Baş mama-ginekoloq: "Erkən doğumların statistikası azalmağa doğru gedir"  
05.05.2021 13:32

Səhiyyə Nazirliyinin baş mama-ginekoloqu Sevinc Məmmədova 5 may – Beynəlxalq Həkim-Mama Günü ilə əlaqədar müsahibə verib. O, hamiləliyə hazırlıq, keysəriyyə əməliyyatı, erkən yaşda baş verən hamiləliklər və digər məsələlərə toxunub. 

 

Aztibb.az müsahibəni təqdim edir:

 

- Günün mahiyyəti haqqında qısa məlumat verməyinizi xahiş edirik.

 

5 may – Beynəlxalq Həkim-Mama Günüdür. 1987-ci ildə Niderlandda keçirilən konfransda Həkim-Mama Beynəlxalq Assosiasiyası bu günün qeyd olunması ideyası ilə çıxış edib. Beynəlxalq Həkim-Mama Günü yalnız 1992-ci ildə rəsmi status qazanıb. Hazırda dünyanın 50-dən artıq ölkəsində qeyd olunan həmin günün əsas məqsədi həkim-mamaların fəaliyyəti barədə əhalini məlumatlandırmaqdır. Bu peşənin əhəmiyyəti çox böyükdür, çünki ananın və uşağın sağlamlığı məhz onun təcrübə, bilik və bacarığından asılıdır.

 

- Hamiləliyə hazırlıq üçün nələr etmək lazımdır? Bu prosesdə diqqət etməli olduğumuz əsas məqamlar hansıdır?

 

Ümumi hamiləlik hər bir qadın üçün sanki bir sınaqdır. Hamiləlik müddətində qadın orqanizmində müəyyən dəyişikliklər baş verir ki, bu da doğulacaq uşağın sağlam, düzgün təməli üçün böyük rol oynayır. Övlad sahibi olmağı planlayan hər bir cütlük mütləq şəkildə ümumi müayinələrdən keçməlidir. Bura qanın əsas göstəricilərini müəyyən edən analizlər aiddir. Çünki, bu prosesdə əsas diqqət etdiyimiz məqamlar anadangəlmə xəstəliklərin-qüsurların olmasıdır. Çox zaman valideynlərə elə gəlir ki, onların övladları sağlamdır və həkimə ehtiyac yoxdur. Lakin gənc qadında hər hansı bir xəstəlik varsa hamiləlik zamanı bu xəstəliyin gedişatı kəskinləşir, daha ciddi klinik vəziyyətə gətirib çıxarır. Terapevt tərəfindən müayinə zamanı aşkarlanan xəstəliklər səbəbindən ixtisaslı mütəxəssislərə müraciət etmək vacibdir. Hamiləlik baş tutduqda isə qadınların hamiləliyi müştərək şəkildə həkim mama-ginekoloq və daha ixtisaslı həkimlər tərəfindən idarə olunmalıdır. Hamilə qadınlarda göstəriş olduqda həkim tərəfindən hamiləliyin müəyyən kritik dövrlərində xəstəxanaların patologiya şöbələrinə hospitalizasiya olunaraq müalicə almaları mütləqdir.

 

- İki doğuş arasındakı zaman fərqi ana sağlamlığı baxımından neçə il olaraq dəyərləndirilir?

 

Hətta doğuşdan sonrada zahılığın 42 günü ərzində qadına nəzarət həkim mama-ginekoloq tərəfindən aparılır. Bu səbəbdən həkim mama-ginekoloqun hər bir qadının həyatında oynadığı rol danılmazdır. Ümumi hər iki doğuş arasındakı zaman 2 ildən az olmamalıdır. Ananın hamiləlik dövrü, doğuş və 1 il ərzində körpəni ana südü ilə qidalandırmasına sərf etdiyi enerji 2 ilə bərpa olunur. Əgər bu zaman fərqi qısalarsa anaya ciddi ziyan dəyə bilər. Bərpa olunmamış orqanizmdə yeni bir həyatın əmələ gəlməsi və inkişafı müəyyən əngəllərlə rastlaşacaq. Bu səbəbdən deyilən məqamlara diqqət etmək lazımdır. Arzuolunmaz hamiləlikdən qorunmaq vacibdir, bu ananın və uşağın həyatına ciddi təhlükə yarada bilər.

 

- Keysəriyyə əməliyyatından sonra normal doğuş mümkündürmü?

 

Kəsik əməliyyatı, abdominal doğuş mütləq şəkildə ciddi göstərişlərlə icra olunur. Bu göstərişlər 5 kateqoriyaya bölünür. Ümumiyyətlə nəzəri olaraq bəzi ölkələrdə açıq əməliyyat otağı şəraitində müəyyən şərtlər gözlənilməklə keysəriyyə əməliyyyatı icra olunduqdan sonra normal doğuşu idarə edirlər. Lakin ölkəmizdə müvafiq qanunlara uyğun olaraq bu yolverilməzdir və uşaqlıq üzərində hər hansı bir çapıq olduğu halda bu bilavasitə təkrar cərrahi doğuşa göstərişdir.

 

- Ümumiyyətlə keysəriyyə əməliyyatından sonra növbəti doğuş neçə il fasilə ilə tövsiyə olunandır?

 

Keysəriyyə əməliyyatından sonra növbəti doğuş ən azı 2-2.5 il fasilə ilə tövsiyə olunur. Bu, əməliyyatdan sonrakı dövrün necə keçməsindən, uşaqlıq üzərindəki olan çapığın sağalmasından, qadın orqanizminin özünü toparlamasından və qadının yanaşı xəstəliyi varsa onun durumundan asılı olan bir zamandır. Adətən bu suallara həkim mama-ginekoloq qadın məsləhətxanası şəraitində müvafiq müayinələr keçirildikdən sonra tövsiyəsini verir.

 

- Erkən yaşda baş verən hamiləliklərin və ya doğuşların hansı riskləri var?

 

Erkən yaş dedikdə 15-17 yaş arası nəzərdə tutulur. Bu, gənc orqanizmin yetkin olmaması bütün daxili orqanların yetişməməsi deməkdir. Gənc qadın hamiləliyi sona çatdırmamaq kimi risklər daşıyır. Onlarda adətən doğuş baş verdikdə doğum travmaları, çanaqdibi əzələlərin yararsızlığı, azçəkili yetişməmiş uşaqların doğulması, qanaxmalar kimi fəsadlaşmalara rastlanır. Onu da qeyd edim ki, ölkəmizdə erkən doğumların statistikası azalmağa doğru gedir.

ÇOX OXUNANLAR
AMEA-da akademik Vəli Axundovun 110 illiyi qeyd edilib
Nizami Tibb Mərkəzinin ümumi cərrahı dünyasını dəyişib
Respublika QİÇS-lə Mübarizə Mərkəzi özəl tibb müəssisəsində infeksiyalara yoluxma risklərinin idarə olunması ilə bağlı təlim keçirib
Liv Bona Dea Xəstəxanasının Pediatrik Reanimasiya və İntensiv Terapiya Bölməsinin fəaliyyətə başlamasından 2 il ötür
Azərbaycanlı alim 16 ölkə transplantoloqlarının toplaşdığı beynəlxalq simpoziumda iki məruzə ilə çıxış edib
 Tədris Cərrahiyyə Klinikasında boyunun orta kistası uğurla əməliyyat olunub   
 Şəki Rayon Mərkəzi Xəstəxanasında növbəti qanvermə aksiyası    
Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasının iclasında bir sıra məsələlər müzakirə edilib
“Azərbaycan dili” (ingilis qrupları üçün) dərsliyi işıq üzü görüb
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçirib
Bakı Sağlamlıq Mərkəzinin həkimləri beynəlxalq konfransda təmsil olunublar
Həmkarımızın psixoloji tükəndiyini necə anlayaq?
Şamaxı Rayon Mərkəzi Xəstəxanasının mütəxəssisləri tərəfindən loqoped xidməti təşkil olunub
 Dövlət Gömrük Komitəsinin nümayəndəsi EAPCCT-nin 46-cı Beynəlxalq Konqresində iştirak edib   
 Tərtər RMX tərəfindən hərəkət məhdudiyyətli uşaqların icbari dispanserizasiyası həyata keçirilir