Nurlu ideallarda yaşayan alim - Akademik Əhliman Əmiraslanovun məqaləsi  
15.04.2022 13:31

Hər bir xalq öz şəxsiyyətləri ilə ucalır. Onların ömür nümunələri böyük ideallara  aydın istiqamət verir. Xalqın yaddaşında əbədilik qazanmış belə şəxsiyyətlər fərqli zamanlarda, ayrı-ayrı məkanlarda yaşayıb yarada bilərlər. Tale onların sənət yollarını, fəaliyyət sahələrini də fərqli istiqamətlərdə müəyyənləşdirə bilər. Amma aradakı bütün fərqliliklərə rəğmən bu insanları birləşdirən bir çox ümumi cəhətlər var: Tanrının bəxş etdiyi ömür payını ləyaqətlə yaşamaq, həyatın mənasını nəcib, xeyirxah əməllərdə tapmaq, bütövlükdə vətəninin, elinin-obasının tərəqqisinə, maariflənməsinə əvəzsiz töhfələr verməyə çalışmaq, zəngin mənəviyyata sahib olmaq.

 

Məhz bu keyfiyyətlər, insanlara və insanlığa fayda gətirən əməllər bu şəxsiyyətləri zamanın fövqünə qaldırır, əbədi abidələrini ucaldır. Xalqımızın belə əbədiyaşar şəxsiyyətlərindən biri də zəmanəsinin görkəmli oftalmoloq alimi, akademik Zərifə Əziz qızı Əliyevadır.

 

Mənalı ömür yolu, peşə fəaliyyəti və elmi yaradıcılığı ilə mənəviyyat, kamillik, müdriklik örnəyinə çevrilmiş Zərifə xanım Əliyeva bu gün də milyonlarla insanın qəlbində yaşayır, adı daim dərin ehtiramla, rəğbətlə anılır. O, tibbin mühüm istiqamətlərindən olan oftalmologiya sahəsində uzun illər dəyərli tədqiqatlar aparmış, elmə sanballı töhfələri, intellektual səviyyəsi, özünəməxsus tədqiqatçılıq məharəti ilə yüksək zirvələri fəth etmişdir.

 

Ailə ocağı

 

İnsan nə valideynlərini, nə dünyaya gəldiyi zamanı, nə də yaşadığı mühiti özü seçir. Bununla bərabər istənilən fərdin öz dövrünün qabaqcıl düşüncəli insanlarının, cəmiyyəti irəli aparan şəxsiyyətlərin ailəsində dünyaya gəlməsi, onların yaratdığı mühitdə böyüyüb tərbiyələnməsi xoşbəxtlikdir. Çünki görkəmli şəxsiyyətləri bu insanların böyüyüb boya-başa çatdığı, yaşadığı mühit formalaşdırır. Bu mənada tale öz lütfünü Zərifə xanımdan əsirgəməmişdir.

 

O, hər cəhətdən örnək olan nəcib bir ailədə - Azərbaycanın tanınmış ictimai-siyasi və dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmışdı. Əziz Əliyev ixtisasca həkim idi. Onun həkimliyi təkcə insanların fiziki müalicəsi ilə məhdudlaşmırdı. Tale onun üzərinə cəmiyyəti də mənəvi xəstəliklərdən sağaltmaq üçün çalışmaq missiyasını qoymuşdu. Bu baxımdan Əziz Əliyevi təkcə görkəmli tibb xadimi deyil, həm də "cəmiyyəti müalicə edən həkim" hesab edən mərhum akademik Mustafa bəy Topçubaşov öz fikrində tam haqlı idi. Əziz Əliyev yüksək vətəndaşlıq ruhunun daşıyıcısı kimi ictimai məsuliyyət duyğusunu bir an da olsun unutmur, daim xalqımıza, dövlətimizə ləyaqətlə xidmət etməyə çalışırdı. Ömür-gün yoldaşı Leyla xanımla birgə ailə ocaqlarında böyüyən övladlarını da belə bir ruhda tərbiyələndirirdi. 

 

Tale seçimi

 

Zərifə xanım 1923-cü ilin 28 aprelində Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Şahtaxtı kəndində dünyaya göz açıb. Sonralar ailə Əziz müəllimin işi ilə əlaqədar Bakıya köçüb. 1932-1942-ci illərdə orta təhsil alıb. Məktəbin son siniflərində Zərifə xanım artıq gələcək peşə seçimini müəyyən etmişdi. O, da atası Əziz Əliyev kimi həkim olmaqda qərarlı idi. Bu bir tərəfdən atasının sənətinə vurğunluğundan irəli gəlirdi, digər tərəfdən də həkimliyin insan həyatı üçün nə qədər vacib olmasını dərk etməsindən, insanların bu müqəddəs peşə sahiblərinə böyük ehtiyacını duyub hiss etməsindən qaynaqlanırdı.

 

1941-1942-ci illər ən ağır, ən məşəqqətli dövr idi. Böyük Vətən müharibəsi yenicə başlanmışdı. Bakıdakı bir çox binaları hospitallara çevirmişdilər. Zərifə xanımın yaşadıqları evin yaxınlığında da bir neçə hospital vardı. Buralar cəbhədən gətirilmiş yaralı hərbçilərlə dolub-daşırdı. Onların müalicəsi üçün tibbi heyət çatışmırdı. Zərifə Əliyeva dərsdən sonra rəfiqələri ilə birgə bu hospitallara gəlir, həkimlərə, tibb bacılarına kömək etməyə çalışır, yaralı hərbçilərə öz ailələrinə məktub yazmaqda kömək göstərirdi.

 

Zərifə xanımın yaşın erkən çağlarından şəxsiyyət kimi formalaşmasında böyüdüyü ailənin də çox mühüm rolu vardı. Azərbaycanın o dövrdə yaşayıb-yaratmış bir çox tanınmış elm və mədəniyyət xadimləri Əziz Əliyevin yaxın dostları idilər. Onun evində tez-tez qonaq olardılar. Məktəbdəki yüksək təhsildən əlavə bu evdə mövcud olan sağlam düşüncə mühiti, aparılan söhbətlər Əziz Əliyevin övladları üçün böyük bir universitet təhsilinə bərabər idi. Bu mənada həkimlik sənəti erkən yaşlarından Zərifə xanım üçün tale seçiminə çevrilmişdi.

 

Göz həkimi

 

Zərifə xanım Əliyeva 1942-ci ildə orta məktəbi bitirib Azərbaycan Dövlət Tibb İnstitutunun Müalicə-profilaktika fakültəsinə daxil oldu. O, fitri istedadı, dərin zəkası, geniş dünyagörüşü, yüksək mədəni səviyyəsi ilə ona dərs deyən müəllimlərin də, tələbə yoldaşlarının da dərin rəğbətini qazanmışdı. İnstitutda təşkil olunan tələbə elmi toplantılarında məruzələrlə çıxışlar edir, sərbəst mülahizələr yürüdür, dəyərli nəticələr çıxararaq tanınmış alimlərlə fikir mübadiləsi aparırdı.

 

Zərifə Əliyevanın özünə ixtisas kimi məhz göz həkimliyini seçməsi də təsadüfi deyildi. Onda bütün dünyada və Azərbaycanda traxoma xəstəliyi geniş yayılmışdı. Problemin miqyası haqqında təsəvvür yaratmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının həmin dövr üçün bir hesabatına diqqət yetirək: hesabatda bütün dünyada 400 milyona qədər insanın traxoma xəstəliyinə tutulduğu, bunun nəticəsində 80 milyondan çox adamın korluğa düçar olduğu bildirilirdi.

 

Bu xəstəlik Azərbaycanın bölgələrində xüsusilə tüğyan edirdi. Görmə orqanını sıradan çıxaran, bəzən hətta insanların tam korluğuna səbəb olan bu infeksion xəstəliyə qarşı təsirli vasitələr lazımi səviyyədə deyildi. Tibb elmi yenicə inkişafa başlamışdı. Bu sahədə elmi nailiyyətlər hələlik tibbin başqa istiqamətlərində özünü göstərdiyindən, oftalmologiyada vəziyyət o qədər də parlaq deyildi. Üstəlik, müharibədən yenicə çıxmış ölkədə sosial iqtisadi vəziyyət, insanların rifah səviyyəsi çox aşağı idi. Xəstələrin müalicəsi, yerlərdə traxomaya qarşı effektiv iş üçün peşəkar tibbi kadrlar da çatışmırdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə məsələsi təkcə oftalmologiya elminin deyil, bütövlükdə respublika səhiyyəsinin qarşısında həllivacib olan problem kimi dururdu. Belə bir zamanda Zərifə xanım Əliyeva məhz oftalmologiyanı seçdi.

 

Xəstəliyə qarşı mübarizə: yeni üsul, uğurlu nəticələr

 

1947-ci ildə gənc həkim Azərbaycan Tibb İnstitutunda təhsilini başa vurub Moskvadakı Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə ixtisaslaşdırma kursu keçməyə getdi. Buradakı iki illik kurs onun üçün böyük bir məktəb oldu. Zərifə xanım ixtisasına daha mükəmməl yiyələndi. 1949-cu ildə Vətənə döndü. Həmin ildən Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başladı. 1950-ci ildə isə aspiranturaya daxil olaraq praktik həkim fəaliyyəti ilə yanaşı, elmi axtarışlara da başladı. Müxtəlif göz xəstəliklərinin müalicə və profilaktika tədbirlərinin işlənib hazırlanması ilə məşğul olan Zərifə xanım elmi fəaliyyətinin ilk mərhələsini məhz traxoma xəstəliyinin müalicəsinə həsr etdi. O illərdə gənc həkim bu xəstəliyə qarşı mübarizə aparan həmkarları sırasında traxoma xəstəliyinə qarşı həyata keçirilən müalicəvi və profilaktik tədbirlərin ön cərgəsində idi. Konkret müalicə təcrübəsindən əlavə, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur, əhali arasında maarifləndirmə işləri aparırdı. Həmin dövrdə respublikada regional əhəmiyyət kəsb edən göz xəstəliklərinə, o cümlədən gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, bu xəstəliklərin effektli müalicə üsullarını, profilaktika tədbirlərini işləyib hazırlamaq da ciddi tələbata çevrilmişdi. Bu zərurəti görən Zərifə xanım elmi axtarışlarını əzmlə davam etdirirdi. Əsl vətəndaş mövqeyində dayanaraq ölkə daxilində yayılmaqda olan traxoma xəstəliyinin qarşısını almaq üçün diaqnostika, müalicə və profilaktika üsullarının kompleks şəkildə tətbiqi istiqamətində mühüm tədbirlər planı hazırlayaraq həyata keçirirdi. İşin çətinliyinə, məsuliyyətinə baxmayaraq, tezliklə bu sahədə böyük nəticələr əldə etdi. Bacarıqlı tədqiqatçı traxomanın müalicəsində o dövrün güclü antibiotiklərindən hesab edilən "Sintomisin"dən isifadə etməklə, yeni üsul tətbiq etmiş, uğurlu nəticələrə nail olmuşdu.

 

Zərifə Əliyeva apardığı elmi tədqiqatların nəticələrini 1959-cu ildə "Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi" mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edib tibb elmləri namizədi elmi dərəcəsi aldı. Onun təklif etdiyi müalicə metodunun tezliklə bütün respublikada tətbiqinə başlandı. Beləliklə, bu xəstəliyə qarşı mübarizədə ciddi dönüş əldə olundu. Bu baxımdan, dünya oftalmoloqları traxomanın sosial xəstəlik kimi ləğvində Zərifə Əliyevanın tarixi xidmətlərini bu gün də böyük ehtiramla qeyd edirlər.

 

Tibb elminə böyük töhfələr

 

Namizədlik dissertasiyasının müdafiəsindən sonra o, 1960-cı ildən 1967-ci ilədək Elmi-Tədqiqat Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışdı. Bu illərdə Zərifə Əliyeva praktik həkimlik fəaliyyəti ilə məşğul olur, bir çox cərrahiyyə əməliyyatları aparır, xəstələri qəbul edirdi. Bir sözlə, fəaliyyəti təkcə klinikada qapanıb qalmır, bütün oftalmologiya təşkilatlarını əhatə edirdi. Göz xəstəlikləri üzrə təkmilləşdirmə kurslarının dinləyici həkimləri ilə pedaqoji iş aparır, elmi tədqiqatları üzərində çalışırdı. Zərifə xanım xüsusilə qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı mühüm elmi nəticələr əldə etmişdi.

 

1967-ci ildə oftalmoloq alim Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət alır. 1968-ci ildən o, sistemli şəkildə həmin dövrə qədər çox az tədqiq olunmuş mövzu - görmə orqanının patologiyası məsələləri ilə məşğul olmağa başlayır. Ümumiyyətlə, peşə ilə əlaqədar əmələ gələn göz xəstəliyi problemi bütün ömrü boyu bu fədakar alimin maraq dairəsində idi. Zərifə xanım yod-sənaye müəssisələrində, neft-kimya zavodlarında çalışan şəxslərin görmə orqanına təsir edən amillərə xüsusi diqqət yetirməyə başlayır.

 

Alim bu problem üzərində iş apararkən çox vaxt sənaye müəssisələrinə gedir, zərərli peşə sahələrində çalışan şəxsləri oftalmoloji müayinədən keçirirdi. Bakının və Sumqayıtın bir sıra sənaye müəssisələrinin, o cümlədən şin zavodunun sexlərində laboratoriya şəraitində elmi təcrübələr aparırdı. Bununla da genişmiqyaslı klinik və təcrübi tədqiqatlar nəticəsində alim zərərli maddələrin görmə orqanına təsirinin əsas qanunauyğunluğunu aşkara çıxara bilmişdi.

 

Alimin çoxillik elmi araşdırmalarının nəticəsi olaraq kimya sənayesi işçilərinin göz xəstəliklərinin tədqiqini ümumiləşdirən, ciddi elmi nəticələr doğuran "Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti" adlı doktorluq dissertasiyasını 1976-cı ildə H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda uğurla müdafiə edir. O, öz tədqiqatı zamanı şin və yod istehsalı sahəsində çalışan 1500-dən çox insan üzərində müşahidələr aparmış, spesifik iş şəraitinin, sanitar-gigiyenik durumun görmə orqanlarına mənfi təsirini elmi dəlillərlə sübuta yetirmişdi. Dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, bu sahədə ilk fundamental tədqiqatlardan biri kimi dəyərləndirilmişdir.

 

Elm fədaisi: həyat uğurları

 

Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü M.M.Krasnov xatirələrində yazır: "O, tibb elmi sahəsində elə tədqiqatlar aparırdı ki, fikrimcə, burada vəziyyət bir qədər paradoksal şəkil almışdı... Bizim zəmanədə tam dəyərli əmək fəaliyyəti üçün görmə vəziyyətinin yaxşı olması nəinki çox vacibdir, həm də müasir cəmiyyətdə ona tələbat ildən-ilə artır. Bununla yanaşı, indiyə qədər həmin mövzuya həsr olunmuş ümumiləşdirilmiş elmi əsərlər yoxdur, yalnız ayrı-ayrı fraqmentlər mövcuddur ki, bunlar da elmi sistemdən hələ ki, çox uzaqdırlar. Zərifə Əziz qızı kimi sosial həssaslığa malik olmaq lazım idi ki, öz istedadını olduqca çətin, mürəkkəb və xeyirxah, eyni zamanda heç də həmişə layiqincə qiymətləndirilməyən bir məsələnin xidmətinə sərf edəsən".

 

Zərifə xanımın elmi araşdırmaları əmək müəssisələrinin ekologiyası məsələsini gündəmə gətirir və günümüz üçün də son dərəcə aktualdır. Elmi tədqiqat işlərinə paralel olaraq Zərifə Əliyeva pedaqoji fəaliyyətlə də məşğul olmuşdur. 1967-ci ildən Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasında əvvəlcə kafedranın dosenti, professoru, daha sonra müdiri vəzifəsində çalışmışdır. Həkimlərin diplomdan sonrakı hazırlıqlarının tələblərə uyğun şəkildə aparılmasına əlverişli şərait yaratmışdır. Onun təkmilləşmə kursu keçən həkimlərə oxuduğu mühazirələrin,  apardığı praktik məşğələlərin əsasını tibb elmində əldə edilən yeniliklərin şərhi, praktik vərdişlərə yiyələnmənin istiqamətləri, müasir tibbi cihazların gündəlik təcrübədə tətbiqi üsullarının dərindən mənimsənilməsi kimi mühüm istiqamətlər  təşkil edirdi.

 

Bu illərdə Zərifə xanım praktik həkimlik fəaliyyətindən də bir an olsun kənar qalmırdı: müntəzəm şəkildə cərrahiyyə əməliyyatları aparır, xəstələrin müalicə və müayinəsi ilə məşğul olurdu. Görkəmli alim həm də əsl elm təşkilatçısı idi. O, burada ətrafına istedadlı gənc həmkarlarını toplayaraq elmi-tədqiqat işlərini, kadrların və elmi işçilərin hazırlanmasını müvəffəqiyyətlə təşkil edə bilmişdi.

 

Zərifə xanım oftalmologiyanın qlobal problemlərinin elmi həlli yolunda bir sıra konkret təşəbbüslərlə çıxış etmiş, 1977-ci ildə onun təklifi ilə Bakıda Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti İdarə Heyətinin plenumu keçirilmişdir. Belə bir möhtəşəm tədbir respublikamızda ilk dəfə keçirildiyindən böyük təşkilatçılıq bacarığı, gərgin zəhmət və təcrübə tələb edirdi. Akademik Zərifə Əliyeva bu işlərin öhdəsindən uğurla gəlmiş, Bakıda yüksək səviyyədə təşkil olunmuş plenum ümumən keçmiş ittifaqda böyük maraqla qarşılanmışdır. Plenum Azərbaycanda görmə orqanının peşə patologiyasının öyrənilməsi üzrə ilk ixtisaslaşdırılmış elmi-tədqiqat laboratoriyasının yaradılması ilə bağlı professor Zərifə Əliyevanın irəli sürdüyü təşəbbüsü də bəyənmişdir. Zərifə xanımın elmi nailiyyətlərinin bir çoxu Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutu ilə bağlıdır. Çünki onun təklif etdiyi laboratoriya 1979-cu ildə burada yaradılmışdı. Bu laboratoriya Azərbaycan oftalmologiya məktəbinin ilk tədqiqat mərkəzi sayılırdı. İndi də həmin məktəbin yetirmələri Zərifə xanımın elmi ənənələrini davam və inkişaf etdirirlər. Laboratoriyanın tədqiqat bazası Bakı Məişət Kondisionerləri Zavodu idi. Burada elmi tədqiqatlarla yanaşı, müalicə işləri də aparılırdı. Bu mənada, Zərifə xanım Əliyeva alimlik istedadı ilə həkimlik bacarığını mahir şəkildə özündə birləşdirmişdi. Akademik həm görmə patologiyasının müalicə metodlarını təkmilləşdirmiş, həm də özünün kəşf etdiyi görmə aparatı vasitəsilə kompleks diaqnostika və erkən cərrahi müalicə üsullarının müvəffəqiyyətlə tətbiqinə başlamışdı.

 

Kitablarda yaşayan ömür

 

Akademik Zərifə Əliyeva böyük elmi məktəb yaratmış alimlərdən idi. Onun fədakar zəhməti sayəsində ərsəyə gəlmiş dərs vəsaitləri, dərsliklər, monoqrafiyalar bu gün də təkcə Azərbaycanda deyil, ümumən dünyada oftalmologiya elminin inkişafına xidmət edir. Gənc ixtisaslı həkimlərin və bu sahədə tədqiqatlar aparan alimlərin yetişməsinə kömək göstərir. "Kəskin virus konyunktivitləri", "Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar", "Qlaukoma və gözün hipertenziyası", "Görmə orqanının zədələnməsi", "Göz yaşı axmasının fiziologiya və histologiyası", "Şəkərli diabetdə göz xəstəlikləri", "Gözün mikrocərrahiyyəsi", "Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası" və digər əsərləri Zərifə xanımın tibb elminə sanballı töhfələridir. Alim göz yaşı aparatı xəstəliklərinin öyrənilməsinə də xüsusi diqqət yetirmiş, bu mövzuya həsr etdiyi "Yaşaparıcı yolların fiziologiyası", "Yaşaparıcı yolların cərrahi müalicəsi", "Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları" və digər əsərləri ilə Azərbaycan lakrimologiyasının banisinə çevrilmişdir.

 

Zərifə xanım tibb elminin nadir sahələrindən olan iridodiaqnostika və iridoterapiya problemlərinə də diqqət yönəltmişdir. Onun bu mövzuda iki monoqrafiyası çapdan çıxmışdır. Bunlar "İridodiaqnostikanın əsasları" və "İridodiaqnostika" monoqrafiyalarıdır. Onu da xüsusi qeyd edək ki, dünya miqyasında iridodiaqnostikaya dair ilk kitablar məhz akademik Zərifə  Əliyevaya məxsusdur.

 

1980-ci ildə Zərifə Əliyevanın "Şin istehsalında gözün peşə patologiyası", "Gözün hidrodinamik sisteminin anatomo-fizioloji xarakteristikası", "Gözün və göz siniri yollarının yaşla əlaqədar dəyişiklikləri" adlı üç monoqrafiyası çapdan çıxmışdır. Alimin daktriologiyadan bəhs edən - "Göz sulanmasının fiziologiyası", "Göz sulanmasının müasir cərrahiyyə üsulları ilə müalicəsi" monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Alim müasir dövrdə də hər bir oftalmoloqun stolüstü kitabı olan "Terapevtik oftalmologiya" əsərinin müəlliflərindən biridir. Zərifə Əliyevanın zəngin pedaqoji, elmi və əməli təcrübəsi onun professor N.B.Şulpina və L.F.Moşetova ilə birlikdə qələmə aldığı "Oftalmologiyanın aktual məsələləri" monoqrafiyasında öz əksini tapmışdır.

 

Həkim etikası

 

Həkimlik etikası Zərifə xanım Əliyevanı daim maraqlandıran əsas məsələlərdən idi. Çünki o, özü həkimklik sənətini bu peşənin yüksək etikası işığında sevmişdi. Onun üçün əsl həkimlik meyarı atası Əziz Əliyevin bütöv şəxsiyyəti idi. Uşaqkən gördüyü, insanların sağlamlığı, milli səhiyyəmizin inkişafı üçün hər cür fədakarlığa qatlaşan həkimlər idi. Zərifə xanım həkimliyi bu insanların nurlu simasında təsəvvür edirdi və özü də həkimlik etikasını uca tuturdu. İnsan sağlamlığını ictimai sərvət, insanların gözlərinə nur bəxş olunmasını bəşəri humanizm kimi səciyyələndirirdi. O, belə bir ali dəyəri gənc həkimlərə də ötürməyə çalışırdı. Onların mənəvi tərbiyəsi, həkimlərin peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsi və həlli üçün əməyini əsirgəmirdi. Zərifə xanımın bir çox məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuşdu. Alimin "Yüksək etimad" kitabı bu gün də "Hippokrat andı"na sadiq qalan, özünü əsl tibb işçisi kimi yetişdirmək istəyən həkimlərin stolüstü kitabıdır. Zərifə xanım bu kitabında həkimlə xəstənin birbaşa əlaqəsinin müalicənin əhəmiyyətini yüksəltdiyini, xəstəyə ümid verdiyini, orqanizmin xəstəliyə qarşı müqavimətini artırdığını, bəzən dava-dərmandan da güclü təsir göstərdiyini yazır. Alim kitabında həkim və xəstənin qarşılıqlı münasibətlərinin başlıca qaydalarını tərtib etmiş, müalicə həkiminin diaqnostika və müalicə prosesində aparıcı rolunu göstərmiş, bütün tibb işçilərinin təkcə təhsilinin yox, həm də tərbiyəsinin vacibliyini ön plana çəkmişdir. Akademik Zərifə Əliyeva həmkarlarına həmişə tövsiyə edirdi ki, insana tibbi yardım göstərmək, sağlamlığı uğrunda mübarizə aparmaq həm də onu özünə qaytaran əsl humanist xidmətdir. Zərifə xanımın təbabət fəlsəfəsinin başlıca qayəsi insanı sağaltmaqla onu öz məninə qaytarmaq idi. Bu baxımdan, alim hesab edirdi ki, tibb elminin  fəlsəfəsini dərk etmək üçün, ilk növbədə, sağlam mənəvi-intellektual mühit, bütün tibb ictimaiyyətinin mənəvi-əxlaqi meyarlara yiyələnməsi tələb olunur.

 

Zərifə xanım bütün bunları təkcə yazmırdı. Özü də həyat və şəxsiyyəti, insanlara münasibətilə əsl həkim olmağın parlaq örnəyini yaradırdı.  Tanınmış həkim A.P.Nesterov bu keyfiyyətlərini nəzərə alaraq onunla bağlı xatirələrində yazırdı: "Mən onu öz sahəsinin böyük alimi sayıram: həm oftalmologiya, həm də xüsusilə peşəkar oftalmologiya sahəsində. Oftalmologiya sahəsində o, bir nömrəli alim idi. Peşəkarlıq zirvəsinə Zərifə xanım ona görə yüksələ bilmişdi ki, həkim olmaq, insana tibbi yardım göstərmək məsuliyyətinin əxlaqi-fəlsəfi mahiyyətini bütünlüklə dərk etmiş, bunu tam dünyagörüşü dəyərinə çevirə bilmişdi. Belə bir peşə amalı hər kəsə müyəssər olmur".

 

Vətən sevgisi

 

Akademik həm də keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini idi. Bu sahədə fədakarcasına çalışırdı. Bir sıra xarici ölkələrdə səmərəli görüşlər keçirir, dəyərli çıxışlar, məruzələr edir, dünya xalqlarını hər çıxışında sülhə, əmin-amanlığa səsləyirdi. O, respublika "Bilik" cəmiyyəti idarə heyətinin, keçmiş SSRİ-nin Oftalmoloqlar Elmi Cəmiyyəti idarə heyətinin, Moskvada çıxan "Oftalmologiya xəbərləri" jurnalının redaksiya heyətinin üzvü kimi maarifçilərimizdən gələn ənənələri də uğurla davam etdirirdi.

 

Zərifə xanım Əliyevanın tibb elminin inkişafı və pedaqoji kadrların hazırlanması sahəsindəki xidmətləri daim yüksək qiymətləndirilmişdir. 1980-ci ildə bu xidmətləri nəzərə alınaraq ona Əməkdar elm xadimi fəxri adı verilmişdir. 1981-ci ildə kimya istehsalında göz zədələnmələrinin profilaktikasının öyrənilməsi üzrə işləri, o cümlədən "Şin istehsalında gözün peşə patologiyası" monoqrafiyası oftalmologiya sahəsində ən yüksək mükafata -  SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüşdür. Onu da qeyd edək ki, Zərifə xanım keçmiş SSRİ-də belə yüksək mükafata layiq görülən ilk qadın alim idi. 1983-cü ildə isə görkəmli alim tibb elmindəki böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə Azərbaycan Elmlər Akademiyasının akademiki seçilmişdir.

 

Həyatın, taleyin ona bəxş etdiyi ən böyük mükafat isə Zərifə Əliyevanın malik olduğu və elmi-ictimai işlərinin gərginliyinə rəğmən hər zaman qoruduğu qadın incəliyi və zərifliyi idi. Zərifə xanım Əliyeva qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı missiyasını da uğurla yerinə yetirirdi. O, Ümummilli Lider Heydər Əliyevin ən sadiq silahdaşı olmuşdur. Ulu Öndər bu böyük insanın xatirəsini hər zaman hörmətlə anaraq deyirdi: "Zərifə xanım çox böyük alim olub. Mən hələ onunla həyat quranda o, artıq elm yolunda idi, elmlə məşğul idi. Onun elmi fəaliyyəti məlumdur. O, çox istedadlı, çox xeyirxah, çox sadə insan idi. Mən bu barədə çox danışa bilərəm, ailəmin yaşaması, bu günlərə çatması, övladlarımın tərbiyəsi üçün və həyatımda onun əvəzsiz rolu üçün mən bu gün Zərifə xanımın məzarı qarşısında baş əyirəm. On il keçsə də, onu bir dəqiqə belə unutmuram və unutmayacağam".

 

Zərifə xanım Əliyeva Vətənimiz üçün iki layiqli övlad tərbiyələndirmişdi. Bu gün Azərbaycanı tarixinin ən qüdrətli mərhələsinə yetirmiş dövlət rəhbərimiz cənab İlham Əliyevdə bu torpağa, bu Vətənə tükənməz sevgi aşılamış anadır.

 

Zərifə xanımın ictimai fəaliyyətini Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev fondunun rəhbəri, UNESCO və ICESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyeva daha geniş miqyasda davam etdirir. İrəli sürdüyü təşəbbüslərlə, həyata keçirdiyi layihələrlə dünyada sülhün təmin olunmasına, tolerantlıq, mədəniyyətlərarası dialoq, multikulturalizm dəyərlərinin yayılmasına töhfə verir.

 

Akademik Zərifə xanım Əliyeva ilə bağlı düşüncələrdən bir həqiqəti dərk edirsən ki, ömrünü böyük mənəvi ideallara həsr etmiş şəxsiyyətlər heç zaman unudulmur. O ideallar yaşadıqca, var olduqca Zərifə xanım kimi şəxsiyyətlər də yaşayır. Dəyərli alimin ruhu qarşısında baş əyirik!

 

Əhliman ƏMİRASLANOV, akademik, SSRİ Dövlət Mükafatı laureatı

"Azərbaycan" qəzeti