Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” keçirilir  
22.05.2024 17:18

Azərbaycan Tibb Universiteti (ATU) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Naxçıvanda “Tibb tələbələri və gənc tədqiqatçıların respublika konfransı” işə başlayıb.

 

ATU-dan Aztibb.az-a bildirilib ki, Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş konfransdan öncə qonaqlar Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, Ulu Öndərin xatirəsini dərin ehtiramla yad ediblər.


Heydər Əliyev Muzeyi ilə tanışlıq çərçivəsində tədbir iştirakçılarına görkəmli dövlət xadiminin şərəfli ömür yolunu əks etdirən fotoşəkillər, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, xatirə əşyaları və digər dəyərli eksponatlar barədə ətraflı məlumat verilib.


Konfransın açılış mərasimində salamlama nitqi ilə çıxış edən Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus Əliyev tədbirin əhəmiyyətindən danışıb. O, ATU ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən önəmli layihələr, birgə araşdırmalardan bəhs edərək, bu konfransın da tələbə və tədqiqatçıların elmi müzakirələri, gənc alimlərin potensialının reallaşdırılması istiqamətində səmərəli platforma olacağına əminliyini bildirib. Hazırda dünyada elm sahəsində hökm sürən rəqabət şəraitində hər bir universitetin, ali təhsil mərkəzinin yüksək ixtisaslı kadrlar yetişdirmək üçün elmi tədqiqatların məzmununun gücləndirilməsi, sayının artırılmasına ehtiyacı olduğunu vurğulayan rektor, konfransın işinə uğurlar arzulayıb.


Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli tibb təhsili sahəsində böyük əhəmiyyət daşıyan bu tədbirin qədim Naxçıvanda keçirilməsinin sevindirici hal olduğunu bildirib. O, Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin əsas istiqamətlərindən birinin gənclərə və təhsilə daimi diqqət və qayğı olduğunu xatırladıb: “Ulu Öndərin hakimiyyəti dövründə məhz onun səyləri ilə respublikamızın istedadlı gənclərinin sovet ittifaqının aparıcı universitetlərində təhsilinə şərait yaradılıb. İllər keçdikcə, bu cür gənclərin sayı artıb. Ulu Öndər hər il avqustun son günlərində müxtəlif universitetlərdə təhsil alacaq gənclərlə görüşüb, onları şəxsən təbrik edirdi. Həmin dövrdə elmə, təhsilə göstərilən bu cür diqqət qısa müddət sonra öz bəhrəsini verməyə başladı”.


ATU-nun rektoru bu siyasətin indi də dövlət başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Məhz bu yanaşma sayəsində Azərbaycanın ali təhsil mərkəzləri artıq dünyada rəqabətqabiliyyətli universitetlərə çevrilməkdədir. Professor G.Gəraybəyli ATU-nun dünyada 900-dən çox ali məktəbi birləşdirən “Magna Charta Universitatum” - Universitetlərin Böyük Xartiyasına üzv olduğunu, Azərbaycanda ilk dəfə olaraq 3 ixtisas üzrə universitetin tədris proqramının beynəlxalq akkreditasiyadan keçdiyini xatırladıb. Rektor çıxışının sonunda universitetlərin və tələbələrin elmi istiqamətdə inkişafında Tələbə Elmi cəmiyyətlərinin rolunu xüsusi qeyd edib. Naxçıvan Dövlət Universiteti ilə faydalı əməkdaşlıq çərçivəsində təşkil olunan konfransın əhəmiyyətini vurğulayan professor G.Gəraybəyli, gənc tədqiqatçılara uğurlar arzulayıb.


Daha sonra ATU və NDU-nun Tələbə Elmi cəmiyyətlərinin rəhbərləri Müşviq Həsənov və Təbrizə Bağırova çıxış ediblər. Çıxışların ardınca Muxtar Respublikanın 100 illiyindən bəhs edən videoçarx nümayiş olunub.
Konfransın plenar sessiyalarında hər iki universitetdən olan gənc tədqiqatçılar müxtəlif mövzularda təqdimatlar ediblər. İki gün davam edəcək konfrans çərçivəsində kliniki təbabət, tibbi biologiya, ictimai sağlamlıq, əczaçılıq, qida təhlükəsizliyi və stomatologiya mövzularında panel sessiyalar keçiriləcək.  


Qeyd edək ki, Azərbaycan Tibb Universiteti bu tədbirdə geniş nümayəndə heyəti ilə təmsil olunur. İlk dəfə olaraq ATU-nun 30-a yaxın müəllimi və 50-dən çox tələbəsi Naxçıvana səfər edib.


Xatırladaq ki, 2 il öncə hər iki universitetin birgə təşkilatçılığı ilə Naxçıvanda I Beynəlxalq Tibb Forumu keçirilmişdi.

Səadət Məmmədova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev