İmposter sindromu nədir?
13.12.2021 09:54

İmposter sindromu ilk dəfə 1970-ci ildə aşkarlanıb və elmdə çatışmazlıq kimi izah edilir. Həmin sindromdan əziyyət çəkənlərin böyük əksəriyyəti təhsil və iş həyatında uğur əldə etsələr də, özlərini kifayət qədər bacarıqlı hesab etmirlər. Onlar qazandıqları uğurlara layiq olmadıqlarını, sahib olduqları mövqeni zəka ilə deyil, bəxt və talenin gətirməsi sayəsində əldə etdiklərini düşünürlər. Ona görə də öz bacarıqlarını nümayiş etdirməkdən çəkinirlər. Eyni zamanda etiraf edirlər ki, onların uğurlarının təsadüf olduğu aşkar edilər. Buna görə də daim qorxu və stres içində yaşayırlar. Bu hal onların iş həyatına da öz təsirini göstərir. Özləri kiminləsə ünsiyyətə girməkdən, yüksək vəzifəyə sahib olanlarla ünsiyyət qurmaqdan çəkinirlər. Həmin sindromdan əziyyət çəkənlər özlərini sosial mühitdən təcrid edir, qarşılarına çıxan fürsətləri geri çevirir, çünki öz bacarıq və istedadlarına inanmırlar.

 

Psixoloqlar qeyd edirlər ki, imposter sindromunun yaranmasına əsas səbəb özünü olduğu yerə, tutduğu mövqeyə layiq hiss etməməkdir. Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərovanın verdiyi məlumata görə, problemə vaxtında müdaxilə edilmədikdə daha kəskin hal almağa başlayır:

 

“İmposter sindromu yaşayanların özlərinə inam hissi azalır, əhval-ruhiyyələri aşağı düşür, həyəcan pozuntusu yaradır, toplum qarşısında, tünlük olan yerlərdə həyəcan hissi onları üstələyir. Bu, əsasən əsəb sistemində yaranan psixi problem kimi üzə çıxır. Onlar hansısa hədəflərə çatanda onu öz qabiliyyət və bacarıqlarının məhsulu kimi yox, ətrafdakıların köməyi ilə baş verdiyini və yaxud bəxti gətirmək kimi qəbul edirlər. Onlar əksər hallarda həyatdan məmnun olmurlar”.

 

Müsahibimiz bildirir ki, bu hal özünü valideynləri tərəfindən psixoloji şiddətə məruz qalanlarda daha qabarıq şəkildə büruzə verir:

 

“Adətən valideynlər övladlarına, xüsusilə yeniyetməlik dövründə onlara çox müdaxilə edəndə, hər dəfə onların gördükləri işə irad tutanda və yaxud övladları üçün yüksək hədəflər müəyyənləşdirəndə, kimisə onlarla müqayisə edib yüksək bacarıq sahibi olduqlarını nümunə göstərəndə belə hallar yaranır. Hər kəsin müəyyən potensialı var və hansısa sahədə üstün, hansısa sahədə zəif ola bilər. Lakin valideynlər bunu nəzərə almayıb imkanlardan yüksək hədəflərə can atmağı tələb edəndə onlarda müəyyən çatışmazlıq yarana bilər”.

 

Problemdən xilas olmaq istəyənlər öz bacarıqlarına şübhə ilə yanaşmamalı, ətrafdakılarla mütəmadi olaraq ünsiyyət qurmalıdırlar. Duyğu və düşüncələrlə deyil, məntiqlə hərəkət etməlidirlər. Uğur qazanmaq üçün başlıca şərt özünə olan inamdır.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
       Azərbaycanlı həkim beynəlxalq nüfuza malik fəxri ada layiq görülüb             
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Cərrah-transplantoloq Kamran Beydullayev - Peşəkar həkimlərimizi tanıyaq! 
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Mərkəzi Neftçilər Xəstəxanasının həkim-ginekoloqu beynəlxalq konfransda poster təqdim edib   
 ATU-da “III Pediatrik Otorinolarinqologiya” konfransı keçirilib   
 ATU tələbəsi IAC 2026-da ölkəmizi uğurla təmsil edib   
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib   
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
 Azərbaycan Tibb Universiteti ilə “AzerMDS” arasında əməkdaşlığın yeni mərhələsi başlayır   
Ağdaşın Əmirarx kəndində tibbi aksiya: 31 nəfər kənd sakini müayinə olunub  
Zəngin iş təcrübəsinə malik həkim - Tofiq Quliyev