Azərbaycanın vulkan palçığının müalicəvi xüsusiyyətləri – İkinci yazı
02.08.2021 10:18

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada – Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s. palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln. il əvvələ aiddir.

 

Aztibb.az Azərbaycanın vulkan palçığının tibbdə xüsusi əhəmiyyəti barədə növbəti yazını təqdim edir.

 

Vulkan palçığının yüksək balneoloji xüsusiyyətlərinə görə bir sıra xəstəliklərin müalicəsində ondan istifadə edirlər. Bura dayaq-hərəkət aparatının, oynaqların, onurğanın, ətraf əsəb sisteminin, dəri, mədəbağırsaq traktının müalicəsi, şəkər diabeti xəstəliyi, ateroskleroz və boyun osteoxondrozu, ginekologiya, urologiya və kosmetologiya daxildir.

 

Azərbaycanın vulkan palçığının üzvi komponentlərində bioloji aktiv maddələr aşkar edilib. Onlarda müalicə üçün faydalı inqridiyentlər: yod, bor, brom, maqnium, litium, vanadium, mis, dəmir və s. müəyyən olunub. Üzvi maddələrdən – naften, humin və fulvo turşuları və başqa bir sıra fermentlər qeydə alınıb. Bundan başqa, palçıqlar bakterisid maddələr və digər birləşmələr özündə ehtiva edir ki, onlar orqanizmin müalicəsində müsbət rol oynayır.

 

Üzvi maddələrin göstəricilərinə görə vulkan palçığı müalicəvi naftalan neftinə yaxındır. Qeyd etmək vacibdir ki, palçıq vulkanları neft-qaz rayonlarında yayılıb. Bu təbii ki, palçığın kimyəvi tərkibində və müalicəvi xüsusiyyətlərində əks olunur, onları yerüstü mənşəli lillərdən, torf və sapropel müalicə palçıqlarından fərqləndirir.

 

 

Yerin dərinliklərindən çıxan vulkan palçıqları faydalı mikroelementlərlə və üzvi maddələrlə zəngin olub yüksək biostimul təsirinə malikdir. Bu palçıqların daha bir xüsusiyyəti ondan ibarətdir ki, onların kimyəvi tərkibi stabildir. Belə ki, quru palçıq su ilə isladıldıqda ilkin vəziyyətini bərpa edir və bütün faydalı keyfiyyətlərini hifs edir. Ona görə də müalicə üçün nəinki təzə, həm də qurumuş palçıqlardan istifadə etmək olar.

 

Palçıq yaxması qan damarlarını genişləndirir, sistolik və diastolik qan təzyiqini endirir, qanda eritrositlərin, hemoqlobinin, retikulositlərin miqdarını, ağciyərlərin həyat tutumunu artırır, tənəffusü dərinləşdirir və tezləşdirir, mədənin motor və sekretor fəaliyyətini normallaşdırır, mədə-bağırsaqlarda regenerativ və reparativ prosesləri sürətləndirir, böyrəklərin ekskretor funksiyasım artırır və hematuriyanı azaldır, cinsi orqanlarda iltihabı azaldır, sorucu təsir göstərir.

 

Respublikamızın bir sıra rayonlarında yerli sakinlər öz təşəbbüsləri ilə yay aylarında palçıq vannalarını bilavasitə vulkanlarda qəbul edirlər və beləliklə, palçıq müalicəsinin “misir metodundan” faydalanırlar.

 

Bəs bunun sağlamlığımıza faydası nədir?

 

Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir;

Cavanlaşdırıcı və bərpaedici təsirə malikdir;

Bronxit və amfizem üçün effektiv müalicəvidir;

Osteoporozun, oynaqlar və bel kürəyinin digər xəstəliklərinin müalicəsində təsirlidir;

Palçıq vulkanları dartılmalar üçün faydalıdır;

Menstrual pozğunluqlar və sonsuzluq kimi ginekoloji problemlərdə effektiv təsir göstərir;

Endokrin vəzilərin fəaliyyətinə təsir göstərir;

Sədəf, atopik dermatit, ekzema kimi dermatoloji xəstəliklərlə mübarizədə faydalıdır.

 

Bakının Qaradağ rayonu ərazisində yerləşən, "Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu"na daxil olan Otman-Bozdağ vulkanı dünyanın ikinci ən böyük palçıq vulkanıdır.

 

 

Ələt qəsəbəsinin Xəzərin sahilində yerləşən Bahar vulkanında palçıqdan istifadə edən xəstələr dənizin yaxınlığından istifadə edərək su prosedurları da qəbul edirlər.

 

Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir. Bu palçığın sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində xüsusi təsiri var.

 

Palçıqdan hazırlanan kosmetik vasitələr krem və yağlar müalicə və kosmetik vasitə kimi geniş istifadə olunur. Palçıq vulkanından hazırlanan kosmetik vasitələrin tərkibi çoxlu minerallar və kalsium, sink, manqan, gümüş, molibden kimi mikroelementlərlə zəngindir. Həmin maddələr dəriyə müalicəvi təsir göstərərək qan dövranını yaxşılaşdırır, dəridə geniş məsamələr əmələ gələndə onların kiçilməsinə və azalmasına səbəb olur.

 

İnsanların bəzən palçıq vulkanından kortəbii istifadə etməsi müəyyən təhlükə yarada, insan sağlamlığına zərər vura bilər. Odur ki, palçıq vulkanının ərazisində monitorinq keçirilməyibsə, vulkan məhlulunun insan sağlamlığına təsirinin müəyyən olunması məqsədilə analizlər aparılmayıbsa və radiasiya fonu ölçülməyibsə təhlükəli hesab edilir.

 

 

Ölkədə 350-dən çox palçıq vulkanı və palçıq təzahürlərinin geniş yayılması, müalicəvi xüsusiyyətlərinin beynəlxalq səviyyədə təsdiq olunmasına baxmayaraq, bu sahə üzrə ixtisaslaşdırılmış müalicə-sağlamlıq mərkəzləri fəaliyyət göstərmir.

 

Palçıq vulkanlarının ərazisində müasir turizm infrastrukturunun yaradılması layihəsi “Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq hazırlanıb. Bu layihə Abşeronun cənubu və Qobustan ərazisində olan bir çox palçıq vulkanlarını əhatə edir. Layihə 12 min m2 ərazidə olan 14 palçıq vulkanından turizm məqsədilə istifadəyə əsaslanır. Layihə çərçivəsində infrastrukturun yaradılması, palçıq vannaları və təcrübə mərkəzinin təşkili, turizm fəaliyyətləri üçün müvafiq yerlərin ayrılması planlaşdırılıb.

 

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Uzman həkim Şiraslan Baxşəliyev Gəncə Beynəlxalq Xəstəxanasında pasiyentləri qəbul edəcək
Qaradağ Tibb Mərkəzində daha bir uğurlu əməliyyat icra olunub
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!