Plastiklərdəki kimyəvi maddə ürək ölümü riski yaradır
13.07.2025 08:12

NYU Langone Health tədqiqatçılarının rəhbərliyi ilə aparılan yeni araşdırma plastik məmulatlarda geniş istifadə edilən di-2-etilheksil ftalat (DEHP) adlı kimyəvi maddənin qlobal miqyasda ciddi ictimai sağlamlıq problemi yaratdığını üzə çıxarıb. Tədqiqatın nəticələrinə əsasən, DEHP-yə məruz qalma 2018-ci ildə dünyada 356 min 238 nəfərin ürək-damar xəstəliklərindən ölümünə səbəb olmuş ola bilər. Bu, həmin il qlobal miqyasda ürəklə bağlı ölüm hallarının 13 faizdən çoxunu təşkil edir.

 

Aztibb.az “Science Daily” portalına istinadla xəbər verir ki, tədqiqatın əsas nəticələri Asiya və Yaxın Şərq regionlarında ölüm hallarının daha yüksək olduğunu göstərir. Xüsusilə, Hindistan 103 min 587 ölüm ilə ilk sırada yer alır; ardınca Çin və İndoneziya gəlir. Müəlliflərin qeyd etdiyi kimi bu bölgələrdə həm əhali sıxlığı, həm də plastik istehsalında məhdudiyyətlərin azlığı, DEHP-yə daha yüksək məruz qalma riskini artırır. Araşdırmada DEHP’nin immun sistemində xroniki iltihaba səbəb olduğu və bunun infarkt və insult riskini artırdığı qeyd edilir. Bu təsirlər DEHP-nin ürək-damar sistemində həddindən artıq immun cavabı stimullaşdırması ilə əlaqələndirilir.

 

Tədqiqatın aparıcı müəllifi, NYU Grossman Tibb Məktəbindən Sara Hyman, DEHP və digər ftalatların insan sağlamlığı üçün yaratdığı risklərə dair mövcud sübutların bu tədqiqatla daha da gücləndiyini vurğulayır. Onun sözlərinə görə, ftalatlar daha əvvəl piylənmə, şəkərli diabet, sonsuzluq və bəzi növ xərçənglər ilə də əlaqələndirilib. Əlavə olaraq, tədqiqatçılar DEHP ilə əlaqəli ürək-damar ölümlərinin iqtisadi yükünü də qiymətləndiriblər. Onların hesablamalarına görə, bu yük illik 510 milyard dollardan 3,74 trilyon dollara qədər arta bilər. Tədqiqatın baş müəllifi, NYU Grossman Tibb Məktəbinin pediatriya professoru və Ətraf Mühit Təhlükələrinin Tədqiqi Mərkəzinin direktoru Leonardo Trasande, bu nəticələrin ftalatlara qarşı qlobal səviyyədə tənzimləyici tədbirlərin təcili tətbiqinə ehtiyac olduğunu göstərdiyini bildirir. Tədqiqat üçün məlumatlar 200 ölkə və ərazidə aparılmış əhali sorğularının nəticələrindən və Sağlamlıq Metrikləri və Qiymətləndirmə İnstitutunun ölüm statistikalarından toplanıb. DEHP-yə məruz qalma səviyyələri sidik nümunələrində kimyəvi parçalanma məhsullarının analizləri ilə müəyyən olunub.

 

Bu araşdırma “The Lancet eBiomedicine” jurnalında dərc edilib və bu sahədə aparılmış ilk qlobal ölümlərin təxminini təqdim edir. Müəlliflər gələcəkdə DEHP təsirinin azaldılmasının ölüm nisbətlərinə uzunmüddətli təsirlərini və digər sağlamlıq nəticələrini izləməyi planlaşdırırlar.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır