Həkim-pulmonoloq: "İki doza peyvənd olunmuş şəxslər xəstəliyi yüngül keçirirlər"
30.09.2021 14:13

Qobustan Rayon Mərkəzi Xəstəxanasının həkim-pulmonoloqu Afət Novruzova yeni növ koronavirus (COVID-19) infeksiyasının profilaktikası, müalicə metodları və peyvəndləmə barədə sualları cavablandırıb.

 

- Ölkədə COVID-19 virus infeksiyasının profilaktikası necə aparılır?

 

Ölkədə koronavirusun profilaktikası yüksək səviyyədə həyata keçirilir. Ümumiyyətlə xəstəlik baş verdikdən sonra onu sağaltmaqdansa, xəstəliyin qarşısını almaq daha münasibdir. Xəstəliyin profilaktikası ilə minlərlə xəstələnmə halının qarşısını almaq mümkündür. Kütləvi xəstələnmənin qarşısını almaq məqsədilə xüsusilə epidemiya və pandemiya zamanı profilaktika çox önəmlidir. Profilaktika üçün başlıca iş prinsipi əhalinin maarifləndirilməsidir. Çox sevindirici haldır ki, maarifləndirmə işi ölkədə yüksək səviyyədə həyata keçirilir. Əhali kütləvi informasiya vasitələri ilə maarifləndirilir, ilkin simptomlar və xəstələrin hansı hallarda hara müraciət etmələri barədə geniş məlumatlar verilir. Bundan başqa, xəstəliyin qarşısının alınması üçün müxtəlif analizlərin aparılması vacib şərtdir. Ölkədə COVID-19-la bağlı yoxlamaların aparılması Prezident İlham Əliyevin birbaşa nəzarətindədir. Testlər vasitəsilə virus daşıyıcısı olan xəstələr müəyyən edilir. Koronavirus xəstələri yüngül, orta və ağır kimi dəyərləndirilir. Yüngül xəstələr evdə müalicə olunduğu halda, orta-ağır və ağır xəstələr isə xəstəxanaya yerləşdirilir. Bu, virusun əhali arasında kütləvi yayılmasının qarşısını alır. Koronavirusun ən ciddi profilaktikası isə peyvəndləmədir.

 

- Yeni növ koronavirus əleyhinə vaksinasiyanın əhəmiyyəti barədə nə deyə bilərsiniz?

 

Ölkədə COVID-19 əleyhinə vaksinasiya prosesi yüksək səviyyədə həyata keçirilir. Müşahidələrimə əsasən deyə bilərəm ki, xəstəxanaya müraciət edən xəstələr arasında iki doza peyvənd vurdurmuş vətəndaşlar, demək olar ki, yoxdur. Yəni, peyvəndləmənin hər iki mərhələsində iştirak etmiş vətəndaşlar çox az hallarda virusa yoluxurlar. Lakin unutmaq olmaz ki, peyvənd virusa yoluxmadan qorumur. Sadəcə vaksinasiyadan keçənlər xəstəliyi çox yüngül keçirdikləri üçün, demək olar ki, həkimə müraciət etmirlər. Həmin xəstələrdə orqanlar zədələnmir və saturasiya aşağı düşmür. Hətta bəzən ağ ciyərlərin zədələnməsinə baxmayaraq xəstəliyin sağalması sürətli baş verir.

 

- COVID-19 infeksiyasının ən effektiv müalicə metodu hansıdır?

 

Əslində, COVID-19-un konkret müalicə metodu yoxdur. Həkimlər xəstələrə məxsus xüsusi müalicə üsulu tərtib edirlər. Xəstəyə oksigen lazımdırsa, təmin edilir, kimyəvi müalicə gedir, həmçinin prosesə bakteriyalar da qoşulubsa, antibiotik təyin edilir və s. Koronavirus xəstələrinin yanaşı xəstəlikləri varsa, mütləq müalicə edilməli və xəstənin vəziyyəti stabil saxlanılmalıdır. Yəni, koronavirus infeksiyasını aradan qaldırmaq üçün xəstəyə simptomatik müalicə təyin edilir.

 

- Siz koronavirus xəstələrinin müalicəsində hansı metodlardan istifadə edirsiniz?

 

COVID-19 tibdə yeni xəstəlikdir. Hazırda koronavirus xəstələri Ümumdünya Səhiyyə Təşkilatının təqdim etdiyi protokollara əsasən müalicə edilir. Protokollarda ara-sıra edilən yeniliklər də həkimlər tərəfindən nəzərə alınır və müalicə müvafiq olaraq dəyişdirilir. Lakin hər xəstənin müalicəsi tamamilə eyni aparılmır. Mən xəstələrimin müalicəsi zamanı, onun yaşını, yanaşı xəstəliklərini, immun sistemi və psixoloji vəziyyətini nəzərə alıram. COVID-19-la mübarizəyə qoşulan, çalışdığım Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi, koronaviruslu xəstələrlə iş aparan tibb işçilərinə dəstəyini əsirgəməyən Emin Hüseynin də bununla bağlı göstərişləri var. Xəstələrə fərdi müalicə sxemi tərtib etdikdə müsbət nəticə əldə etmək daha asan olur. Ümumiyyətlə xəstələr həkimə nə qədər tez müraciət edər, tədbir nə qədər tez görülərsə, sağalma şansı da bir o qədər çox olar. Gecikmiş xəstələrin müayinəsi nəticəsində bəzən aydın olur ki, ağ ciyərlərin 70-80 faizi zədələnib. Belə xəstələr daha çox diqqət tələb edir. Xəstənin bədənində külli miqdarda bioloji maddələr ifraz olunur və ağ ciyərlərdə olan xırda kapilyarların keçiriciliyi pozulur. Qazlar mübadiləsinin də pozulması nəticəsində orqanizmdə olan oksigenin miqdarı azalır və xəstə boğulmağa başlayır. Belə çətin nüanslarla üz-üzə qalmamaq üçün vətəndaşları həkimə vaxtında müraciət etməyə çağırıram.

 

- Mövsümi qriplərlə COVID-19-u necə fərqləndirmək olar?

 

Kəskin respirator virus infeksiyaları ilə COVID-19 infeksiyasının differensial diaqnostikasını həm klinika, həm də laborator müayinələr ilə fərqləndirmək olur. Əgər burundan koronavirusa görə götürülmüş yaxma pozitivdirsə, xəstəyə birmənalı olaraq COVID-19 diaqnozu qoyulur. Bundan başqa, qandan müxtəlif analizlər götürülür və dəyişikliklərə əsasən, xəstənin koronavirusa yoluxub-yoluxmadığı müəyyən edilir. Həmçinin koronavirus xəstədə özünü müxtəlif kliniki əlamətlərlə özünü göstərir. Nəzərə almaq lazımdır ki, adi virus infeksiyasına yoluxduqda xəstəlik başlayır, kəskinləşir və sağalma gedir, lakin COVID-19-da klinika dalğavaridir. Məsələn, xəstənin bədən temperaturu 3 gün yüksək olur, daha sonra özünü rahat hiss edib gündəlik həyatına davam etsələr də, xəstəlik 2 gündən sonra yenidən kəskinləşir və ikinci dalğa başlayır. Xəstəliyin ikinci dalğası həmişə birincidən daha kəskin olur. Yəni, ikinci dalğada bədən temperaturu daha da yüksəlir və xəstədə güclü öskürək müşahidə edilir, saturasiya aşağı düşür, həmçinin ağ ciyərlərdə “buzlu şüşə” müşahidə edilir. Onu da qeyd edim ki, “buzlu şüşə” yalnız koronavirusa xas əlamət deyil, digər virus infeksiyalarının da simptomu ola bilər. “Buzlu şüşə” görüntüsü COVID-19 infeksiyasının ağırlaşmasından xəbər verir. Ümumiyyətlə bu xəstəlik adi mövsümi qriplərdən fərqli olaraq daha çox damarları zədələyir. Qan qatılaşır, tromblaşma təhlükəsi yaranır. Koronavirus xəstələrində mədə-bağırsaq sisteminin də funksiyası pozulur, ürəkbulanma, qusma və s. əlamətlər müşahidə edilir. Xəstənin başı tez-tez ağrıyır. Hətta koronavirus beyində xırda qan sızmalara da səbəb ola, xəstənin insult riskini artıra bilər. Təcrübəmə əsasən deyirəm ki, COVID-19-un zədələmədiyi orqan yoxdur. Heç bir orqan koronavirusun fəsadlarından kənarda qalmır. Mədəaltı vəz, qaraciyər, böyrəklər və digər orqanlar da zədələnir. Məsələn, qanda qatılaşma olduğuna görə xəstəyə müxtəlif qandurulducular təyin edilir. Belə olan halda, güclü öskürək zamanı xəstədə kapilyarlar partlayır, qanaxma olur və bronxlar zədələnir. Yəni, koronavirusa ayrı-ayrı orqanlar deyil, bütün bədən reaksiya verir. Təkrar edirəm, COVID-19-dan yeganə çıxış yolu peyvəndləmədir. Ona görə də peyvəndləməni gecikdirməyib səhhətimizin qayğısına qalmalıyıq.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Rəşad Nəsirli - Pasiyhentləri ağır vəziyyətdən maksimum dərəcədə ağrısız çıxarmağı bacaran anestezioloq-reanimatoloq 
Gözlərə nur bəxş edən fədakar həkim