Deyirlər ki, hər birimizin daxilində hələ də iki faiz neandertal “yaşayır”. Ola bilsin ki, stomatoloqlardan panik qorxumuzun kökü də elə o dövrlərdən gəlir — anesteziyanın yerini xəstənin iradəsi, “bor” maşınının yerini isə daş alətlər tutduğu zamanlardan. Alimlər tez-tez sübut edirlər ki, insanın bir çox qorxuları və vərdişləri qədim keçmişə dayanır.
Aztibb.az "Times by" nəşrinin məlumatına istinadən yazır ki, Altayda edilən elmi kəşf düşündürür: bəlkə də zaman səyahətləri haqqında yazan fantast yazıçılar tamamilə haqsız deyillər? Hələ yaxın vaxtlara qədər mağara insanlarının qəbiləsində diş həkimini təsəvvür etmək absurda bənzəyirdi. Lakin məlum olub ki, bu nə zarafatdır, nə də uydurma. Təxminən 59 min il əvvəl neandertallar artıq xəstə dişləri deşərək müalicə etməyə çalışıblar — həm də anesteziyasız və stomatoloji avadanlıq olmadan.
Altaydakı sirli mağara
Çağır mağarası Çarış çayının sahilində yerləşir. Burada Şimali Asiya ərazisində aşkarlanmış ən zəngin neandertal antropoloji kolleksiyası tapılıb. Ümumilikdə 80 eksponat — əsasən diş və sümük qalıqları aşkar edilib.
Alimlər hesab edirlər ki, bu mağarada təxminən 70 min il əvvəl bir neandertal ailəsi yaşayıb. Genetik araşdırmalar göstərib ki, tapılan qalıqlar bir-biri ilə yaxın qohum olan insanlara məxsusdur — uşaqlar, valideynlər, xalalar, dayılar, nəvələr və nənələr. Ümumi sayın 20 nəfərdən çox olmadığı ehtimal edilir.
Doğrudanmı kariyes idi?
Kariyes izləri olan xüsusi diş mağaranın toxunulmamış mədəni təbəqəsində aşkar edilib və onun yaşı təxminən 59 min il hesab olunur. Molyar diş “Çağırskaya-64” adlandırılıb.
Tədiqiqatçı Alisa Zubova bildirib ki, bu tapıntını ilk dəfə 2018-ci ildə kolleksiyanı araşdırarkən aşkar edib. Onun sözlərinə görə, həmin kolleksiya daha əvvəl dəfələrlə antropoloqlar və paleogenetiklər tərəfindən öyrənilsə də, materialın potensialı hələ tam tükənməyib.
Tədqiqatçı qeyd edib ki, diş-çənə sistemi xəstəlikləri ilə bağlı bir sıra maraqlı faktlar aşkar olunub. Məsələn, alimlər xroniki haymorit əlamətləri olan qalıqlara da rast gəliblər.
Alisa Zubovanın sözlərinə görə, “Çağırskaya-64” dişinin çeynəmə səthində yerləşən böyük boşluq onun diqqətini dərhal cəlb edib və bu, dişin vaxtilə kariyesdən zədələndiyini düşündürüb.
Bu müşahidə alimlər üçün qeyri-adi olub. Çünki hesab edilirdi ki, neandertallar adətən kariyesdən əziyyət çəkməyiblər. Uzun müddət belə düşünülürdü ki, bu problem yalnız müasir insanlarda, Avrasiya ərazisində Streptococcus mutans bakteriyasının yayılmasından sonra meydana çıxıb.
Lakin alimlərin qarşısında mühüm sual dayanırdı: doğrudanmı bu molyar diş kariyesdən zədələnib və sonradan “müalicə olunub”? Bunu təsdiqləmək üçün dişdəki dəliyin yaranmasının digər mümkün səbəblərini istisna etmək lazım idi. Bunlara travma, təbii aşınma, sınıq və ya dişin torpaq qatında hərəkət zamanı zədələnməsi — yəni tafonomik proseslər aid edilirdi.
Sonuncu ehtimal demək olar ki, dərhal rədd olunub. Çünki dişin üzərində torpaq daxilində hərəkət nəticəsində yaranan cızıqlar və digər tipik izlər aşkar edilməyib.
Təbii aşınma versiyası da uyğun hesab olunmayıb. Alisa Zubova izah edib ki, diş çeynəmə nəticəsində aşındıqda orqanizm bunu kompensasiya etməyə çalışır və ikinci dərəcəli dentin formalaşır. Bu toxuma dişin daxili boşluqlarını və kanallarını örtür. Belə hallarda kiçik çökəklik yarana bilər, lakin böyük dəliyin əmələ gəlməsi mümkün deyil.
Qədim diş həkimi
Dişdəki boşluq adi kariyes nəticəsində yaranan təbii dəliyə bənzəmirdi. Buna görə alimlər belə bir fərziyyə irəli sürüblər: bəlkə bu, qədim “stomatoloqun” müdaxiləsinin nəticəsidir? Aparılan trasoloji analiz isə əsl sensasiyaya çevrilib.
Tədqiqatçılar dişin bütün səthini müxtəlif böyütmələrlə mikroskop altında araşdırıblar və boşluğun divarlarında spesifik cızıqlar aşkar ediblər.
Tədqiqatçı Lidiya Zotkina bildirib ki, cızıqların yerləşməsi onların alətin dairəvi hərəkəti nəticəsində yarandığını göstərir. Bu isə dişin böyük ehtimalla deşildiyini düşünməyə əsas verir.
Lakin yalnız vizual müşahidələr fərziyyəni sübut etmək üçün kifayət etmirdi. Buna görə alimlər müasir insan dişləri üzərində eksperiment aparıblar. Məqsəd daş alətlə dişin pulpa boşluğuna daxil olmağın mümkün olub-olmadığını yoxlamaq idi.
Alınan nəticələr göstərib ki, diş məqsədli şəkildə insan tərəfindən deşilib. Həm də görünür, bu “stomatoloji əməliyyat” uğurlu keçib. Pasiyent bundan sonra da müəyyən müddət yaşayıb və normal qidalanmağa davam edib.
Diş üzərində çeynəmə səthinə xas cilalanma və boşluq kənarlarının hamarlaşması aşkarlanıb. Belə aşınma bir-iki gün ərzində yaranmır.
Lidiya Zotkina qeyd edib ki, qidanın çeynənməsi bu cür aşınmanı tədricən formalaşdırır. Buna əsasən demək olar ki, cərrahi müdaxilə uğurlu olub və neandertal sonradan da adi həyatını davam etdirərək normal qidalanıb.
Alisa Zubova isə bildirib ki, alimlər sonda bunun həqiqətən kariyes olduğu qənaətinə gəliblər. Bu fərziyyəni təsdiqləmək üçün kompüter tomoqrafiyası aparılıb və dişdə kariyesə uyğun çoxsaylı demineralizasiya ocaqları aşkarlanıb.
Stomatoloq qorxusu neandertallardan qalıb?
Məlum olub ki, stomatoloq qorxusu müəyyən qədər genetik ola bilər. Araşdırmalar göstərir ki, bu qorxuya meylliliyin təxminən 59 faizi irsi ötürülür. Ola bilsin, insan sadəcə qorxaq deyil, minilliklər əvvəl anesteziyasız ağrıya dözməli olmuş əcdadlarından qalan instinktə tabe olur.
Müasir insan genomunda “tam neandertal geni” olmasa da, Afrika xaricində yaşayan insanların əksəriyyətində qədim qohumlarımızın DNT fraqmentləri qalmaqdadır. Orta hesabla bu pay 1–3 faiz arasında dəyişir.
Lakin əsas sual açıq qalır: bəs neandertal özü diş müalicəsindən qorxurdumu? Və stomatoloq qorxusu genetik yaddaşda nə vaxt formalaşmağa başlayıb?
Hələlik bunun dəqiq cavabı yoxdur. Arxeologiya yalnız keçmişin pərdəsini bir qədər aralayaraq bizə heyrətamiz, amma natamam sübutlar təqdim edir. Ola bilsin ki, gələcək tapıntılar yeni deşilmiş dişlər, qədim “həkimlərin” alətləri və ya bu gün təsəvvür etmədiyimiz başqa kəşflər alimlərə bu suallara da cavab tapmağa kömək edəcək.
Hələlik isə yalnız neandertal pasiyentin dözümlülüyünə heyran qalmaq və müasir stomatologiyanın həqiqətən çox irəli getdiyinə sevinmək qalır.

