Müalicə vannaları, balneoloji müalicə üsulları – Balneoterapiya Birinci yazı
04.09.2021 22:34

Müasir tibb müxtəlif avadanlıqlarla müalicə və immunitet sisteminin laboratoriya üsulları ilə inkişaf edilməsi üçün nə qədər imkanlar yaratsa da, təbii metodlarla müalicə həmişə ən keyfiyyətli və ən etibarlı olaraq qalacaq.

 

Balneologiya müalicəvi mineral suları, onların mənşəyini, fiziki-kimyəvi xassələrini, müxtəlif xəstəliklər zamanı orqanizmə təsirini öyrənən, kurortlarda və kurortdankənar şəraitdə onların tətbiqinə dair göstərişləri işləyib hazırlayan kurortologiya bölməsidir.

 

Aztibb.az təbii enerji mənbələrindən əldə edilən isti mineral su, qaz və palçıq kimi komponentlərlə tətbiq olunan müalicə üsulu, onun xəstəliklərə faydası haqqında yazını təqdim edir.

 

Latınca balneologiya adlanan vannalarla müalicə mineral suların fiziki-kimyəvi xüsusiyyətlərini və onun müalicə-profilaktik məqsədlə tətbiqini öyrənir. Balneoloji prosedurlar dərinin reseptorlarını qıcıqlandıraraq orqanizmə ümumi müsbət təsir göstərir.

 

Vannalar tərkibinə görə sudan ibarət olanlar, bitki dəmləməsi və müxtəlif mineral duzlar qatılmış vannalar olaraq təsnif edilir. Vanna qəbulu xoş prosedur olmaqla yanaşı, terapevtik təsirə malikdir. Onun qəbulu dərinin solğunluq və quruluğunun qarşısını alaraq stress əleyhinə müsbət təsir göstərir. Vannanın suyuna müxtəlif komponentlər əlavə edərək ona yüngülləşdirici, tonuslandırıcı, cavanlaşdırıcı, təmizləyici və s. effektlər vermək olar. Xalq təbabətində istifadə olunan vannalar daha çox radikulitlər, artrit, podaqra, sinir sistemi xəstəlikləri, kürək, bel və çiyin ağrılarında tətbiq edilir. Onun hipertermal, mineral, karbon turşulu, qovucuqlu, radon və s. növləri var.

 

Gigiyenik və müalicə məqsədilə tətbiq edilən su vannaları tətbiqinə görə fərqli olur. Ümumi vannalarda baş hissədən başqa bütün bədən suyun içərisində olur, yarımçıq vannalar isə qurşağa qədər qəbul edilir. Yerli vannalarda isə bədənin müəyyən hissəsi, məsələn, çanaq, əl və ayaqlar suya salınır. Əllər üçün təyin olunan isti vannalar bronxial astma, xroniki bronxit, qlaukoma, irit, rinit, traxeit, ayaq üçün olan soyuq vannalar isə xroniki miqren, başgicəllənmə və ümumi zəiflik zamanı tətbiq olunur.

 

Temperaturu 20 dərəcədən aşağı olan vannalar soyuq, 35 dərəcəyədək olanlar sərin, 40 dərəcəyədək olanlar ilıq, 40 dərəcədən yuxarı olanlar isti və çox isti vannalar hesab edilir.

 

İsti vannalar maddələr mübadiləsini sürətləndirir, damarları genişləndirir və onu 5 dəqiqədən artıq qəbul etmək məsləhət deyil. Döş qəfəsi sudan nə qədər aralı olsa, ürək də o qədər yükdən uzaq olur. İlıq vannalar orqanizmi sakitləşdirir və yorğunluğun qarşısını alır, onu 15 dəqiqədən artıq qəbul etmək olmaz. Soyuq vannalar dərinin tonusunu artırır, ürək-damar və sinir sisteminin fəaliyyətini stimullaşdırır. Onun qəbulu 2 dəqiqədən artıq olmamalıdır.

 

 

 

Palçıq vannası

 

Palçıq vannaları bədənin su, sapropel, torf və ya duzlu su palçığı ilə qarışığından ibarətdir. Bu prosedur yalnız ixtisaslaşdırılmış tibb işçilərinin tövsiyəsi və rəhbərliyi ilə həyata keçirilir.

 

Mütəxəssislər qeyd edilər ki, palçıqda olan minerallar və palçığın istiliyi müalicəvi təsirin sirridir. Palçıq iltihab əleyhinə təsir göstərir və sakitləşdirir, cavanlaşdırıcı və bərpaedici təsirə malikdir, bronxit və amfizem üçün effektiv müalicələrdən biridir.

 

Bunlardan əlavə, osteoporozun, oynaqlar və bel kürəyinin, periferik oynaqların və onurğanın artrit müalicəsinə, bədəndəki xoşagəlməz yırtıqlar, menstrual pozğunluqlar və sonsuzluq kimi ginekoloji problemlər zamanı, eləcə də sədəf, atopik dermatit, ekzema kimi dermatoloji və digər xəstəliklərin müalicəsinə yönəldilib.

 

Palçığın fərqli və çeşidli tərkibi ola bilər. Məsələn, tərkibində radioaktiv elementlər və kükürd olan palçıq revmatizma, dəri xəstəlikləri, ciyər və dalaq problemlərini aradan qaldırmağa kömək edir. Həmçinin də mədə və həzm sisteminə yararlıdır. Bəzi palçıq vannalarının tərkibində vulkanik kül və çeşidli minerallar var. 

 

Azərbaycan ərazisində vulkan palçığı geniş yayılıb. Vulkan palçığının yer üzərində olan palçıqlarla müqayisədə üstünlüyü öncə onun tərkibinin unikallığıdır: xırdalanmış, qaymağa bənzər, yumşaq gil kütləsi, yalnız özünə xas olan mineral birləşmələr, üzvi maddələr, bioloji aktiv komponentlərdən və buna uyğun xüsusi terapevtik təsirdən ibarətdir.

 

 

 

Radon vannası

 

Tibb sahəsində geniş tətbiq olunan və təbiətdə ən nadir elementlərdən biri olan radon radioaktiv maddələrin parçalanması zamanı əmələ gəlir. Radonlu suların müalicəvi əhəmiyyəti haqqında ilk dəfə 1900-cü ildə alimlər P.Küri və A.Boşar məlumat verib.

 

Radon vannaları əsasən müalicə vasitəsi kimi tətbiq olunur. Həkim təyinatından asılı olaraq həftədə 6 dəfəyə qədər tətbiq oluna bilər.

 

Suda həll olunmuş radon sakitləşdirici, ağrıkəsici və iltihaba qarşı təsir göstərir, yüksək qan təzyiqini aşağı salır, sinir, endokrin və immun sisteminin fəaliyyətini normalaşdırır, damar və əzələ sisteminin spazmalarını aradan qaldırmağa kömək edir, regenerasiya proseslərini stimullaşdırır. Radonun müalicə təsiri göstərən əsas amili alfa şüalanmadır ki, bundan periferik sinir sisteminn, dayaq-hərəkət sisteminin, damar, ginekoloji, bir sıra dəri xəstəliklərinin və yanıqlardan sonrakı fəsadların müalicəsində istifadə olunur.


Radon vannalarının qəbulu, ürək fəaliyyətini yaxşılaşdırır, qan təzyiqini normalaşdırır. Radon vannalarının köməyi ilə sağalma, sinir və əzələ liflərində sorulma prosesləri sürətlənir. Həmçinin maddələr mübadiləsinin pozulmasından, şəkərli diabetdən, podaqradan və piylənmədən əziyyət çəkənlərin müalicəsində əhəmiyyətlidir.

 

Bu vannalar dəri xəstəliklərinin müalicəsi zamanı yaxşı təsir göstərir, sinir sisteminin fəaliyyətini stimullaşdırır, daxili sekresiya vəzilərinin fəaliyyətini normalaşdırır. Qanın laxtalanma sistemlərinə müsbət təsir göstərir və mikrosirkulyasiya proseslərini yaxşılaşdırır.

 

 

 

Yodlu-bromlu vanna

 

Sanatoriya-kurort müalicəsində yodlu-bromlu vannalar da geniş istifadə olunur. Orqanizmin yod və bromla vanna qəbul etmək yolu ilə zənginləşdirilməsi müxtəlif ginekoloji xəstəliklərin, dayaq-hərəkət aparatı, oynaq xəstəliklərinin, habelə, müxtəlif endokrin, mədə-bağırsaq yolu, uroloji xəstəliklərin, sonsuzluğun, ürək-damar və dəri xəstəliklərinin müalicəsi zamanı geniş istifadə olunur.

 

Naftalan vannasına qarşı əks göstərişlər olduğu halda, alternativ müalicə kimi yodlu-bromlu vanna təyin olunur. Yodlu-bromlu vanna kursu 7 prosedurdan 10 proseduradək olur. Yodun və bromun müalicəvi xüsusiyyətləri sayəsində orqanizm sakitləşir, əhval-ruhiyyə və yuxu yaxşılaşır. Yodlu-bromlu vannalarla müalicə nəticəsində, metabolizm sürətlənir, iltihab əleyhinə, sedativ və ağrıkəsici effektlər göstərilir.

 

Brom əzələlərə sakitləşdirici təsir göstərir ki, bu da radikulitlər, lümbalgiya, poliartritlər və Bexterev xəstəliyi zamanı ağrının azalması ilə nəticələnir. Yodun antibakterial və yara sağaldıcı xüsusiyyətləri psoriaz, atopik dermatit (neyrodermit, ekzema) kimi dəri xəstəliklərinin müalicəsi üçün tətbiq olunur.

 

Yod atomları həmçinin T3, T4 hormonları üçün tikinti materialı hesab olunur ki, bu da qalxanabənzər vəzinin fəaliyyətinin normallaşmasına səbəb olur. Hipotireozla mübarizə zamanı məhz yodlu-bromlu vannalar istifadə olunur. Göstərişlərdə, həmçinin, bir sıra mərkəzi və periferik sinir sistemləri xəstəlikləri, nevrit, işialgiya, bel-oma radikuliti var.

 

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Bu hallarda qırmızı ət zərərli və ya sağlam hesab edilir
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq