ABŞ-da “2000-ci İlin Adamı” elan edilmiş azərbaycanlı həkim Calal Ağakişiyev - “Həkimlərimizi tanıyaq!”
06.02.2023 10:29

Aztibb.az “Həkimlərimizi tanıyaq!” rubrikasında tanınmış həkim, Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, tibb elmləri doktoru, professor Calal Ağakişiyev haqqında məlumatı təqdim edir:

 

Calal Ağakişiyev 1949-cu ildə Füzuli şəhərində həkim ailəsində anadan olmuşdur. O, ilk təhsilini 1956-1966-cı illərdə Füzuli şəhər orta məktəbində almışdır. Ailə ənənəsini davam etdirərək 1967-ci ildə N.Nərimanov adına ADTİ-nin Müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə həmin institutu bitirmişdir. İnstitutda təhsil almaqla yanaşı, Respublika Dəri-Zöhrəvi Dispanserində orta tibb işçisi kimi çalışmış, 1975-1980-ci illərdə həmin dispanserdə həkim-ordinator vəzifəsində işləmişdir.

 

Dermatologiya elminin sirlərinə dərindən yiyələnmək həvəsi ilə Calal Ağakişiyev 1975-ci ildə Moskvaya getmiş, təhsilini davam etdirmək üçün 1976-cı ildə Moskva şəhərində Mərkəzi Elmi-Tədqiqat Dəri-Zöhrəvi Xəstəlikləri İnstitutunda məqsədli aspiranturaya daxil olmuşdur. O, 1981-ci ildə “İmmunoloji göstəricilərin dinamikası nəzərə alınmaqla, ekzemalı və neyrodermitli xəstələrin spesefik və qeyri-spesefik desensebilizasiya metodları ilə müalicəsi” adlı namizədlik dissertasiyasını uğurla müdafiə etmişdir.

 

1981-ci ildə Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Dermatovenerologiya kafedrasına dəvət edilmiş və assistent vəzifəsinə seçilmişdir. Kafedrada işə başladığı müddətdən C.Ağakişiyev özünü potensial elmi işçi, yüksək ixtisaslı həkim, savadlı pedaqoq, intizamlı və bacarıqlı kadr kimi tanıtmışdır. 1987-1988-ci illərdə kafedrada dosent vəzifəsində fəaliyyət göstərmiş, 1989-cu ildə ildən isə kafedraya rəhbərlik ona həvalə olunmuşdur.

 

C.Ağakişiyev həmin illərdə kafedranın elmi istiqamətinə uyğun olaraq Azərbaycanda neft sənayesinin inkişafı ilə əlaqədar peşə amillərinin bu sahədə çalışan işçilərə təsirini öyrənmək məqsədilə tədqiqatlar aparmış, neft və neftayırma məhsullarının dəridə törətdiyi patologiyaları müasir səviyyədə araşdırmışdır. SSRİ EA-nın Əmək Gigiyena və Peşə Xəstəlikləri İnstitutu və D.Mendeleyev adına Moskva Kimya-Texnologiya İnstitutunun əməkdaşları ilə birgə eksperimental tədqiqatlar aparmış və nəticədə ixtiralara görə müəlliflik şəhadətnaməsi almışdır. C. Ağakişiyev 1992-ci ildə Moskva şəhərində “Neftayırma sənayesi məhsullarının fəhlələrdə dəri patalogiyasının inkişafına təsiri və kompleks müalicə-profilaktika tədbirləri” mövzusunda dissertasiya müdafiə edərək, tibb elmləri doktoru alimlik dərəcəsi almışdır.

 

Onun rəhbərliyi altında Azərbaycanda mövcud iqtisadi-sosial və epidemioloji vəziyyətlə bağlı zöhrəvi xastəliklərin ciddi artımı ilə əlaqədar 1994-cü ildən etibarən kafedranın elmi istiqaməti dəyişdirilmiş və yeni aktual bir mövzuda – “Cinsi yolla keçən xəstəliklərin yayılmasına regional epidemioloji və sosial faktorların təsiri nəzərə alınmaqla, kompleks müalicə-profilaktika tədbirləri proqramının işlənib hazırlanması” istiqamətində mühüm işlər görülmüşdür. Son illər kafedrada respublikamızın müxtəlif regionlarında irsi və nadir rast gəlinən dəri xəstəliklərinin araşdırılması və müalicəsinə dair maraqlı tədqiqat işləri aparılmış, dəri və zöhrəvi xəstəliklərin terapiyasında təbii, qeyri-ənənəvi müalicə üsulları, fizioterapiya tətbiq olunmaqla, yeni, daha səmərəli metodlar işlənib hazırlanmışdır.

 

İstedadlı alim respublikamızın hüdudlarından kənarda keçirilən beynəlxalq konqress və simpoziumlarda dəfələrlə müxtəlif aktual mövzularda çıxışlar etmişdir. C.Ağakişiyev 110-dan artıq elmi əsərin, metodik tövsiyə və göstərişlərin, bir neçə monoqrafiya və ixtiraların müəllifidir. Səhiyyədə göstərdiyi səmərəli xidmətlərinə görə “Azərbaycan Respublikasının Əməkdar Həkimi” fəxri adına layiq görülmüş, SSRİ Tibb EA-nın Venerologiya üzrə elmi şurasının plenum üzvü, CYKX qarşı mübarizə aparan SANAM assosiyasının fəxri heyət üzvü, 1992-ci ildən Beynəlxalq Türkdilli dermatoveneroloqlar elmi cəmiyyətinin idarə heyətinin üzvü 1994-cü ildən isə Nyu-York Elmlər Akademiyasının üzvü seçilmişdir. Son illərdə etdiyi yüksək nailiyətlərə görə ABŞ Bioqrafiya İnstitutu onu “2000-ci İlin Adamı” elan etmişdir.

 

Professor C.Ağakişiyevin rəhbərliyi altında 4 namizədlik 2 doktorluq dissertasiyası müdafiə olunmuşdur. 

 

C.Ağakişiyev Azərbaycan DHTİ-ndə fəaliyyəti dövründə Həmkarlar Komitəsinin sədri,  Azərbaycan Səhiyyə Nazirliyinin elmi tibbi şurasının üzvü, “Sağlamlıq” elmi-praktik jurnalının redaksiya heyətinin üzvüyündə də olmuşdur.

ÇOX OXUNANLAR
Kriminal zəhərlənmələr:mərgümüş və risindən poloniuma və epibatidinə qədər
Qobustan RMX-da patronaj xidmətinin təşkili ilə bağlı təlim keçirilib
Mərkəzi Gömrük Hospitalında AZDAS İB və DAS Derneğinin nümayəndələri ilə görüş keçirilib
Milli Hematologiya və Transfuziologiya Mərkəzində “Aplastik anemiya” mövzusunda seminar keçirilib
Doğuş təcili tibbi yardım avtomobilində həyata keçirilib
IV ixtisas qrupu üzrə keçid balları dəyişəcək
Pirallahı Tibb Mərkəzində oftalmoloji xidmətlərin əlçatanlığı genişləndirilir
Lerik Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə AKSİYASI
ATU ailəsinin üzvü Ramal Təbib oğlu: “İnam nə qədər çoxdursa, məqsəd o qədər yaxındır”
Yüksək risk, güclü komanda: uğurla həyata keçirilən qeysəriyyə əməliyyatı
AQTA-nın sədri süd və süd məhsullarının emalı zavodunda olu
İmişli Rayon Mərkəzi Xəstəxanasında qanvermə aksiyası keçirilib
Mərkəzi Gömrük Hospitalının uşaq cərrahı AZTV-yə müsahibə verib
Azərbaycanlı həkimlər beynəlxalq arenada yeni uğurlara imza atır
Şahbuz rayonunda tibbi aksiya: 32 nəfər müayinədən keçib