanması müasir tibdə yeni imkanlar açıb. Hüceyrə tamlığının qorunması dərmanların effektivliyi və orqanizmin sağlamlığının qorunması üçün vacib amildir. Nanorobotların biouyğun materiallardan hazırlanması, hüceyrə membranına zərər vermədən oraya hədəflənmiş müdaxilə etməsi və orqanizmdən təhlükəsiz şəkildə xaric olması onların tibdə uğurla tətbiqini təmin edir. Bundan əlavə, süni intellekt vasitəsilə nanorobotların dizaynı və dərmanların hüceyrə təsirinin analizi bu sahədə gələcəkdə daha dəqiq və təhlükəsiz müalicə üsullarının yaradılmasına böyük töhfə verəcək. Nanorobot texnologiyaları hüceyrə tamlığının qorunmasını təmin etməklə tibdə inqilabi dəyişikliklərə yol açır və gələcəkdə xəstəliklərin daha effektiv müalicəsinə şərait yaradır.

 

Əsas üstünlük verdiyimiz məsələ dərmanların effektivliyini artırmaqla yanaşı, yan təsirlərin də qarşısını almaqdır. Gələcəkdə bu istiqamətdə süni intellekt dəstəkli simulyasiya və modellərin inkişafının fərdi və daha təhlükəsiz müalicə üsullarının yaradılmasına töhfə verəcəyinə inanırıq.

 

Tələbələrin bu sahə ilə tanış edilməsi onların nanotexnologiyaya marağını artırmağa yönəlib. Qeyd etdiyimiz kimi, bu istiqamətdə aparılması nəzərdə tutulan  təlimlər, vebinarlar tələbələrin müasir tibbi nəzəri biliklər əldə etməsi və qabaqcıl tibbi texnologiyalarla tanış olmalarına səbəb ola bilər ki, bu da onların gələcəyin uğurlu tədqiqatçıları və innovatorları kimi formalaşmasına kömək edər.

 

Nərmin Ələsgərova,

Tibbi və bioloji fizika kafedrasının baş laborantı

ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Anestezioloq-reanimatoloq Emil Muradov -
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Tibb işçilərinin əməkhaqlarının artırılmasına QHT sədrindən münasibət
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib