Müalicə vannaları, balneoloji müalicə üsulları – Balneoterapiya İkinci yazı
05.09.2021 21:19

Tibbdə balneoterapiya dərman müalicəsinin dozasını azaltmaqla, xəstəliyin gedişatını idarə etməklə, keyfiyyətli bir həyat təmin etmək üçün ciddi nəticələr verən köməkçi və dəstəkləyici bir müalicə metodudur.

 

Aztibb.az təbii enerji mənbələrindən əldə edilən isti mineral su, qaz və palçıq kimi komponentlərlə tətbiq olunan müalicə vannaları, onun xəstəliklərə faydası haqqında növbəti yazını təqdim edir.

 

 

 

Günəş vannası

 

Günəş vannası və ya qaralmaq ultra-bənövşəyi şüaların təsiri nəticəsində dəri rənginin dəyişməsi (tündləşməsi) və dərinin alt qatında xüsusi melanin piqmentinin toplanmasıdır.

 

1930-cu illərdə günəş terapiyası demək olar ki, bütün xəstəliklərin müalicə üçün dərman kimi qəbul edildi. 1978-ci ildə isə günəş şüalarından qorunmaq üçün krem kəşf edildi.

 

Bir neçə dəfə normal qaydada günəş vannası qəbul edəndə qaralma daha da artır. Amma günəş altında uzun müddət uzanma gün vurması, gün yanması ilə nəticələnir. Eyni zamanda bu vəziyyət sağlamlığa da ciddi ziyan vurur (sinir, ürək-damar və digər sistemlər). Bir neçə dəfə gün vurma nəticəsində isə melanomun yaranma riski artır.

 

Günəş vannası adi yorğunluqdan tutmuş vərəm xəstəliyinə qədər olan xəstəliklərin müalicəsində faydalıdır. Günəş radiasiyası bir sıra ziyansız amma xoşagəlməyən dəri xəstəlikləri yarada bilər. Bu xəstəliklər isə allergik reaksiyanın təsiri nəticəsində yaranır. Yaranan xəstəliklər dəri səpkiləri, iltihab, qaşınma, çəhrayı-qırmızı ləkəli səpki, suluq, eritema ilə xarakterizə edilir. Bu hallar isə saç köklərinin günəş şüalarına qarşı həssaslığından irəli gəlir.

 

Çox vaxt solyarinin günəş vannasına nisbətən daha az ziyanlı olduğu deyilir. Əslində isə belə deyil. Çünki qaralmaq üçün istifadə edilən lampalar ultra-bənövşəyi şüalar yayır və bu, bir gündə günəşdən gələn şüalardan on dəfələrlə çoxdur. Belə şüalanma nəticəsində dəri daha çox şüa qəbul edir.

 

 

 

Bitki vannası

 

Müalicəvi bitki vannaları qədim tarixə malikdir və sağlamlıq üçün əvəzedilməz təsir gücü vardır. Bu cür müalicə üsulları öz təsirini dəfələrlə təsdiqləyib. Belə ki, xoş ətirli vanna çox asan hazırlanaraq tez bir zamanda yorğunluğu götürür, sinir sisteminə sakitləşdirici təsir göstərir, dərini cavanlaşdırır və təmizləyir.

 

Müalicəvi təsirlərə malik olan bitkilər dəridən orqanizmə daxil olaraq sağlamlaşdırıcı təsir göstərir və insanda xoş əhval-ruhiyyə yaradır. Bundan əlavə bitki vannaları insan bədəninə özünəməxsus zərif ətir də bəxş edir.

 

Bitki vannası qəbulu dərinin solğunluğunun və quruluğunun qarşısını alaraq stress əleyhinə təsir göstərir. Vannanın suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. bu kimi effektlər vermək olar. Xalq təbabətində istifadə edilən vannalar daha çox radikulitlərdə, artritlərdə, podaqrada, sinir sistemi xəstəliklərində, kürək, bel və çiyin ağrılarında tətbiq edilir.

 

İnsan orqanizmində bitkilərin tərkibindəki uçucu fitoüzvi maddələr qoxu üzvü vasitəsilə qəbul edilir. Bu uçucu fitoüzvi maddələrə fitonsidlər, efir yağları, aromatik maddələr aiddir. Bu cür maddələr reflektor biokimyəvi, qoxu-reflektor və qabıq-assosiativ təsirlərə malikdir.

 

Fitoterapevtlər cavanlaşdırıcı köpüklü vanna, dərini hamarlaşdıran vanna.
süd-bal vannası, yulaf vannası, darçın vannası, lavanda və səndəl vannası, ardıc vannası, kəcəvər vannası, şam ekstraktlı vanna, kəklikotu vannası, qara çay vannası və başqa adlarda çeşidli bitki vannaları tətbiq edirlər.

 

Bitki vannaları istənilən xəstəliklərin kəskinləşmə mərhələsində onurğa-beyin mayesinin təzyiqinin artması, beyin ödemi, ağcıyərin açıq vərəmində, pnevmoniya, miokardit, miokard infarktı, koronarit, hipertoniya, kəskin flebitlər, qaraciyər sirrozu, trofiki xora zamanı tətbiq edilə bilməz. Ümumiyyətlə, sağlığınızla bağlı heç bir probleminiz olmadıqda belə müalicəvi bitki vannalarını qəbul etməzdən öncə mütləq həkimlə məsləhətləşmək lazımdır.

 

 

 

Duz vannası

 

Müalicədə duz vannasının qəbulu da bir çox xəstəliklərindən əziyyət çəkən insanlar üçün ideal üsuldur. Duz vannası arıqlamaq istəyənlər üçün və dərisində qırışlar olanlar üçün çox effektivlidir.

 

Xalq təbabətində duz müxtəlif pozulmalar zamanı çox təsirli müalicəvi vasitə kimi uğurla istifadə olunur. Hələ adi xörək duzu çox geniş müalicəvi xüsusiyyətlərə malikdir.

 

Duz məhlulu kəskin və xroniki iltihablar, irinli yaralar zamanı istifadə olunur. Duz məhlulu ilə islatmalar yaradan mikrobları, toksinləri çıxardır və nəticədə yara tez bir zamanda təmizlənir, iltihab azalır.

 

Xüsusilə dəniz duzu məhlulu zökəm zamanı geniş istifadə olunur. Dəniz duzu əsasında hazırlanan burun damcıları pediatriyada tətbiq edilir və çox yaxşı müalicəvi effekt verir. Belə damcıların əks-göstərişləri və yanaşı təsirləri yoxdur.

 

Duz məhlulu göbələk əleyhinə təsirə malikdir. Bu səbəbdən duzla ayaq vannaları göbələk zamanı yaxşı kömək edə bilər. Həmçinin bu sadə vasitə pis ayaq qoxusunu yox etməyə kömək edir.

 

Duz kosmetologiyada da çox geniş istifadə olunur.  Həftədə 1-2 dəfə dəniz duzu ilə olan vannaların qəbul edilməsi bədən dərisinə çox müsbət təsir edir, qan dövranını yaxşılaşdırır.

 

Belə vanna maddələr mübadiləsini tənzimləyir, dəriyə müalicəvi təsir göstərir, ona hamar və elastik görkəm verib təmizləyir. 20 dəqiqəlik duz vannası qəbul etdikdən sonra duşun altında yaxalanıb dəriyə krem sürtmək tövsiyə edilir.

 

 

 

Peyin vannası

 

Hindistanda insanlar viruslardan qorunmaq üçün peyin vannaları qəbul edirlər. Mütəxəssislər tərəfindən bu prosedurun bütün viruslara qarşı ən yaxşı müdafiə olduğu vurğulanıb.

 

Hava vannası

 

Aeroterapiya təmiz havanın insan orqanizminə dozalanmış təsiri deməkdir. Bu tip müalicə növü heç kim üçün əks göstərişli sayılmır. Ağ ciyər, ürək, qan, hüceyrələr və ümumiyyətlə bütün orqanların ehtiyac duyduğu oksigeni, insan yalnız havadan alır. Xüsusən dəniz havası çox xeyirli sayılır, onun həm yüksək ionlaşdırılmış, həmçinin duz və ozonla zəngin olmasıdır.

 

Mənfi emosiya yaratmayan bu sadə prosedur insan orqanizminin möhkəmlənməsini təmin edir. Bu prosedur xüsusən çox xəstələnməyə meyilli  olan  insanlar üçün xeyirli sayılır.

 

Bu kimi vannaların sistematik və düzgün qəbulu, sinir sisteminin tonusunu qaldırır, insanın xəstəliyə qarşı mübarizəsini artırır. Bu müalicəvi praktika xüsusən uşaqlar üçün olan kurortlarda geniş istifadə olunur. Hava vannaları orqanizmdə maddələr mübadiləsini, qan dövranı və böyrəyin funksiyasını yaxşılaşdırır, həzm orqanlarına və həmçinin sinir sisteminə çox yaxşı təsir edir. Yuxu, iştah, əhval ruhiyyə yaxşılaşır, insan özünü gümrah hiss edir, baş ağrıları və gərginlik azalır.

 

Vannalar tentlər altında, bir başa günəş şüalarından qorunan povilyonlarda və ağac kölgələrində keçirilir. Hava vannasını qəbul edən zaman, orqanizmə seyrək ultraviolet şüaların təsiri baş verir. Məhz bu səbəbdən, bu vannaları , duz, qum və dəniz vannalarından öncə hazırlıq olaraq təyin edirlər.

 

 

Pant vannası

 

Bu gün də alternativ tibdə maraqla qarşılanan müalicə üsullarından biri də Altay maralının buynuzundan istifadə olunaraq aparılan müalicədir. Hələ e.ə. 168-ci ilə aid olan əlyazmada pant vannaları haqqında məlumat verilib. Maralın tam sümükləşməmiş buynuzu pant adlanır. Deyilənə görə, pant vannaları 52 xəstəliyin çarəsidir. 

 

Maral il boyu böyüyən və ildə bir dəfə təbii şəkildə qırılıb düşən buynuza malik yeganə məməlidir. Maralın buynuzu baharda, aprel-may aylarında sümükləşməmiş şəkildə olanda kəsilir. Pantlar 3 sutka qaynadılır. 2,5-3 kq buynuz 10 prosedur üçün kifayət edir. Maral buynuzunun tərkibində 23 amin turşusu var. Buynuz müalicəsi 10 gün davam edir.

 

Buynuzdan hazırlanmış bulyonda 36, 37, hətta 40 dərəcəlik temperaturda 20 dəqiqə ərzində vanna qəbul edilir.

 

Ənənəvi Şərq təbabətində pant vannaları gücün və cavanlığın qorunması, eləcə də bir çox xəstəliklərin müalicəsində geniş istifadə olunur. Xroniki yorğunluğun aradan qaldırılması, maddələr mübadiləsi, metabolik proseslərin intensivliyinin artırılması, müqavimətin gücləndirilməsi, damarlarda mikrosirkulyasiyanın sürətləndirilməsində faydalıdır. Pant vannaları ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir edir, arterial təzyiqi tənzimləyir, varikoz genişlənmənin inkişafını zəiflədir, müxtəlif onurğa və oynaq xəstəlikləri zamanı effektivdir.

 

Travmalar və əməliyyatdan sonrakı bərpa dövründə sağalma prosesini sürətləndirir. Mədə-bağırsaq sistemi, bronxial astma, dermatoloji xəstəliklərin müalicəsində, hətta piylənmə zamanı pant vannası geniş istifadə olunur. Bu müalicə metodunun unikallığı xəstələrin heç bir ağrı hiss etməməsidir. Yalnız onkoloji problemlər zamanı pant vannası qəbul etmək məsləhət görülmür. Üstəlik, sübut olunub ki, pant vannası qəbul edən şəxs bir neçə il cavanlaşır.

 

 

 

Naftalan vannası

 

Dünyanın heç bir yerində analoqu olmayan Naftalan neftinin möcüzəvi təsiri ancaq çıxdığı klimakterik şəraitdə keçərlidir. Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhi, damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir.

 

Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşağı ətraflar üçün naftalan vannası şəklində təyin olunur. Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir , xüsusi kağızla silinir və duş qəbul edir.

 

Naftalan müalicəsi qəbul edərkən, adətən birinci - dördüncü vanna qəbulu zamanı balneoreaksiya baş verir. Xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları, yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir. 

 

Balneoreaksiya baş verdikdə həkimə müraciət etmək lazımdır. Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır. Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.

 

Naftalan sümük, oynaq-əzələ sistemi xəstəlikləri, periferik sinir və damar xəstəlikləri, dəri və ginekoloji xəstəliklər üçün göstərişlidir.

 

Ənənəvi tibbdə stangerin qalvanik vannası, hüceyrə vannası, mirvari vanna, ətirli vannalar, sualtı masaj vannaları və kontaktsız masaj vannası kimi terapevtik xüsusiyyətləri təsdiq olunan müalicə vannaları da tətbiq edilir.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
Gözlərə nur bəxş edən fədakar həkim
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər