Vitaminlərlə bol üzümdə təhlükəli virus və fitoplazmalar öyrənilir
16.12.2023 13:58

Respublikamızda üzümçülük iqtisadiyyatın ənənəvi və aparıcı sahələrindən biri hesab edilir. Bu sahənin inkişafı nəticəsində əldə olunan yüksək iqtisadi gəlir insanların sosial-iqtisadi rifahının yaxşılaşdırılmasında rol oynayır. Üzümkimilər fəsiləsinə aid olan və qiymətli kənd təsərrüfatı bitkisi sayılan üzüm ölkəmizdə əsasən Cəlilabad, Samux, Tovuz, Şəmkir, Ağsu, İsmayıllı, Qəbələ və Şamaxı rayonlarında becərilir. Üzüm bitkisinin meyvəsi faydalıdır və asan mənimsənilən A, B, B1, B2, C vitaminləri, mineral maddələr və üzvi birləşmələrlə zəngindir. Həmçinin üzümün şirəsində bir sıra müalicəvi əhəmiyyətli maddələrin olduğu müəyyən edilib. Bunlardan şəkəri (qlükoza, fruktoza, saxaroza), karotini, boyayıcı və pektin maddələrini və digərlərini göstərmək olar.


Aztibb.az-a AQTA-dan verilən məlumata görə, statistik hesablamalara əsasən, dünyada üzümçülük təsərrüfatları virus və fitoplazma xəstəliklərinə görə hər il 10-15 % məhsul itirir. Buna görə də, üzüm bitkisində müxtəlif, o cümlədən karantin əhəmiyyətli zərərli orqanizmlərin, xəstəliklərin, xüsusilə də virus və fitoplazmaların öyrənilməsi və kompleks mübarizə tədbirləri sisteminin tətbiq edilməsi ölkəmizdə üzümçülük və şərabçılığın inkişafı üçün əsas prioritet istiqamətlərdən biri kimi müəyyən olunub.

Filloksera və ya üzüm mənənəsi (Viteus vitifoliae) üzüm bağlarının ən təhlükəli zərərvericisi hesab edilir. Azərbaycanda filloksera ilk dəfə 1925-ci ildə qeydə alınıb. Zərərverici hazırda Qazax, Tovuz, Şəmkir, Şamaxı, Ağdam, Şəki, Balakən, Qax və digər rayonlarda yayılıb. Az miqdarda gil hissəcikləri olan xırda dənəvər qumsallıqda filloksera inkişaf etmir. Abşeron üzümlüklərində zərərvericinin olmaması bununla izah edilir.


Üzüm bitkisinin karantin əhəmiyyətli zərərli orqanizmlərindən biri pirs xəstəliyi və ya üzümün bakteriozu (Xylella fastidiosa) adlandırılan xəstəlikdir. Bu, üzüm bitkisinin ən təhlükəli bakterial xəstəliyidir. Geniş miqyasda mədəni və yabanı sahib bitkilərin ksilemini yoluxduran bu polifaq bakteriyanın inkişafı üçün optimal temperatur 26-28° C-dir. Xəstəlik meyvələrin büzüşməsi və məhsuldarlığın kəskin aşağı düşməsinə səbəb olur. Həssas növlərdə məhsul itkisi özünü daha çox göstərir. Yoluxmuş ağaclar qırılmağa meyilli olur və onlarda uclardan başlayaraq məhvolma prosesi müşahidə edilir.


Üzüm bitkisinin karantin əhəmiyyətli sarı damar mozaik virusu xəstəliyinə pomidorun həlqəvi ləkəlilik virusu və ya tütünün həlqəvi ləkəlilik virusu səbəb olur. Bu viruslar Xiphinema spp. nematodları, eləcə də toxum, əkin və çoxaltma materialları vasitəsilə daşınır. Yoluxma zamanı yarpağın damarları boyu sarı xətlər və rəngli nöqtələrin meydana gəlməsi müşahidə edilir. Salxımda gilələrin sıxlığı azalır və üzüm gilələri qeyri-bərabər yetişir.


Üzümçülük təsərrüfatlarına ziyan vuran və karantin əhəmiyyətli xəstəliklər yaradan fitoplazmalar hüceyrə divarları olmayan mikroskopik prokariot orqanizmlərdir. Üzüm bitkisinin fitoplazma xəstəlikləri ümumi şəkildə üzümün sarılığı adlanır.


Ümumiyyətlə aparılan araşdırmalara əsasən, təyinat istiqamətindən asılı olaraq, süfrə və texniki üzüm sortlarının ayrı massivlərdə yerləşdirilməsi, sahələrin gen cərgəli və hündür ştamplı formaya salınması üzüm kollarının xəstəlik və zərərvericilərə sirayətlənmə riskini azaltmaqla yanaşı, bitkinin optimal barvermə yükünü də balanslaşdıraraq bol və keyfiyyətli məhsulun əldə olunmasına imkan yaradır.

 

Bundan əlavə, üzüm bitkisinin vegetativ və generativ orqanlarının bir qisminin kəsilməsi ilə tənəyə verilən forma məhsulvermə ilə böyümə arasındakı asılılığı nizamlayır, torpağa qulluq, eləcə də xəstəlik və zərərvericilərə qarşı mübarizə işlərini asanlaşdırır.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Mərkəzi Klinika vakansiya elan edir
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
Laçında tibbi aksiya: 100-ə yaxın vətəndaş tibbi müayinələrdən keçib
Tədris Cərrahiyyə Klinikasında 11 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra olunub
Uşaq sağlamlığı dövlətin gələcəyinə sərmayədir
Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin nümayəndə heyəti Fəxri Xiyabanı ziyarət edib
ADHTİ-nin Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasında ölkəmizdə ilk dəfə olaraq unikal əməliyyat icra olunub
Ağır vəziyyətdə Elmi-Tədqiqat Pediatriya İnstitutuna gətirilən 3 günlük körpə sağlamlığına qovuşub
Binəqədidə Tibb İşçilərinin Peşə Bayramı Günü qeyd olunub