Naxçıvan Muxtar Respublika Xəstəxanasında kardiologiyada yeniliklərə dair konfrans keçirilib
13.12.2021 16:05

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublika Xəstəxanasında kardiologiyada yeniliklərə həsr olunmuş elmi-praktik konfrans keçirilib.

 

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Səhiyyə naziri Niyazi Novruzov açaraq ümummilli lider Heydər Əliyevin Azərbaycan səhiyyəsinin inkişafındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, Ulu Öndərin səhiyyə sisteminin inkişafı istiqamətində müəyyənləşdirdiyi vəzifələr bu gün muxtar respublikada da uğurla yerinə yetirilir. Səhiyyə sisteminin yeni dövrün tələblərinə uyğunlaşdırılması, əhalinin sağlamlığının etibarlı təminatına imkan verən müasir tibb infrastrukturunun yaradılması muxtar respublikada dinamik xarakter alan genişmiqyaslı quruculuq işlərinin mühüm tərkib hissəsinə çevrilib. 

 

"Bu gün Naxçıvanda mütəmadi olaraq uğurlu açıq ürək əməliyyatları həyata keçirilir", - deyə bildirən nazir Naxçıvan Diaqnostika Müalicə Mərkəzində və kardioloji mərkəzdə müasir angioqrafiya aparatları ilə müayinə və müalicələrin aparıldığını, eləcə də açıq ürək əməliyyatları, koronarangioqrafiya manipulyasiyası, ürək damarlarına stend qoyulması kimi proseslərin icra olunduğunu diqqətə çatdırıb.

 

O, elmi-praktik konfransın keçirilməsində əsas məqsədin bu sahədə çalışan kardioloqların elmi biliklərini və praktik vərdişlərini artırmaq, bu xəstəliklərin diaqnostikası, profilaktikasında müasir yanaşmalara nail olmaq, yüksək texnologiyalar və innovasiyaların tətbiqi ilə bağlı nailiyyətləri təbliğ etmək və təcrübə mübadiləsi aparmaq olduğunu deyib.

 

Daha sonra Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev çıxış edərək səhiyyənin vacib istiqamətlərindən sayılan kardiologiya və ürək-damar cərrahiyyəsi sahələrində məhz Ümummilli Liderin diqqət və qayğısı sayəsində uğurlara nail olunduğunu vurğulayıb.

 

Rektor bildirib ki, hazırda keçirilən tədbirlər çərçivəsində kadr təminatının təkmilləşdirilməsi də vacib məsələ kimi daim diqqət mərkəzində saxlanılır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin təşəbbüsü və ümummilli liderimiz Heydər Əliyevin himayəsi ilə 1999-cu ildə fəaliyyətə başlayan Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsi ilə muxtar respublikada ixtisaslı həkim hazırlığının əsası qoyulub. 25 tələbə ilə fəaliyyətə başlayan fakültədə hazırda 400-dən artıq tələbə təhsil alır ki, onların arasında xarici ölkə vətəndaşları da vardır. Universitetin Tibb fakültəsinin nəzdində açılan, 2021-2022-ci tədris ili üçün tələbə qəbulu aparılan Hərbi tibb ixtisası muxtar respublikada ali təhsilli tibbi kadr hazırlığı istiqamətində atılan mühüm addımdır.

 

Naxçıvan Muxtar Respublika Xəstəxanasının baş həkimi Zəbur Bağırov ixtisasların profillərinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının müvafiq xəstəxanalarından baza xəstəxanası kimi istifadə edildiyini bildirib. Qeyd edib ki, tələbələrin kliniki dərslərinin əksəriyyətinin xəstəxanalarda, bilavasitə xəstələr üzərində keçmələri üçün lazımi şərait yaradılıb. Eyni zamanda, Respublika Xəstəxanasının kompüter otaqlarında əməliyyatları auditoriyalarda canlı izləmək üçün müvafiq qurğular qurulub.

 

Tədbirdə “Naxçıvan Muxtar Respublikası Kardioloji Mərkəzi” publik hüquqi şəxsin baş həkimi Ramin Hacıyev, “Naxçıvan Diaqnostika-Müalicə Mərkəzi” publik hüquqi şəxsin həkim kardioloqu Arif Cavadov, kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universitetinin rezidentura təhsil səviyyəsinin "Kardiologiya" ixtisası üzrə 2021-ci il məzunu Sara Əzizli, kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin kardiologiya üzrə həkim rezidenti Tamam Seyidova və kardioloji mərkəzin həkim kardioloqu, Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin hematologiya üzrə həkim rezidenti Səbunə Səfərova kardiologiya sahəsindəki aktual elmi problemlər və yeniliklərlə bağlı məruzələr ediblər.

 

Sonda interaktiv diskussiyalar aparılıb, suallar cavablandırılıb.

ÇOX OXUNANLAR
Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutu vakansiya elan edir
 17 İyun – Tibb İşçilərinin Peşə Bayramı Günüdür   
 Cəbrayıl RMX-da yanğın təhlükəsizliyi və təxliyə qaydaları ilə bağlı təlim keçirilib   
Azərbaycan tibbində növbəti uğur: Səhiyyə Nazirliyi Bakı Sağlamlıq Mərkəzinin Aritmologiya bölməsi beynəlxalq akkreditasiya alıb
Mərkəzi Klinika vakansiya elan edir
ATU-nun Əczaçılıq toksikologiyası və kimya kafedrası əməkdaşlarının ixtirasına Avrasiya Patenti verilib
Ölkəmizdə ilk dəfə tətbiq edilən texnologiyaya həsr olunuş elmi simpozium keçirildi - MR-Fusion Prostat Biopsiyası
 Sabunçu Tibb Mərkəzində Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə tədbir keçirilib   
Gəncədə Dünya Allergiya Həftəsi ilə bağlı tədbirlər təşkil olunur
 TƏBİB kollektivi Fəxri xiyabanı ziyarət edib   
Bu ilin yanvar-may aylarında 18 mindən çox uşağa reabilitasiya xidmətləri göstərilib
Səhiyyə Nazirliyi Tibb İşçilərinin Peşə Bayramı Gününü qeyd edib
Nizami Tibb Mərkəzi onlayn növbə sistemi aktivləşdirilən 4-cü müəssisə oldu
 Bakıda Asiya üzrə Beynəlxalq Ginekologiya Konqresi keçirilib   
Səhiyyə sahəsində səmərəli fəaliyyət göstərən bir qrup tibb işçisi təltif edilib - Pirallahı Tibb Mərkəzində