Azərbaycan IX Türk Tibb Dünyası Qurultayında təmsil olunub
20.10.2023 14:02

Azərbaycan Respublikasının səhiyyə naziri İstanbulda keçirilən IX Türk Tibb Dünyası Qurultayında çıxış edib.

İstanbul şəhərində Türkiyə Respublikası Prezidentinin himayəçiliyi ilə “Türkiyə Yüzilliyi” çərçivəsində IX Türk Tibb Dünyası Qurultayı öz işinə başlayıb. Qurultayda türk dövlətləri ilə yanaşı, müxtəlif qitələrdən olan rəsmi nümayəndə heyətləri və səhiyyə sahəsində tanınmış elm adamları iştirak ediblər. Tədbirin məqsədi müasir dövrdə səhiyyə sahəsində baş verən yeniliklər, mütərəqqi yanaşmalar, innovativ texnoloji həllər, xüsusilə də süni intellektin tətbiqi barədə fikir və təcrübə mübadiləsinin aparılmasıdır.


Səhiyyə Nazirliyindən Aztibb.az-a verilən məlumata görə, Qurultayın açılış mərasimində Türkiyə Respublikası Prezidenti Rəcəb Tayyib Ərdoğanın tədbir iştirakçılarına videomüraciəti təqdim olunub. Türkiyə Prezidenti Qurultay iştirakçılarını salamlayaraq, bu ilki tədbirin türk dövlətlərinin səhiyyə sisteminin müasir əsaslarla inkişafında geniş imkanlar yaradacağına əmin olduğunu bildirib və tədbirin işinə uğurlar arzulayıb.

Qurultayda çıxış edən Türkiyənin Sağlamlıq İnstitutları Başkanlığının sədri, prof. Erhan Akdoğan ilk olaraq Türkiyə Respublikasının yaranmasının 100 illiyi münasibəti ilə təbriklərini çatdırıb. O, Türk Tibb Dünyası Qurultayının tibb elminin inkişafı, nailiyyətlər, ixtiralar, yeni müalicə üsullarının tətbiqi sahəsində fikir mübadiləsinin aparılması, eləcə də teoretik və praktiki təcrübələrin bölüşməsi baxımından geniş imkanlar yaratdığını bildirib.


Azərbaycan nümayəndə heyətini və tədbir iştirakçılarını salamlayan Türkiyənin səhiyyə naziri Fahrettin Koca isə öz çıxışında IX Türk Tibb Dünyası Qurultayının ölkə başçısının himayəsi altında önəmli bir tarixdə, Türkiyə Cümhuriyyətinin qurulmasının 100 illiyi çərçivəsində keçirildiyini vurğulayıb. Nazir qurultayın bu ilki mövzusunun “Səhiyyədə süni intellekt” olduğunu bildirib.

 

Fahrettin Koca qeyd edib ki, tibdə əldə edilən son nailiyyətlər, yeni texnoloji həllər, rəqəmsallaşma, innovasiyalar sahəsində aparılacaq müzakirə və təcrübə mübadilələri gələcək fəaliyyət prinsiplərinə, eyni zamanda əməkdaşlıq prioritetlərinə önəmli töhfə verəcək. Nazir, həmçinin IX Türk Tibb Dünyası Qurultayının səhiyyə sahəsindəki çoxşaxəli istiqamətdə əlaqələrin daha da inkişafı, bilik və təcrübələrin qarşılıqlı olaraq bölüşməsi üçün əvəzsiz fürsət yaradacağını vurğulayıb.


Daha sonra çıxış edən Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Türkiyə Cümhuriyyətinin 100-cü ildönümü münasibəti ilə nazirlik adından bütün Türk qardaşlarımızı təbrik edib: “Bu il tək millət, 2 dövlət anlayışı ilə acımızın, sevincimizin bir olduğu Türkiyə Cümhuriyyətinin 100-cü ildönümüdür. Əminəm ki, Türkiyə-Azərbaycan qardaşlığı neçə yüzilliklərə daha da güclənərək bərabər çatacaqdır. 2023-cü il həm də Azərbaycan Respublikası üçün əlamətdar ildir. İki ölkə arasındakı qardaşlıq bağlarının möhkəmlənməsində tarixi və misilsiz xidmətləri olan dahi siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyidir”.


IX Türk Tibb Dünyası Qurultayının əhəmiyyətindən danışan Teymur Musayev bildirib ki, müxtəlif ölkələrin səhiyyə nazirlərinin və elm adamlarının iştirakı ilə yaradılan bu platforma nəinki Türk Dövlətləri Təşkilatında təmsil olunan ölkələrin tibb mütəxəssisləri ilə, eyni zamanda digər ölkələrdə fəaliyyət göstərən türksoylu peşəkarlarla əlaqələr qurmaq, onların təcrübələri ilə tanış olmaq və gələcək əməkdaşlıq imkanlarını müəyyən etmək üçün möhkəm əsaslar yaradıb. Bu strateji və gələcəyə yönəlmiş addımların nəticəsidir ki, bugünkü tədbirdə müxtəlif qitələrdən olan nümayəndə heyətləri iştirak edir və qurultay biliklərin mübadiləsi üzrə beynəlxalq platformaya çevrilib.

"Bu il İlham Əliyevin birinci müddətə prezident seçilməsindən 20 il ötür", -deyə bildirən nazir Prezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycanın keçdiyi misilsiz inkişaf yolunun bəzi məqamlarına nəzər salıb. Bildirib ki, İlham Əliyevin rəhbərliyi ilə ötən 20 il Azərbaycan xalqının taleyində tamamilə yeni inkişaf mərhələsinin başlanğıcı olub,  Azərbaycanın ərazi bütövlüyümüz və suverenliyimiz tam təmin edilib.

 

Teymur Musayev müasir səhiyyə sistemlərinin dinamik inkişafını təmin edən əsas amilin səhiyyənin rəqəmsallaşması olduğunu, texnoloji inkişaf və tibbi biliklərin kəşfi nəticəsində hazırda qlobal səhiyyə sektorunun transformasiya dövrünü yaşadığını da qeyd edib. “Hazırda səhiyyədə müxtəlif proseslərdə effektivliyi artırmaq üçün süni intellektdən istifadə olunur. Qurultayın süni intellekt sahəsində müxtəlif mövzulara toxunacağına və Türkiyə Respublikasının bu sahədəki təcrübəsinin iştirakçılarda böyük maraq yaradacağına inanıram”, – deyə nazir fikrini tamamlayıb.

 

IX Türk Tibb Dünyası Qurultayı çərçivəsində, həmçinin Azərbaycan və Türkiyə səhiyyə nazirləri arasında ikitərəfli görüş də keçirilib. Tərəflər Azərbaycan ilə Türkiyə arasında qardaşlıq münasibətləri, səhiyyə sahəsində əməkdaşlıq, birgə layihələr ətrafında səmərəli fikir mübadiləsi aparıblar. Qeyd edilib ki, qurultayın bu ilki mövzusu olan səhiyyə sahəsində süni intellektin tətbiqi ilə bağlı fikir və təcrübə mübadiləsinin aparılması müasir texnoloji inkişaf və tibbi biliklərin kəşfinə, rəqəmsal həllərin tətbiqinə geniş imkanlar yaradacaq.


Tədbir çərçivəsində Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayevə “Əziz Sancar elm, xidmət və təşviq” mükafatı təqdim olunub.

Oktyabrın 22-ə yekunlaşacaq qurultay panel sessiyalarda müxtəlif mövzular ətrafında müzakirələr və təqdimatlarla davam edəcək.

ÇOX OXUNANLAR
 Quba Regional Perinatal Mərkəzinin komandası 28-ci həftəsində doğulan körpənin həyatını xilas edib   
Hidrogen xərçəng də daxil olmaqla geniş spektrli xəstəlikləri müalicə edə bilər
Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının kardioloqu - İlqar Quliyev
Hepatoloq Tofiq Əkbərov Türkiyədə XV Beynəlxalq Hepatoloji Konqresdə iştirak edib  
Endokrinoloq mühüm elementi olan “xərçəng əleyhinə” menyu təqdim edib
Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini onkoloji xəstəlikdən vəfat edib
Həyat yoldaşına böyrəyini bağışladı
Rəşad Mahmudov Lənkəranda Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş elmi seminarda çıxış edib
 Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılır - Fərman
Sumqayıtda tədbir: “Azərbaycan səhiyyəsinin inkişafı Heydər Əliyevin adı ilə bağlıdır” 
 Doğuş prosesini təcili tibbi yardım avtomobilində idarə edən tibb işçiləri təltif olunublar   
Estetik cərrahiyyə və kosmetoloji sahədə qanun pozuntularına yol verən 9 klinika rəhbərliyi məsuliyyətə cəlb olunub
Ordubad Rayon Uşaq Xəstəxanasında məktəb şagirdləri üçün tibbi aksiya təşkil olunub