Azərbaycanda biologiya və aqrar elmlərin inkişafında Ulu Öndər Heydər Əliyev epoxası - MƏQALƏ
16.05.2023 11:35

Dünya tarixindən məlumdur ki, hər hansı dövlətin qurulması, təşəkkülü və müstəqilliyinin təmin edilməsi, mövcud olduğu siyasi və iqtisadi coğrafiyada tutduğu mövqe, qazandığı uğurlar müdrik və qətiyyətli, fədakar və uzaqgörən, elmi fəaliyyətə dəyər verən siyasi, hərbi və mənəvi liderlik qabiliyyətlərinin birləşdiyi şəxsiyyətlər sayəsində mümkün ola bilir. Məhz bu cür lider-şəxsiyyətlər haqq yolunu taparaq düzgün qərarlar verib öz xalqlarını arxalarınca aparır, tarixin səhifələrini yenidən "yazır", müəyyən zaman kəsiklərində dövlətlərin taleyinə və inkişafına ciddi təsir edən hadisələrin mərkəzində dayanır, bəzən tarixi gedişatı belə dəyişəcək qədər qüdrət və gücə malik olurlar. Tarixlərinin müəyyən dönəmlərində belə liderləri olmayan xalqlar irili-xırdalı faciələrlə üzləşir, tari-mar olur, başqalarından asılı hala düşürlər.

 

XX əsrin ikinci yarısında və XXI əsrdə sadalanan bu xüsusiyyətləri özündə birləşdirmiş Ümummilli Liderə - Ulu Öndər Heydər Əliyev kimi millət atasına və onun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kimi görkəmli dövlət xadiminə malik olan xalqımız çox xoşbəxtdir və bu faktlar özü də millətimizin böyüklüyünün və sarsılmaz gücünün bariz göstəricisidir.

 

Azərbaycan Respublikası müstəqilliyin bərpası və yeni ictimai-siyasi formasiyaya keçid dövrünün bütün çətinliklərinə, problem və təhdidlərinə qalib gələrək intensiv inkişaf yoluna çıxmışdırsa, dövlətin və xalqın təhlükəsizliyini təmin edə biləcək qüdrətə çatmışdırsa, Vətən müharibəsində böyük Zəfərin əldə edilməsinə nail olmuşdursa, bütün bunlar Heydər Əliyevin şəxsiyyəti, rəhbərlik qüdrəti, sarsılmaz iradəsi, əsasları məhz onun tərəfindən 53 il bundan öncə ölkəyə rəhbərlik etməyə başlayarkən qoyulmuş böyük siyasi, iqtisadi, mədəni, dövlətçilik strategiyası, düşünülmüş elm və təhsil siyasəti sayəsində gerçəkləşmişdir.

 

Xatırlatmaq yerinə düşər ki, Ulu Öndərin respublikaya birinci rəhbərliyi ərəfəsində - 1960-cı illərin sonlarında Azərbaycan iqtisadiyyatı dərin böhran mərhələsini yaşayırdı. Bir çox sahələrdə - milli gəlirin inkişaf templərinə, sənaye və kənd təsərrüfatı istehsalının həcminə, elmi-texniki tərəqqi nailiyyətlərinin istehsala tətbiqinə, ictimai əməyin məhsuldarlığına görə ümumittifaq göstəricilərindən geridə qalırdı. Neft sənayesi, energetika, qara metallurgiya, kimya və neft kimyası üzrə sənaye sahələrində, kənd təsərrüfatında texniki-iqtisadi göstəricilər çox aşağı idi. Ölkədə bir sıra sənaye sahələri praktiki olaraq yox səviyyəsindəydi. Azərbaycan üçün ənənəvi sayılan taxıl, pambıq, tərəvəz, üzüm, çay və digər bitkilərin, heyvandarlıq sahələrinin məhsuldarlığı aşağı idi. İqtisadiyyatın inkişafı üçün prinsip etibarı ilə yeni konseptual proqramın işlənib hazırlanması, xalq təsərrüfatında köklü struktur dəyişikliklərinin həyata keçirilməsi, təsərrüfatçılıq işində yeni metodların, innovativ həllərin tapılması və tətbiq edilməsi və digər təxirəsalınmaz vəzifələr qarşıda dururdu. Bu çətin və mürəkkəb işlərin həyata keçirilməsində vətənpərvər və xalqsevər, dərin biliyə malik liderə, güclü və bacarıqlı təşkilatçıya, cəsarətli olduğu qədər də müdrik olan bir rəhbərə dərin ehtiyac duyulurdu.

 

Məhz belə bir zamanda xalqımızın və milli dövlətçiliyimizin tarixində böyük bir dönüş nöqtəsi olan hadisə baş verdi. Azərbaycanda Heydər Əliyev epoxasına start verildi, ölkənin iqtisadiyyatında, mədəniyyətində, dövlət quruculuğunda, ictimai-hüquq sistemində, elm və təhsilində yeni, möhtəşəm bir dövrün başlanğıcı qoyuldu.

 

Ulu Öndərin şəxsiyyətinin dahiliyi haqqında nə qədər çox yazılsa, nə qədər çox deyilsə də, onun Azərbaycan tarixindəki, bütün sahələrdə, o cümlədən elmimizin və təhsilimizin inkişafındakı müstəsna rolunu tam təsəvvür etmək, bəlkə də, mümkün deyildir. Heydər Əliyev Azərbaycan elminin böyük hamisi idi.

 

Ümummilli Lider ölkəyə rəhbərlik etməyə başlayarkən öz fəaliyyətinə ölkə və cəmiyyət həyatının bütün sahələrində problemləri analiz etməkdən başlamışdı. Böyük rəhbər ilk növbədə elmi ictimaiyyətlə məsləhətləşmələr aparmış, böyük təbiətşünas alim akademik Həsən Əliyevin "Həyəcan təbili" əsərində qaldırdığı problemləri ciddi təhlil etmiş, bu problemlərin həllinə, o cümlədən bütün ölkə üzrə ekoloji vəziyyətin yaxşılaşdırılmasına, ətraf mühitin mühafizəsinə, təbii ehtiyatlardan səmərəli istifadə məsələlərinə, ərzaq təhlükəsizliyinin təmin olunmasına böyük diqqət yetirmişdir. Azərbaycanın təbii sərvətlərinin tədqiqini və mühafizəsini, elmi nailiyyətlərin əldə olunması və onların insanın həyat keyfiyyətinin yüksəldilməsinə tətbiqinə nail olunmasını özünün dövlətçilik fəaliyyəti üçün başlıca məqsədlər kimi müəyyənləşdirmişdi.

 

Məhz 1970-ci illərin əvvəllərindən başlayaraq Ulu Öndərin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində ölkənin antropogen amillərin təsirindən ziyan görən yaşıl örtüyünün və heyvanlar aləminin bərpası, yeni-yeni yaşıl massivlərin, meşə zolaqlarının salınması kütləvi xarakter almış, prosesə dövlət resursları və əhali kütləsi geniş şəkildə cəlb olunmuşdu.

 

1969-1982-ci illərdə Azərbaycana rəhbərlik edən Heydər Əliyev tərəfindən ekologiya, ətraf mühitin mühafizəsi və təbii resurslardan səmərəli istifadəyə dair çox mühum 8 qanun, Azərbaycan KP MK-nin, Nazirlər Sovetinin 32 qərarı qəbul olunmuşdur.

 

Ümummilli Lider Azərbaycan SSR KP MK-nin 1969-cu ilin avqust ayında keçirilmiş məşhur plenumunda özünün uzunmüddətli inkişafa hesablanmış iqtisadi və idarəçilik proqramını elan edərkən respublikanın xalq təsərrüfatında elmin rolunun artırılmasını, həm fundamental, həm də tətbiqi elm sahələrinin, milli təhsil sisteminin inkişaf etdirilməsini, elm və təhsil adamlarına diqqət və qayğı göstərilməsini  fəaliyyətinin başlıca istiqamətləri kimi göstərmiş, bütün sonrakı həyatını bu ideallara xidmət etməyə sərf etmişdir.

 

Xarakterikdir ki, son 100 ildə böyük bir inkişaf yolu keçmiş Azərbaycan elmi və milli təhsil sistemi 1960-cı illərin sonlarından yüksək səviyyədə inkişaf etməyə başlayaraq 70-ci illərin sonu 80-ci illərin əvvəllərində intibah dövrünü yaşamışdır. Məhz Heydər Əliyevin məqsədyönlü siyasəti və planlı fəaliyyəti sayəsində 1970-ci illərdə ölkədə elmin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, Azərbaycan elmi kifayət qədər geniş dairədə tanıdılmış, elmi tədqiqatların istiqamətləri dünyada gedən tendensiyalara və ölkənin konkret tələbatlarına uyğun şəkildə genişləndirilmış və ən vacib problemlərin həllinə yönəldilmiş və səviyyəsi xeyli yüksəldilmiş, elm və təhsil müəssisələrində çalışan hər kəs böyük qayğı və diqqətlə əhatə edilmişdi.

 

Bütün bunlar sayəsində Heydər Əliyev Azərbaycanı keçmiş SSRİ-nin ən sanballı elm və təhsil mərkəzlərindən birinə çevirməyi bacarmışdı. Bir neçə fakta diqqət çəkək. 1970-ci illərdə sovet Azərbaycanında orta ümumtəhsil məktəbləri şəbəkəsi təqribən  3 dəfə genişləndirilərək 765-dən 2117-yə çatdırılmışdı. 1969-cu ildə Azərbaycanda 89 elmi-tədqiqat institutu, 12850 elmi işçi, o cümlədən 55 akademik və müxbir üzv, 329 elmlər doktoru və 3000 elmlər namizədi var idisə, 1980-ci illərin əvvəllərində 123 elmi müəssisə və 17 ali məktəbdə 22 min elmi əməkdaş, o cümlədən Azərbaycan SSR EA-nın 56 həqiqi və 71 müxbir üzvü, 900-ə qədər elmlər doktoru və 8 minə qədər elmlər namizədi çalışırdı.

 

Ulu Öndərin hər zaman Elmlər Akademiyasına, onun elmi heyətinə xüsusi həssaslıqla yanaşması məlum həqiqətdir. Ümummilli Liderin respublikaya rəhbərlik etdiyi və SSRİ rəhbərliyində təmsil olunduğu illərdə Azərbaycan EA "Xalqlar dostluğu" ordeni (1995) ilə təltif olunmuş, onun əməkdaşları beynəlxalq yarmarkalarda, xalq təsərrüfatı sərgilərində qızıl medallara, dövlət və hökumət təltiflərinə, o cümlədən 5 Lenin, 14 SSRİ Dövlət, onlarca Respublika Dövlət mükafatına layiq görülmüş, bir neçə alim Sosialist Əməyi Qəhrəmanı adını almışdı.

 

1970-ci ildən 1980-ci illərin əvvəllərinə kimi EA-da aparılmış tədqiqatların nəticələrinin, ümumiyyətlə, 850-yə yaxın işin istehsalata tətbiqi sayəsində 570 milyon manatdan çox iqtisadi səmərə əldə edilmiş, 1000-dən çox patent və müəlliflik şəhadətnaməsi alınmışdı.

 

Heydər Əliyevin gələcəyə hesablanmış siyasi kursunun mühüm tərkib hissələrindən, o cümlədən Azərbaycan elmi qarşısında mühüm xidmətlərindən biri də müxtəlif elmlər, o cümlədən biologiya və aqrar elmlərin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim və mütəxəssis kadrların hazırlığı ilə bağlı məsələyə ciddi diqqət yetirməsi olmuşdur.

 

Ulu Öndərin respublikaya rəhbərliyi dövründə kadr hazırlığında yerli təhsil institutlarının rolu və imkanları xeyli genişləndirilmiş, müvafiq institutların statusunda dəyişikliklər edilmişdir. Müdrik liderin Azərbaycan SSR-yə rəhbərlik etdiyi illərdə 5 yeni ali təhsil müəssisəsi, onlarca kafedra, problem laboratoriyaları, yüzlərlə yeni ixtisas açılmış, ali təhsilli şəxslərin sayı 70 mindən 100 minə qədər artmışdı. 1982-ci ildə 21 ali təhsil müəssisəsində 136 fakültə və 530 kafedra fəaliyyət göstərirdi.

 

Heydər Əliyevin biologiya və aqrar elmlərin ən müasir və perspektiv sahələrində yüksəkixtisaslı alim kadrların hazırlığı ilə bağlı məqsədyönlü siyasətinin həyata keçirilməsində, Ulu Öndərin dəstəyi ilə Azərbaycanda biologiya elminin inkişafında görkəmli alim və ictimai-siyasi xadim akademik Cəlal Əliyevin xidmətlərini mütləq qeyd etmək lazımdır. Onun elmi uzaqgörənliyi sayəsində Azərbaycanda biokimya, molekulyar biologiya, molekulyar genetika, gen və hüceyrə biotexnologiyaları, gen mühəndisliyi, riyazi biologiya, bioinformatika, kompüter biologiyası və sair kimi mühüm elmi istiqamətlərin təşəkkülü və inkişafı, müxtəlif elm sahələri (kimya, fizika, riyaziyyat və s.) üzrə savadlı mütəxəssislərin biologiya və aqrar elmlər üzrə tədqiqatlara cəlb olunması, kadrların hazırlanmasında keçmiş ittifaqın və uzaq xaricin tanınmış elm və təhsil mərkəzlərindən istifadə edilməsi öz bəhrəsini vermişdir.

 

Alim 1971-ci ildə Azərbaycan SSR EA Botanika İnstitutunda elmi-tədqiqat qrupu yaratmış, 1974-cü ildə bu qrup Fiziki-Kimyəvi Biologiya sektorunun nəzdində Bioenergetikanın molekulyar əsasları laboratoriyasına çevrilmişdir. 1983-cü ildə həmin laboratoriyanın bazasında Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları laboratoriyası yaradılmış, 1988-ci ilin sonunda laboratoriya şöbəyə çevrilmişdir. Burada aparılan kompleks tədqiqat işləri kənd təsərrüfatı bitkilərinin potensial məhsuldarlığının reallaşdırılmasının fizioloji-genetik əsaslarının öyrənilməsinə yönəldilmiş, dünya səviyyəsində ciddi şəkildə qəbul edilən nəticələrə nail olunmuşdur.

 

1970-1980-ci illərdə SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış onlarca gənc mütəxəssis müstəqillik illərində Cəlal Əliyev tərəfindən yenidən uzaq və yaxın xaricə təhsil və biliklərinin artırılması məqsədilə göndərilmiş, geri dönən alimlər onun şöbəsinin özəyini təşkil etmişdilər. Bu kadr potensialının səyləri, dəfələrlə aparılan islahatların və modernləşdirmənin nəticəsi olaraq sonralar qeyd edilən şöbənin bazasında Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun yaradılması haqqında müvafiq qərar qəbul edilmiş, institut 2016-cı ildən müstəqil fəaliyyətə başlamışdır. Yeni elmi-tədqiqat müəssisəsinin ərsəyə gəlməsi prosesinə unikal nümunə olan bu institut Ulu Öndərin və cənab Prezidentin diqqət və qayğısı sayəsində bugünkü inkişaf səviyyəsinə çatmışdır.

 

Molekulyar biologiya sahəsində görkəmli alim, bir çox nüfuzlu mükafatların sahibi, tanınmış akademiya və cəmiyyətlərin üzvü akademik Andrey Daryeviç Mirzəbəyov uzun illər akademik Cəlal Əliyevin rəhbərlik etdiyi Məhsuldarlıq proseslərinin molekulyar-genetik əsasları şöbəsi ilə birgə tədqiqatlar aparmış, şöbənin gənc alimlərinin SSRİ EA və Rusiya EA Molekulyar Biologiya İnstitutunda uzun və qısamüddətli ezamiyyətlərdə olması, təkmilləşdirmə kursları keçməsi, Botanika İnstitutunun bəzi reaktiv və avadanlıqlarla təchiz olunması məsələlərində kömək göstərmişdir. A.D.Mirzəbəyov 2002-ci ildə AMEA-nın fəxri üzvü seçilmişdir.

 

Təbiətin Azərbaycana verdiyi unikal imkanlardan və potensialdan yalnız 1970-ci illərin əvvəllərindən, yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı dövrdən etibarən daha geniş və səmərəli istifadə olunmağa başlanmış, canlı təbii ehtiyatların mühafizəsi və bərpası məsələləri ön plana çıxarılmışdır. Qarşıya qoyulan məqsədlərə nail olmaq üçün inkişafına ilk növbədə ehtiyac duyulan elm sahələri sırasında ekologiya, botanika və zoologiya elmlərini qeyd etmək lazımdır. O illərdə elmə ayrılan resursların artırılması, yeni imkanların yaradılması, kadrların düzgün yerləşdirilməsi sayəsində Azərbaycan SSR EA-nın Botanika və Zoologiya institutlarında bütün keçmiş ittifaq üçün əhəmiyyətli sayılan nailiyyətlər qazanılmışdır.

 

Bu institutların alimləri Ulu Öndərin çağırışlarına və göstərişlərinə səs verərək nadir və itmək təhlükəsində olan fauna və flora növlərinin, torpaq və su resurslarının, milli sərvətimiz olan təbiət incilərinin öyrənilməsi, bərpası, qorunub saxlanılması, ətraf mühitin mühafizəsi ilə bağlı konseptual ideyalar, dərin elmi mühakimələr irəli sürmüşdülər.

 

Burada Azərbaycanın botanik və zooloq alimlərinin çoxillik gərgin əməyinin nəticəsi olan qürurverici bir faktı da qeyd etmək yerinə düşərdi. Nadir və nəsli kəsilməkdə olan flora və fauna növləri, habelə onların mühafizəsi və bərpası üçün zəruri tədbirlər haqqında illüstrasiyalı elmi-tədqiqat məlumatlarını özündə əks etdirməklə mühüm istiqamətverici sənəd olan Azərbaycan Respublikasının "Qırmızı Kitab"ının bu günlərdə nəfis tərtibatda çapdan çıxmış 3-cü nəşri ölkəmizin təbiətinin və bioloji müxtəlifliyinin mühafizəsində əvəzsiz xidmətləri olmuş Ulu Öndərin 100 illik yubileyinə həsr edilmişdir.

 

Dəyərli ənənələri olan Azərbaycan fiziologiya elminin əsas dirçəliş və çiçəklənmə dövrü də 1970-1980-ci illərə təsadüf etmişdir. Akademik Abdulla Qarayevin təşəbbüsü və təşkilatçılığı ilə 1968-ci ildə yaradılmış Fiziologiya İnstitutu məhz 1970-ci illərdə keçmiş SSRİ-nin fiziologiya sahəsində aparıcı institutlarından birinə çevrilmişdi. O illərdə beyin üzrə tədqiqatlara görə SSRİ EA Biologiya Bölməsinin hesabatlarında Azərbaycan Fiziologiya İnstitutunun adı ilk sıralarda çəkilirdi. 1979-cu ildə Azərbaycan EA Rəyasət Heyətinin və Səhiyyə Nazirliyinin birgə qərarı əsasında Görmənin fiziologiyası laboratoriyasının yaradılması ilə institutun elmi fəaliyyətində biotibb yönümlü yeni səhifə açılmışdı. Bu günlərdə 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilən görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın rəhbərlik etdiyi laboratoriyada görmə orqanının peşə patologiyaları üzrə aparılan tədqiqatlar peşə göz xəstəliklərinin müalicəsinin yeni metodlarının kəşfi ilə nəticələnmişdi. Görmə orqanının peşə patologiyası sahəsində aparılan elmi araşdırmalara görə akademik Zərifə Əliyeva SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatına layiq görülmüşdü.

 

Fiziologiya sahəsində ümumittifaq konfrans və iclasların, eləcə də beynəlxalq simpoziumların Azərbaycanda keçirilməsinə qərar verilməsi də Ulu Öndərin Azərbaycan elminin tanıdılmasına diqqətinin göstəricisi sayıla bilər. Bu cür mühüm tədbirlər arasında Kortiko-visseral fiziologiya üzrə 9-cu ümumittifaq konfransı (1971), 16-cı beynəlxalq fiziologiya konqresi çərçivəsində "Emosiya və visseral funksiyalar" satellit simpoziumu (1972), Laktasiya fiziologiyası və biokimyası üzrə ümumittifaq simpoziumları (1974-1996), "Selen biologiyada" ümumittifaq konfransları (1974, 1976, 1977), "Baş-beynin adaptiv funksiyaları" mövzusunda ümumittifaq simpoziumu (1980), "Axtarış fəaliyyəti, motivasiya və yuxu" beynəlxalq simpoziumunu (1981) xüsusi qeyd etmək olar.

 

Ölkədə yaradılmış yüksək elmi mühit və elmə göstərilən dəstəyin sayəsində 1983-cü ildə İ.P.Pavlov adına Ümumittifaq Fizioloqlar Cəmiyyətinin XIV Qurultayının Bakıda keçirilməsi Azərbaycan elmi üçün böyük bir hadisə olmuşdur. İttifaqın bütün respublikalarından 2000-dən çox alimin, dünyanın tanınmış fizioloqlarının iştirak etdiyi bu tədbir həmçinin Azərbaycan alimlərinin əməyinə verilən yüksək qiymət idi.

 

1969-cu ildən sonra Ulu Öndərin Azərbaycanda kənd təsərrüfatının uzunsürən durğunluqdan çıxarılaraq dirçəldilməsi, yeni bitki növlərinin yaradılaraq geniş şəkildə tətbiqi istiqamətində tapşırıqlarının icrasında Kənd Təsərrüfatı Nazirliyinin müvafiq sahə institutları ilə yanaşı, Azərbaycan SSR EA-nın Genetika və Seleksiya İnstitutu əhəmiyyətli rol oynamışdı. Xarakterikdir ki, 1970-ci ildə Azərbaycan KP MK-nin birinci katibinin tövsiyəsi və dəstəyi ilə həyata keçirilən ilk elmi-təşkilati təyinatlardan biri də instituta tanınmış seleksiyaçı alim və ictimai-siyasi xadim akademik İmam Mustafayevin direktor vəzifəsinə (1970-1985) irəli sürülməsi olmuşdur.

 

Ulu Öndərin respublikada hakimiyyətə gəlməsindən sonra XX əsrdə biologiya elminin ən mühüm, qaçılmaz istiqamətlərindən biri olan mikrobiologiya elminin inkişafına da ciddi təkan verilmişdir. 1994-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə Mikrobiologiya sektoruna institut statusu verilmiş və yeni müəssisə elmin mikrobiologiya və onunla əlaqəli biotexnologiya sahələrinə aid fundamental elmi-tədqiqat işləri aparan dövlət müəssisəsi kimi qeydiyyata alınmışdır. Hazırda Mikrobiologiya İnstitutu Elm və Təhsil Nazirliyinin tərkibində fəaliyyətini davam etdirir.

 

Aqrar sənaye ölkəsi olan Azərbaycanda 1970-ci illərin əvvəllərində xüsusilə güclü inkişafa qədəm qoymuş elm sahələri arasında torpaqşünaslıq elmini də qeyd etmək lazımdır. Bu dövrdə Ulu Öndərin tapşırıqları əsasında respublikada torpaqların qiymətləndirilməsi, xəritələşdirilməsi, istifadəsi üzrə monoqrafiyalar, kitablar, metodiki göstərişlər nəşr olunmuş, elmi-nəzəri və praktiki əhəmiyyətli dissertasiya işləri müdafiə edilmişdir.

 

1970-ci illər Mərkəzi Nəbatat Bağının (o zaman Botanika bağı adlanırdı) da çiçəklənmə dövrü hesab olunur. 1970-ci ildən başlayaraq Abşeronun və Bakı şəhərinin yaşıllaşdırılması üzrə dövlət tədbirləri Botanika bağında ağac və kol bitkilərinin introduksiya işlərinin daha da genişləndirilməsinə səbəb olmuşdu.

 

2002-ci ildə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Naxçıvan Bölməsinin yaradılması haqqında tarixi sərəncamı Naxçıvan Muxtar Respublikasında elmi potensialın gücləndirilməsi, region üçün xüsusilə vacib olan genişmiqyaslı tədqiqatların aparılması üçün böyük imkanlar yaratdı.

 

Azərbaycan müstəqillik qazandıqdan sonra biomüxtəlifliyin, ətraf mühitin və ekologiyanın mühafizəsi sahəsində dövlət siyasəti məhz Ulu Öndər Heydər Əliyevin prezidentliyi dövründə formalaşmağa başlamışdır. 2001-ci ildə Azərbaycan Respublikasının Bitki Genetik Ehtiyatları üzrə Milli Proqramı, 2006-cı ildən etibarən "Azərbaycan Respublikasında bioloji müxtəlifliyin qorunması və davamlı istifadəsi üzrə Milli Strategiya və Fəaliyyət Planı" hazırlanmış, Milli Bitki Genbankı yaradılmışdır.

 

Ulu Öndərin apardığı dövlət quruculuğu və islahatlar siyasəti cəmiyyət həyatının bütün sahələrini, o cümlədən aqrar bölməni, torpaq tabeçiliyi məsələlərini də əhatə edirdi. Müasir Azərbaycanın banisi 23 dekabr 1994-cü ildə kənd təsərrüfatında iqtisadi islahatlara həsr olunmuş respublika müşavirəsində aqrar islahatların vacibliyini bir daha vurğulamış, uğur qazanılmasında elmin roluna diqqət çəkmişdi. Heydər Əliyev kənd təsərrüfatında islahatların yalnız elmi əsaslarla həyata keçirilməsinin vacibliyini bilir, respublikanın aqrar tədqiqatlar sistemində islahatlar həyata keçirirdi.

 

Kənd təsərrüfatında elmi, elmi-texniki proqramların respublikada aparılan islahatlara və yeni iqtisadi münasibətlərə uyğunlaşdırılması, bu sahədə paralelçiliyin və pərakəndəliyin aradan qaldırılması, elmi işlərdə vahid strateji məqsədlərin formalaşdırılması, alınan elmi nəticələrin istehsalatda tətbiqinin daha da yaxşılaşdırılması məqsədilə Nazirlər Kabinetinin 1999-cu il tarixli qərarı ilə Kənd Təsərrüfatı Nazirliyinin tərkibində Azərbaycan Aqrar-Elm Mərkəzi yaradılmışdı.

 

Hələ 1997-ci ildə Ulu Öndər Azərbaycanda elmin inkişaf strategiyasının əsas müddəalarını və bu müddəaları həyata keçirmək üçün lazımi vəzifələri qəti olaraq müəyyənləşdirmiş, elmlə bağlı mövqeyini ortaya qoymuşdu. Ulu Öndərin 15 may 2001-ci il tarixli Fərmanı ilə Elmlər Akademiyasının adına "Milli" sözünün əlavə edilməsi də əlamətdar hadisə hesab edilə bilər. Onun təşəbbüsü ilə 1 iyul 2002-ci ildə AMEA-nın həqiqi və müxbir üzvlərinə aylıq rütbə maaşlarının verilməsinə başlanılmışdır. 

 

Ulu Öndərin ölkədə elmin inkişafının dəstəklənməsi ilə bağlı uzaqgörənliklə verdiyi tövsiyələrini digər vəsiyyətləri kimi ardıcıl şəkildə həyata keçirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Heydər Əliyevin elmə baxışlarına şəxsən yüksək qiymət vermiş, özünün də eyni baxışlara sahib olduğuna diqqət çəkmişdir.

 

Ölkə Prezidentinin Azərbaycan elminin müasir dövrün, 4-cü sənaye inqilabının çağırışlarına, ərzaq və bioloji təhlükəsizliyin təmin olunmasına, ümumən, ölkənin ehtiyaclarına istiqamətlənməsinə dair müvafiq elmlərin inkişaf perspektivləri ilə bağlı verdiyi sərəncam və fərmanları, dəyərli tövsiyə və tapşırıqları islahatların bazisi olmaqla yaxın perspektiv üçün ölkəmizin elm siyasətinin də başlıca strateji istiqamətlərini müəyyən etmişdir.

 

14 iyun 2016-cı ildə Azərbaycanda elmin inkişafı istiqamətində yeni perspektivlər açan "Elm haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu yeni bir mərhələnin başlanğıcı idi. Prezident İlham Əliyevin 2018-ci il 9 aprel tarixli Sərəncamına əsasən, 27 Mart - Elm Gününün təsis olunması Azərbaycanın yuksəlişində elmin vacib rolunu bir daha təsdiq etmişdir.

 

Son dövrlərdə də Azərbaycan elmi yenidən dərin islahatlar və keçid dövrünü yaşamaqdadır. Dövlət başçısı 28 iyul 2022-ci ildə elm və təhsilin qarşılıqlı əlaqəsinin möhkəmləndirilməsi və bu sahələrdə idarəetmənin təkmilləşdirilməsinə imkan verən, bu istiqamətdəki fəaliyyətlərin gücləndirilməsinə münbit şərait yaradan mühüm bir sənəd - "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərman imzalamışdır. Fərmanın imzalanmasında əsas məqsəd elm sahəsində dövlət siyasətinin və tənzimlənmənin həyata keçirilməsi, elmi müəssisə və təşkilatların elmi fəaliyyətinin daha səmərəli əlaqələndirilməsi və istiqamətləndirilməsi olmuşdur.

 

Ulu Öndərin və ölkə Prezidentinin diqqət və qayğısına, analoqu olmayan dövlət dəstəyinə elm və təhsil sektorunun, elmi ictimaiyyətin də layiqli şəkildə cavab verməsi, eko və biotəhlükəsizlik, ərzaq təhlükəsizliyi problemlərinin həllində, işğaldan azad edilmiş torpaqlara Böyük qayıdışda Azərbaycan dövlətçiliyinin yüksəlişi və inkişafı da elmin və elm adamlarının ön sıralarda olması dövrün tələbidir. Azərbaycanın elm və təhsil üzrə dünya reytinqlərində irəliləməsi, xalqın öz potensialına və tarixi nailiyyətlərinə layiq yerləri tutması üçün çox iş görülməlidir.

 

Azərbaycanın elmi ictimaiyyəti Ümummilli Liderin və Prezident İlham Əliyevin elmə və alimə göstərdikləri böyük diqqət və qayğıya cavab vermək, ölkənin ərzaq, ekoloji və bioloji təhlükəsizliyini təmin etmək, elmimizin dünyaya inteqrasiyasını gücləndirmək istiqamətində fəaliyyətlərə tam səfərbər edilmişdir. İnanırıq ki, Azərbaycanın elmi potensialı cənab Prezidentin ətrafında daha sıx birləşərək qarşıya qoyulan bütün vəzifələrin öhdəsindən uğurla gələcəkdir.

 

İradə HÜSEYNOVA, AMEA-nın vitse-prezidenti, akademik

 

“Azərbaycan” qəzeti

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
 Sumqayıt Tibb Mərkəzini seçən həkimlərin sayı artır   
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Dünya liderlərini bir araya gətirən