Türkiyə hakimiyyəti doğum səviyyəsinin azalması ilə mübarizə aparmaq üçün tibbi göstəriş olmadan planlı qeysəriyyə əməliyyatlarının qadağan edilməsini nəzərdən keçirir. Qadın hüquqlarını müdafiə edən təşkilatlar isə buna kəskin etiraz ediblər. Ölkə üzrə bu mövzu ətrafında geniş müzakirələr davam edir. “Tibbi göstəriş olmadan planlı qeysəriyyə əməliyyatı artıq tibb mərkəzlərində həyata keçirilə bilməz”.
Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, Səhiyyə Nazirliyinin qərarçna əsasən kiçik özəl klinikalara tibbi göstəriş olmadan planlı qeysəriyyə əməliyyatı aparmaq artıq icazə verilməyəcək. Gələcəkdə isə öz əməliyyat otağı olmayan klinikalarda doğum şöbələrinin yaradılması da qadağan ediləcək.
Yeni qaydalar həmçinin pasiyent məlumatlarının rəqəmsal sənədləşdirilməsini nəzərdə tutur və tibb müəssisələrini müasir təhlükəsizlik və məlumat şəffaflığı standartlarına əməl etməyə məcbur edir. Müntəzəm yoxlamalar tibbi prosedurların elmi tövsiyələrə uyğun aparılmasını təmin etməlidir.
Türkiyədə qeysəriyyə hələ də geniş yayılıb
Mama-ginekologiya qaydalarını sərtləşdirən bu qərar artıq bir neçə müddətdir Türkiyədə kəskin müzakirələrə səbəb olub. Hökumətə yaxın dairələr rəsmi rəqəmlər göstərmədən qeysəriyyə əməliyyatlarının azaldığını iddia edirlər. Halbuki Türkiyədə qeysəriyyə göstəricisi Avropa və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrinin ortalamasından xeyli yüksəkdir. 2017-ci ildə bu göstərici üzrə ölkə lider olub. 2018-ci ildə OECD məlumatına görə 51,9%, 2022-ci ildə isə 57,2% təşkil edib.
Avropada, məsələn İsveç, Niderland və Fransa kimi ölkələrdə bu tendensiya daha zəifdir. Avropa praktikası belədir: qeysəriyyə yalnız tibbi zərurət olduqda edilir və qərar həkimlə hamilə qadın arasında dialoq nəticəsində verilir. Avropa İnsan Hüquqları Məhkəməsi də qadınların doğum formasını seçmə azadlığını qorumaq üçün ciddi standartların tətbiqini tələb edir.
“Ən azı üç uşaq” – təbii yanaşmadır?
Bir çox ölkələr qadınların bu sahədə daha geniş seçim hüququnu dəstəkləyərkən, Türkiyə əks istiqamətdə addım atır. Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi Ədalət və İnkişaf Partiyası (AKP) hökuməti yeni təşəbbüsləri ilə cəmiyyətdə ciddi reaksiyaya səbəb olub. Artıq 23 ildən çoxdur ki, AKP hökuməti “ailə dostu siyasət” adlandırılan xətti yürüdür ki, qadın hüquqları müdafiəçiləri bunu qadın əleyhinə siyasət kimi tənqid edirlər.
2008-ci ildə Ərdoğan qadınlara “ən azı üç uşaq dünyaya gətirin” çağırışı etmişdi və bu, hələ də davam edən müzakirələrə səbəb olub. Prezidentin məqsədi demoqrafik dəyişikliklərin və əhalinin qocalmasının qarşısını almaq idi. Lakin bu məqsədə nail olunmayıb. AKP 2002-ci ildə hakimiyyətə gəldikdən sonra Türkiyədə doğum göstəricisi qadın başına 2,4-dən 1,5-ə düşüb (Türkiyə Statistika İnstitutu).
Bu tendensiyanı dəyişmək üçün hökumət 2025-ci ili “Ailə İli” elan edib. Qurumların “təbii doğum” təşviqi kampaniyası da məhz bu çərçivədə qiymətləndirilir.
Tibbi baxımdan göstərilir ki, qeysəriyyəsiz doğumdan sonra qadınlar daha tez yenidən hamilə qala bilər. Qeysəriyyə əməliyyatından sonra isə yaranın sağalması üçün 12–18 ay gözləmək tövsiyə olunur. Təbii doğumda bu müddət 6–12 ay kimi göstərilir.
Qadın hüquqları təşkilatları bu məhdudiyyətləri sərt şəkildə tənqid edirlər. Onların fikrincə, bu debat qadın bədəninə nəzarət və günahlandırma üzərindən aparılır. “Dövlət qadınlara necə doğum edəcəyini diktə etməməlidir” – deyə Türkiyədəki Lila Dach qadın hüquqları təşkilatı bildirib.
Türkiyə Qadın Assosiasiyaları Federasiyasının (TKDF) rəhbəri Cənan Güllü isə bu qərarın konstitusiyaya və beynəlxalq hüquqa zidd olduğunu deyib. Onun sözlərinə görə, qadının doğum formasına müdaxilə onun bədən üzərində öz müqəddəratını təyin etmə hüququnun pozulmasıdır.
C.Güllü bildirib: “Məcburi analıq, məcburi doğum və qeysəriyyə qadağaları qadınların öz bədəni üzərində qərarvermə hüququnu ciddi şəkildə pozur. Biz bu hüququ müdafiə edəcəyik.”
Onun fikirləri qadın hüquqları hərəkatı və vətəndaş cəmiyyəti nümayəndələri arasında getdikcə artan tənqidi mövqelərdən biridir. Onların fikrincə, dövlət qadınları “uşaq doğma maşını” kimi görür.
Türkiyə müxalifətindən tənqid
Müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) da bu qərarla bağlı xəbərdarlıq edib. Partiyanın ailə və sosial siyasətlər üzrə sədr müavini Aylin Nazlıaka kənd bölgələrində yaşayan qadınlar üçün risklərdən danışıb.
Onun sözlərinə görə, kənd yerlərində tibbi mərkəzlər bəzən yeganə səhiyyə xidməti imkanıdır və qeysəriyyənin qadağan edilməsi anaların təhlükəsizliyi üçün ciddi geriləmə ola bilər.
A.Nazlıaka bildirib: “Doğum formasına qərarı qadın həkimi ilə birlikdə verir. Qadın bədəninə müdaxiləyə son!”

