Professor Məlahət Sultan: “Həkimin peşəkarlığı ən yeni müayinə üsulunu deyil, ən optimalını seçə bilməsidir”
08.04.2025 13:57

Müasir dövrdə tibbin bütün sahələrində radioloji görüntüləmə metodlarından istifadə edilir. Zaman keçdikcə, bu üsulların qlobal yenilənmələri də baş verir. Yaxın gələcəkdə radiologiyanın inkişaf tendensiyası, bu metodların diaqnostikada verəcəyi üstünlüklər barədə Azərbaycan Tibb Universitetinin elmi işlər üzrə prorektoru, Şüa diaqnostikası kafedrasının müdiri professor Məlahət Sultan ilə müsahibəni təqdim edirik.

 

- Məlahət xanım,  radioloji görüntüləmə metodlarının texniki bazasının inkişafı tibbin şüa diaqnostikası sahəsinə necə təsir edə bilər?

 

- Radioloji görüntüləmə üsulları ənənəvi rentgen müayinələrindən başlayaraq pozitron emission tomoqrafiyanın hibrid üsullarına qədər uzun bir yol keçməkdədir. Bu üsullar orqanizmin tamlığını pozmadan proses haqqında dəqiq informasiya almağa imkan verir.

 

Təkcə son 20 ildə radiologiyada əldə edilən nailiyyətlər bu sahənin magistral inkişaf yolunu göstərir və bu gün artıq xəstəliklərin molekulyar diaqnostikası göz önündədir. Nəzərə almaq lazımdır ki, bu müayinələr müxtəlif fiziki texniki proseslərə əsaslanaraq əksər hallarda bir birilərini tamamlayır və diaqnostik prosesin düzgün qurulmasına xidmət edir.

 

Radioloji görüntüləmə metodlarının texniki bazasının proqressiv inkişafı şüa diaqnostikası mütəxəssislərinin də rolunu dəyişir. Görüntüləmə üsulunun seçilməsi və xəstənin müayinəsinin optimal strategiyasının təyin olunması haqda məhz radioloqlar qərar verməlidir.  Bu gün geniş tətbiq edilən müayinə üsulları praktiki olaraq real identik anatomik görüntülər almaqla mükəmməl diaqnostik informasiya verir və təbii ki, bütün hallarda bu müayinələr “sadədən mürəkkəbə” istiqamətində tətbiq edilməlidir.

 

Radiologiyada optimallıq prinsipi əsasdır. Pasiyentin şikayətlərindən asılı olaraq ən informativ müayinə üsulunun seçilməsi radioloqun verməli olduğu  birinci düzgün qərar olmalıdır. Belə ki, hər bir müayinə üsulunun göstərişləri və əks göstərişləri mövcuddur. Həkimin peşəkarlığı bu müayinələrin ən yenisini deyil, konkret halda ən optimal olanını (vaxt, maliyyə və keyfiyyət baxımından) seçə bilməsidir. COVİD 19 pandemiyasındakı təcrübəmizdə bunu yaşadıq. Əksər hallarda pasiyentlərdə ciddi göstəriş olmadan  şüa yükünün kifayət qədər olduğu KT müayinəsi icra olundu.

 

- Radioloji görüntüləmə effektiv diaqnostika üsulu olmaqla yanaşı, həm də özündə şüalanma ilə bağlı müəyyən risklər daşıyır. Belə olan halda, xəstənin daha çox ziyan görməməsi üçün həkimlər müayinə metodları ilə bağlı qərarı necə verirlər?

 

- Bəli ,radioloji görüntülmənin bəzi üsullarında ionlaşdırıcı şüa mənbələrindən istifadə edilir və orqanizm üçün təhlükə yaranır.  Tarixə nəzər salsaq, radioaktivlik XIX əsrin sonlarında aşkar edilsə də, həmin dövrdə  insanlar radioaktiv şüaların zərərləri haqqında məlumata malik deyildilər. Radiasiyanın  kəskin təsirlərini ilk dəfə 1896-cı ildə Nikola Tesla  göstərdi. O, barmaqlarını məqsədyönlü şəkildə rentgen şüalarına məruz qoyaraq yanıqların yaranmasını müşahidə etdi, lakin bu təsirin ozon təsiri ilə baş verdiyini düşünmüşdü.  İonlaşdırıcı şüaların genetik təsirlər və xərçəng riskindəki rolu ilk dəfə 1927-ci ildə Herman Cozef Meller tərəfindən aşkar edildi. Lakin bu təsirlər aşkar edilənədək artıq korporasiyalar və müxtəlif həkimlər tərəfindən bir çox radioaktiv maddələr satılırdı. Buna  etiraz edən və radiasiya təsirlərinin olduğunu göstərən ilk alim Maria Küri idi. Hətta xanım Kürinin  özü radiasiyaya məruz qaldığına görə aplastik anemiya səbəbindən dünyasını dəyişmişdi.

 

Bu gün tətbiq edilən müayinələr sırasında rentgenoloji müayinələr, o cümlədən KT və nüvə görüntülənmə üsulları radiasiya riski (canlı orqanizm üçün təhlükəli hesab edilən) daşıyır. USM və MRT müayinə üsulları isə orqanizm üçün tamamilə zərəsiz hesab edilir. Bu təsirləri nəzərə alaraq, radioloji müayinələrdən keçərkən  mütləq həkim  radioloqun tövsiyələri nəzərə alınmalıdır.

 

Təəssüflə qeyd etmək lazımdır ki, əksər hallarda xəstəliklərin gec mərhələlərdə tanınması məhz optimal müayinə üsulunun düzgün seçilməməsi ilə əlaqəlidir.  Məsələn, 40 yaşdan yuxarı qadınların skrininq mammoqrafiya müayinəsindən keçməsi vacibdir. Bu zaman qadın  müayinədən deyil, süd vəzi xərçənginin vaxtında aşkar edilməməsindən qorxmalıdır. Daha cavan yaşlarda isə USM müayinəsi bu aspektdə lazımi informasiyanı verir. Cədvəldə daha çox tətbiq edilən müayinələrdə şüalanma dozaları və onların təbii şüalanma ilə müqayisəsi təqdim edilmişdir. Məsələn,  döş qəfəsinin KT müayinəsi aparıldıqda, pasiyent 2 illik, rentgen müayinəsi aparıldıqda 10 günlük təbii şüalanma dozası qədər şüaya məruz qalır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Kəllə sümüyü iliyi xroniki ağrıların səbəbi ola bilər - TƏDQİQAT
Hövsan Sağlamlıq Mərkəzinin baş həkimi təltif olunub
Eyni gündə 4 ağır cərrahi əməliyyat nəticəsində pasiyentin həyatı xilas edilib
ATU-da yeni qəbul olunan rezidentlərlə müqavilələr imzalanıb
Elmi-Tədqiqat Kardiologiya İnstitutunda tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində tədbirlər davam etdirilir
Anestezioloq-reanimatoloq Emil Muradov -
Mərkəzi Neftçilər Xəstəxanasında TAVİ əməliyyatları ötən ildən etibarən uğurla icra olunur
Səhiyyə Nazirliyi tərəfindən Laçında səyyar stomatoloji aksiya təşkil olunub
Şirvan Mərkəzi Xəstəxanasında hemofiliya ilə bağlı elmi-praktik seminar keçirilib
Yeni Klinikada işemik insult və TİA üzrə iki günlük CME proqramı keçirilib
Qidalanma mədəniyyəti - gələcək nəsillərin sağlamlığını sığortalayan ən dəyərli ictimai səhiyyə investisiyası
Professor Gülnaz Dadaşova Almaniyada beynəlxalq konqresdə çıxış edib
TƏBİB tabeliyində çalışan tibb işçilərinin əməkhaqları artırılır
AQTA-nın KOB evlərində xidmət göstərən əməkdaşları üçün təlim təşkil olunub
ATU tələbələri Ege Universitetində bir aylıq Yay Məktəbi proqramında iştirak ediblər