Bir çoxlarının bilmədiyi maraqlı faktlardan biri odur ki, dünyada “ölümsüz” hesab edilən hüceyrələr mövcuddur. Bu hüceyrələr onları daşıyan insandan onilliklərlə daha uzun yaşayıb və bu gün də dünyanın müxtəlif laboratoriyalarında bölünərək həyatını davam etdirir. Onların ümumi biokütləsi isə artıq sahibi olmuş qadının – 1951-ci ildə vəfat edən amerikalı Henrietta Laksın bədən çəkisini dəfələrlə üstələyib.
Aztibb.az "Nature" jurnalında dərc edilən məqaləyə istinadən yazır ki, HeLa adlanan bu hüceyrələr sayəsində poliomielitə qarşı vaksin hazırlanıb, xərçəng və QİÇS əleyhinə preparatlar sınaqdan keçirilib. Hüceyrələr hətta kosmosa da göndərilib. Bəzi alimlər hesab edir ki, bioloji baxımdan HeLa hüceyrələri artıq ayrıca canlı forma sayılacaq səviyyəyə çatıb və onların rəsmi orqanizm təsnifatına daxil edilməsi məsələsi müzakirə olunur.
Elm tarixini dəyişən qadın
1951-ci ilin əvvəlində ABŞ-ın Virciniya ştatında yaşayan, beş uşaq anası olan 31 yaşlı afroamerikalı Henrietta Laks qarının aşağı hissəsində ağrılar səbəbindən Johns Hopkins Hospital xəstəxanasına müraciət edib. Həmin dövrdə bu klinika kasıb afroamerikalıları qəbul edən azsaylı tibb müəssisələrindən biri idi.
Müayinələr nəticəsində Henriettaya ağır diaqnoz – aqressiv uşaqlıq boynu xərçəngi qoyulub. Həkimlər müayinə zamanı onun şiş toxumasından nümunələr götürüblər. Lakin o dövrün tibbi praktikasına uyğun olaraq, pasiyentə bu biomaterialın gələcək taleyi barədə məlumat verilməyib və ondan icazə alınmayıb. Həmin illərdə belə razılıq prosedurları məcburi hesab olunmurdu.
Sonradan məlum olub ki, Henrietta Laksın hüceyrələri digər insan hüceyrələrindən fərqli olaraq laboratoriya şəraitində ölmür, davamlı bölünərək yaşayır. Məhz bu xüsusiyyət onları elm üçün misilsiz araşdırma materialına çevirib.
HeLa hüceyrələri bu gün də biologiya, genetika, virusologiya və farmakologiya sahələrində ən çox istifadə olunan hüceyrə xətlərindən biri sayılır. Onların köməyi ilə minlərlə elmi tədqiqat aparılıb və müasir tibbin inkişafında mühüm nailiyyətlər əldə edilib.
Henrietta Laksdan götürülən bioloji nümunələr amerikalı alim Corc Qeyin laboratoriyasına göndərilmişdi. Tədqiqatçı bir neçə il idi ki, insan hüceyrələrini orqanizmdən kənarda – Petri qabında yetişdirməyə çalışırdı. Lakin bütün cəhdlər uğursuzluqla nəticələnirdi: hüceyrələr qısa müddət sonra qocalır və məhv olurdu.
Ancaq Henrietta Laksın hüceyrələri tamamilə fərqli davrandı. Onlar nəinki sağ qaldı, hətta heyrətamiz sürətlə bölünməyə başladı. Hüceyrələrin sayı hər 24 saatdan bir ikiqat artırdı. Beləliklə, tarixdə ilk dəfə “ölməyən” insan hüceyrələri – HeLa hüceyrə xətti meydana gəldi.
Bu hüceyrələrin yaşaması üçün insan orqanizminə ehtiyac yox idi. Onlara yalnız qidalandırıcı mühit və inkişaf üçün uyğun şərait kifayət edirdi.
“HeLa” termini Henrietta Laksın ad və soyadının ilk hərflərindən formalaşıb. Henrietta Laks isə diaqnoz qoyulduqdan cəmi səkkiz ay sonra – 1951-ci il oktyabrın 4-də vəfat edib.
O, heç vaxt bilmədi ki, onun hüceyrələri tibb elmində yeni bir dövrün başlanğıcına çevriləcək və gələcəkdə milyonlarla insanın həyatına təsir göstərəcək.
Niyə onun hüceyrələri ölmür?
İnsan orqanizminin normal hüceyrələri qocalma və ölüm üçün proqramlaşdırılıb. Xromosomların uclarında onları qoruyan “qapaqlar” — telomerlər yerləşir. Hər bölünmə zamanı bu telomerlər qısalır və təxminən 50–56 bölünmə dövründən sonra hüceyrə artıq çoxalma qabiliyyətini itirir və məhv olur. Bu proses “Hayflick həddi” adlanır.
Görünür, Henrietta Laksın xərçəng hüceyrələrində sistemli bir pozulma baş verib. Mutasiya telomeraza adlı fermenti aktivləşdirib. Bu ferment hər bölünmədən sonra telomerləri yenidən uzadır və xromosomların “köhnəlməsinin” qarşısını alır. Beləliklə, hüceyrələrin qocalma mexanizmi söndürülmüş olur. Onlar sonsuz sayda bölünə bilir və bu proses hələ də davam edir.
Dünyanın müxtəlif laboratoriyalarında yetişdirilən HeLa hüceyrələrinin ümumi biokütləsi artıq Henrietta Laksın sağlığında olan bədən çəkisini onlarla dəfə üstələyib.
HeLa hüceyrə kulturası üzərində aparılan tədqiqatlar alimlərə telomeraza mexanizmini anlamağa imkan verib və buna görə 2009-cu ildə fiziologiya və tibb üzrə Nobel mükafatı verilib. Ümumilikdə, bu hüceyrələrdən istifadə olunan elmi məqalələrin sayı 110 mindən çoxdur. Biotibbin demək olar ki, elə bir sahəsi yoxdur ki, HeLa hüceyrələrindən istifadə edilməsin.
Əsas elmi nailiyyətlər
1950-ci illərdə poliomielitə qarşı mübarizədə böyük irəliləyiş əldə olunub. ABŞ virusoloqu Conas Solk vaksin sınaqları üçün HeLa hüceyrə xəttindən istifadə edib və virusu bu hüceyrələrdə çoxaldıb.
1960-cı ildə HeLa hüceyrələri kosmosa göndərilib — əvvəlcə sovet peyklərində, daha sonra isə ABŞ astronavtlarının ilk pilotlu uçuşlarında. Bu təcrübələr çəkisizlik və radiasiyanın toxumalara təsirini öyrənməyə imkan verib.
1980-ci illərdə alman virusoloqu Harald zur Hausen “ölümsüz” hüceyrələrdən istifadə edərək insan papilloma virusunun uşaqlıq boynu xərçənginə səbəb olduğunu sübut edib. Bu işə görə də Nobel mükafatı verilib.
1980-ci illərin sonlarında isə alimlər HeLa hüceyrələrinin HİV virusu ilə yoluxmasının çətin olduğunu aşkar ediblər. Bu da virusun hüceyrəyə necə daxil olduğunu anlamağa kömək edib.
Bioloqlar hesab edirlər ki, HeLa hüceyrələri artıq formal olaraq insan hüceyrələri sayılmır və Homo sapiens növünə aid deyil. Onlarda normal 46 xromosom əvəzinə 76–80 xromosom mövcuddur.
Bu hüceyrələrin genomu mutasiyalar nəticəsində o qədər dəyişib ki, 1991-ci ildə alimlər onları ayrıca bioloji növ kimi — Helacyton gartleri — təsnif etməyi təklif ediblər. Yəni bu, insan mənşəli olsa da, artıq özünəməxsus “təkamül yolu” keçmiş və sanki sadə orqanizmlər kimi yaşayan bir sistemdir.
Üstəlik, HeLa hüceyrələri laboratoriyalarda “aqressiv” davranır: bəzən digər hüceyrə kulturlarına qarışır və onları sıxışdıraraq sıradan çıxarır — sanki bağda yayılan alaq otları kimi.
Bu hüceyrələrdə Henrietta Laks bir növ “ölümsüzlük” qazanıbmı? 2021-ci ildə onun varisləri ailənin razılığı olmadan hüceyrələrin satışını həyata keçirən şirkətə qarşı məhkəmə iddiası qaldırıblar. Vəkil bunu belə ifadə edib: “HeLa hüceyrələri sadəcə Henrietta Laksdan alınmış hüceyrələr deyil — bu hüceyrələr elə Henrietta Laksın özüdür.” Nəticədə tərəflər razılığa gəlib.
Henrietta 1951-ci ildə Virdjiniyada adı olmayan məzarda dəfn olunub. Ailənin maddi imkanları olmadığı üçün qəbirüstü daş belə qoyulmayıb və məzarın yeri uzun illər unudulub. Yalnız 2010-cu ildə həmin qəbiristanlıqda onun xatirəsinə abidə ucaldılıb.
Abidə kitab formasındadır və üzərində ailəsinin yazdığı bu sözlər də həkk olunub: “Onlar əbədi yaşayacaq və onların sayəsində bəşəriyyət xəstəlikləri anlamağa, sirrləri açmağa və zaman qazanmağa çalışacaq.”

