Gecə işığına məruz qalma ürək-damar xəstəliyi riskini artırır
12.07.2025 17:56

Flinders Sağlamlıq və Tibb Tədqiqat İnstitutu və onların Böyük Britaniya və ABŞ-dakı beynəlxalq tərəfdaşları tərəfindən aparılan yeni araşdırma gecə saatlarında parlaq işığa məruzqalmanın insanın sirkadiyalı ritmlərini pozmaqla beş əsas ürək-damar xəstəliyinin inkişaf riskini müəyyən dərəcədə artırdığını göstərib.

 

Aztibb.az www.newscientist.com-a istinadla xəbər verir ki, tədqiqatçılar sirkadiyalı ritmlərin qan təzyiqi, ürək dərəcəsi, trombosit aktivləşməsi, hormon ifrazı və qlükoza mübadiləsi kimi həyati funksiyalara təsir etdiyini qeyd edirlər. Bu ritmlərin uzunmüddətli pozulması isə heyvan və insan modellərində miokard fibrozuna, hipertoniyaya, iltihaba və vegetativ disbalansa səbəb ola bilər. UK Biobank veriləri əsasında aparılan genişmiqyaslı perspektivli kohort araşdırması çərçivəsində 2013-2016-cı illərdə 88 min 905 iştirakçıya bir həftə ərzində bilək əsaslı işıq sensorları taxılıb. İştirakçıların orta yaşı 62,4 ± 7,8 il olub və 56,9 faizi qadınlardan ibarət olub. Araşdırma çərçivəsində gecə və gündüz işığına məruz qalma ilə 2022-ci ilin noyabrına qədər Milli Səhiyyə Xidməti tərəfindən qeydə alınan yeni koronar arteriya xəstəliyi, miokard infarktı, ürək çatışmazlığı, atrial fibrilasiya və insult diaqnozları arasında əlaqələr qiymətləndirilib. Məruzqalma səviyyəsi ilə xəstəlik riski arasında doza-cavab əlaqəsi müşahidə edilib. Gecə işığına yüksək dərəcədə məruz qalan (90-100-cü faizdə yerləşən) fərdlər, koronar arteriya xəstəliyi üçün 23-32 faiz, miokard infarktı üçün 42-47 faiz, ürək çatışmazlığı üçün 45-56 faiz, atrial fibrilasiya üçün 28-32 faiz və insult üçün 28-30 faiz daha yüksək risk daşıyırdılar. Əlaqələrin gücü həyat tərzi faktorları (fiziki aktivlik, siqaret, alkoqol istifadəsi, pəhriz, yuxu müddəti), sosial-iqtisadi status və genetik risklər kimi amillərə nəzarət edildikdən sonra da davam edib. Qadınlarda koronar arteriya xəstəliyi və ürək çatışmazlığı ilə daha güclü assosiasiyalar, daha gənc iştirakçılarda isə ürək çatışmazlığı və atrial fibrilasiya ilə daha güclü əlaqələr müşahidə olunub.

 

Tədqiqat müəllifləri qeyd edirlər ki, süni işığın səbəb olduğu sirkadiyalı ritm pozuntusu metabolik və damar sistemində pozğunluqlara səbəb olaraq ürək-damar xəstəlikləri üçün risk faktorlarını gücləndirə bilər. Bu proseslərə qlükoza tolerantlığının pozulması, endotel disfunksiyası, ateroskleroz, tromboembolik hadisələrin artması və miokard hipertrofiyası daxildir.

 

Müəlliflər, həmçinin qeyd edirlər ki, evlərdə, xəstəxanalarda və şəhər mühitində sirkadiyalı uyğunluğa əsaslanan işıqlandırma siyasətlərinin tətbiqi, yuxu saatlarında parlaq işığın məhdudlaşdırılması ilə birlikdə, mövcud ürək-damar profilaktikası strategiyalarına effektiv və praktik əlavə ola bilər.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır