COVID-19 infeksiyası zamanı ağciyərlərdə pnevmoniya deyil, kimyəvi proses olan pnevmonit yaranır
21.08.2020 13:23

Artıq 8 aydır ki, bütün dünyada əsas diqqət mərkəzində olan və xəbər manşetlərini bürüyən koronavirus pandemiyası digər xəstəlikləri nisbətən unutdurmaqla yanaşı, insanların yaşam tərzini, hətta dünyanın düzənini dəyişib. Koronavirus pandemiyasının ilk vaxtlarında vətəndaşlarımızın bir qismi bu infeksiyanın mövcudluğuna inanmayaraq karantin rejiminin qaydalarına ciddi əməl etməsələr də, xəstəliyin yayılmasından və hər kəsin yaxın çevrəsində bu infeksiyaya yoluxanların olmasından sonra həmin infeksiyaya qarşı bir növ fobiya, stiqma yarandı.

 

Hazırkı pandemiya dövründə həm digər xroniki xəstəliklərin profilaktikası, həm də COVID-19 infeksiyasından qorunmaq üçün vətəndaşlarımız sağlamlıqlarına qarşı xüsusilə diqqətlə yanaşmalıdırlar. Xroniki xəstəliklərin kəskinləşməsinin qarşısını almaq üçün müvafiq mütəxəssislərin tövsiyələrinə əməl edilməlidir. Tənəffüs infeksiyaları, o cümlədən COVID-19 infeksiyasından qorunmaq üçün isə, hər kəs mövcud karantin rejiminin qaydalarına - qoruyucu maskaların istifadəsi, sosial məsafənin saxlanılması prinsiplərinə ciddi əməl etməklə yanaşı, orqanizmin immun qabiliyyətinin normal saxlanılması üçün balanslı qidalanmalı, zərərli vərdişlərdən və stresdən uzaq olmalı, normal gün rejiminə əməl etməli, soyuqlamadan qorunmalı, idmanla məşğul olmalıdır.

 

Aztibb.az xəbər verir ki, bunu Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent Rafiq Bayramov deyib.

 

"Koronavirus infeksiyası bütün orqanlara, xüsusilə də ağciyərlərə ciddi mənfi təsir edir. Araşdırmalara görə, COVID-19 infeksiyası zamanı ağciyərlərdə adi iltihabi proses, yəni pnevmoniya deyil, kimyəvi proses, yəni pnevmonit baş verir. Bunun yaranma mexanizmi haqqında fərqli fikirlər mövcuddur. Belə ki, məşhur Rusiya pulmonoloqu, akademik A.Çuçalin qeyd edir ki, koronavirus infeksiyası tənəffüs yolları vasitəsilə alveollara düşərək onu zədələyir və alveollara hialuron turşusu toplanaraq kimyəvi pnevmonit törədir. ABŞ alimləri isə belə hesab edirlər ki, COVID-19 əsasən hemoqlobinə təsir edir və onun parçalanmasına səbəb olur ki, nəticədə ayrılan dəmir alveolları zədələyərək kimyəvi pnevmonit törədir. Hazırda COVID-19 infeksiyasının xüsusiyyətləri haqqında çox müxtəlif, hətta bir çox hallarda bir-birini təkzib edən fikirlər mövcuddur. Ona görə də, bu infeksiyanın orqanizmdə, xüsusilə də ağciyərlərdə törətdiyi dəyişikliklər, onun xüsusiyyətləri, spesifik müalicə və profilaktika üsulları haqqında dolğun, elmi əsaslandırılmış məlumatların olması üçün zaman lazımdır", - deyə R.Bayramov bildirib.

 

Kafedra müdirinin sözlərinə görə, COVID-19 pandemiyası dövründə pnevmoniya olan xəstələrin sayı xeyli artıb. Etioloji amillərdən asılı olmayaraq pnevmoniyalar zamanı müxtəlif təzahür səviyyəsində torokal əlamətlər - öskürək, bəlğəm ifrazı, təngnəfəslik, döş qəfəsində ağrı və s. ilə yanaşı, ümumi intoksikasiya simptomları, yəni hərarətin yüksəlməsi, başağrısı, iştahsızlıq və s. müşahidə olunur. Koronavirus infeksiyası zamanı ağciyərlərdə baş verən dəyişikliklərin xarakterik xüsusiyyəti ondan ibarətdir ki, proses adətən ikitərəfli olur, yəni hər iki ağciyər, xüsusilə aşağı paylar zədələnir. COVID-19-un klinik əlamətləri xəstələrin əksəriyyətində digər mənşəli pnevmoniyalara nisbətən daha az olur. Belə ki, xəstələrin böyük bir qismində temperaturun hətta bəzən bir dəfə 37,2-37,5° C-dək yüksəlməsi, iybilmə, dadbilmə hissinin zəifləməsi, kürək nahiyyəsində ağrıların olması və s. müşahidə olunur. Bəzi hallarda heç bir ciddi narahatlığı olmayan, lakin ya bu infeksiyaya görə PZR testinin nəticəsi pozitiv olduğuna, ya da COVID-19-a yoluxan xəstə ilə təmasda olduğuna görə döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası olunan şəxslərdə koronavirus pnevmoniyası üçün xarakterik olan hər iki ağciyərin aşağı payında, subplevral lokalizasiyalı “buzlu şüşə” görüntüsü müəyyən edilir. “Buzlu şüşə” görüntüsü yalnız koronavirus üçün xarakterik deyil, ağciyərlərin müxtəlif mənşəli iltihabi proseslərində də aşkar edilir.

 

Mütəxəssis bildirib ki, tənəffüs infeksiyaları arasında vərəm heç də koronavirus infeksiyasından az aktual deyil: "Doğrudur, COVID-19 infeksiyasının yeni olması, kontagiozluğunun yüksəkliyi, inkubasiya dövrünün daha qısa olması, spesifik müalicə və profilaktika üsulunun mövcud olmaması kimi xüsusiyyətləri ilə səciyyələnsə də, vərəm xəstəliyi də cəmiyyət üçün çox təhlükəlidir. Yaşı təxminən bəşəriyyətin, canlıların yaşı ilə eyni olan vərəm xəstəliyinin spesifik profilaktika və müalicə üsulları mövcud olsa da, hazırda bu xəstəlik dünyada aktual problemlərdən biri olaraq qalmaqdadır. Dünyada, o cümlədən ölkəmizdə vərəmlə yoluxma, xəstələnmə göstəricilərində stabilləşmə və ya nisbi azalma müşahidə olunsa da, dərmanlara rezistent vərəmin rastgəlmə tezliyi artmaqdadır. Bu da aktual bir problemdir, çünki dərmanlara rezistent vərəmlə ciddi mübarizə aparılmazsa, vərəmə görə epidemioloji göstəricilər kəskin pisləşə bilər. Hər il dünyada 10 milyondan çox insan vərəmlə xəstələnir ki, onların da təxminən 1,5 milyonu bu xəstəlikdən dünyasını dəyişir. 8 ay ərzində dünyada COVID-19 infeksiyasından ölənlərin sayının 780 mindən çox olduğunu nəzərə alsaq, həmin müddətdə vərəm xəstəliyindən dünyasını dəyişənlərin sayı heç də bundan az deyil".

 

R.Bayramov payız-qış fəslində koronavirus infeksiyasına yoluxma hallarında artımın olacağına dair fikirlərə münasibətini bildirərək deyib: "İstər COVID-19 infeksiyası, istərsə də hər hansı bir xəstəlik haqqında öncədən dəqiq proqnoz söyləmək mümkün deyil. Ümumiyyətlə, ilin soyuq fəsillərində tənəffüs infeksiyaları ilə xəstələnənlərin sayında həmişə artım müşahidə olunur. Lakin bu ciddi narahatçılığa səbəb olmamalıdır və koronavirus pandemiyası ilə mübarizədə qalib gəlmək üçün hər kəs həmrəy olaraq karantin qaydalarına ciddi əməl etməlidir. Hazırda həmin infeksiyaya yoluxanların sayındakı azalma arxayınlıq yaratmamalı və profilaktik tədbirlərə riayət edilməlidir.

 

Bəzən öskürək şikayəti olan kimi ağıla ilk olaraq tənəffüs sistemi patologiyaları gəlir. Lakin qeyd etmək istərdim ki, bəzən heç bir bronx-ağciyər patologiyası olmayan şəxslərdə də, məsələn, qastroezofaqial reflüksdən əziyyət çəkənlərdə, AÇF inhibitorlarının istifadəsi zamanı və s. uzun sürən öskürək müşahidə edilə bilər. Ümumiyyətlə, bronx-ağciyər aparatının 800-ə qədər xəstəliyi var ki, onların da hər birinin müxtəlif inkişaf mərhələsində fərqli səviyyədə öskürək müşahidə oluna bilər. Ona görə də, öskürəklə mübarizə aparmaq üçün ilk olaraq onu yaradan səbəb aradan qaldırılmalıdır".

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
Gözlərə nur bəxş edən fədakar həkim
Kardioloq Fikrət Sadıqzadə ürək çatışmazlığından vəfat edib  
 TƏBİB Daxili nəzarət və monitorinq departamentinin Monitorinq şöbəsinə işçi axtarır   
Dünya liderlərini bir araya gətirən
 Ümumdünya Hemofiliya Günü ilə əlaqədar Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində qanvermə aksiyası keçirilib   
Həddindən artıq su qəbulu beyin şişməsinə səbəb ola bilər
Anestezioloq-reanimatoloq Sevda Hüseynova- “Həkimlərimizi tanıyaq!” rubrikası
Quba rayonunun Hacı-Hüseyinli kənd sakinləri tibbi müayinədən keçiblər
Təcili tibbi yardım briqadasının vaxtında yardımı nəticəsində xəstə boğulma vəziyyətindən çıxarılıb