Qadın və kişi sonsuzluğunun ƏSAS səbəbləri – Cərrah-ginekoloq mühüm məqamlara aydınlıq gətirdi/MÜSAHİBƏ
24.04.2021 19:13

“Cərrahiyyə incəsənətdir”

 

Aztibb.az Mərkəzi Klinikanın Mama-Ginekologiya şöbəsinin müdiri, təcrübəli cərrah-ginekoloq, tibb üzrə fəlsəfə doktoru Mahirə İsmayılova ilə günümüzün qadın xəstəlikləri mövzusunda çox mühüm məlumatları sizə təqdim edir. Müsahibimiz qadın cinsiyyət orqanlarının iltihablı xəstəliklərinin, menstrual dövrün pozulmasının, endometriozun, uşaqlıqda miomanın, sonsuzluğun və digər xəstəliklərin diaqnostikası və müalicəsi üzrə tanınmış mütəxəssisdir.

 

Mahirə xanım, əksər hallarda qadınlar sağlamlıq problemi olmayınca ginekoloqa müraciət etmirlər. Hamiləlikdən öncə və sonra qadının ginekoloqla görüşünü şərtləndirən hansı vacib amillər var?

 

- Ümumiyyətlə, insan təkcə xəstələnəndə yox, xəstələnmədən öncə, profilaktik olaraq həkimə müraciət etsə daha məqsədəuyğundur. Bu, ancaq ginekologiyaya deyil, eləcə də digər sahələrə də aiddir. Çünki elə xəstəliklər var ki, çox vaxt simptomsuz keçir. İnsan daxilində təhlükəli bir xəstəliyin inkişaf etdiyini bilmir.

 

Biz hər zaman cağırış edirik ki, qadınlarımız profilaktik müayinələr üçün ən azı ildə iki dəfə həkimə müraciət etsinlər. Ginekoloji xəstəliklər sırasında nümunə üçün uşaqlıq boynunun xərcəngindən danışsaq, bu xəstəlik qadında yaranmazdan öncə müəyyən əlamətləri ilə özünü biruzə verir, lakin qadın bunun ciddiyətinə varmır. Tutaq ki bir axıntı, yaxud kontakt qanama şikayəti olur, tanışlar, digər sahə mütəxəssisləri və çox vaxt da əczaçıya narahatlıqları ilə bağlı suallar verirlər. Əksər hallarda da qarşı tərəfdən müxtəlif vaginal şamlar tövsiyə olunur və xəstə də bunu tətbiq etməklə narahatlığın qarşısını müvəqəti almış olur. Halbuki, daxildə hüceyrələrin dəyişməsi prosesi gedir, artıq qadın həkimə müraciət edəndə onda uşaqlıq boynunun xərçəngi müşahidə olunur. Belə xəstələr üçün hətta cərrahi müdaxilə də əhəmiyyətini itirir.

 

Eyni vaxtda miomalar, uşaqlıq cismində olan törəmələr və fibromalar da qadınlarda tez-tez rast gəlinəndir. Bəzən qadının qarnında böyümə halı onun kilo alması düşüncəsini yaradır. Belə olduqda qadınlar müəyyən idman hərəkətləri etməyi, bəziləri isə hətta liposaksiya əməliyyatı keçirməyi düşünürlər. Amma bilmirlər ki, onların çanağında böyük bir törəmə inkişaf edir. Belə hallarda biz ultrasəs müayinəsi zamanı onlarda böyük bir uşaqlıq miomasının yarandığını müşahidə edirik. Bəzən gənc qadınlar təkcə bu şişi götürmək deyil, hətta uşaqlıq orqanını itirmək təhlükəsi ilə üz-üzə qalırlar. Eyni zamanda, profilaktik müayinələr zamanı süd vəzi xərçəngi və digər xəstəliklər də aşkar edilir.

 

Ümumiyyətlə bütün dünyada mütəxəssislər qadınlara tövsiyə edirlər ki, əgər hamiləlik planlaşdırırlarsa, müəyyən “check-up” müayinələrdən keçməlidirlər.

 

Qadında hər hansı hormonal dəyişikliklər, yaxud infeksiyaya yoluxma halı ola bilər. Odur ki, hamiləlikdən öncə müayinələr çox vacibdir. Həkim təqibi isə hamiləlikdən sonra və zahılıq dövründə də davam etdirilməlidir.

 

Əvvəllər hamiləlik daha rahat yaşanan proses kimi görünürdü. Hazırda isə əvvəldən sona planlı bir proqram kimi izlənilir. Səbəblər nədir ki, həssas yanaşma təlabatı da bu qədər artıb?

 

 

 

- Düşünmürəm ki, hamiləlik əvvəllər də rahat keçib. Biz yaşlı nəslin qadınlarından analiz toplayanda sorğu-sual əsasında onlardan neçə hamiləliyinin olması, neçə abortun baş verməsi, neçə uşaq dünyaya gətirməsi, neçəsinin yaşaması barədə məlumatlar əldə edirdik. Çox vaxt da hamiləlik, doğuş və sağqalma ilə bağlı nəticələr neqativ olurdu. Üstəlik statistikaya da baxsaq, əvvəlki illərdə ana və uşaq ölümünün daha çox baş verdiyini görərik.

 

Onu da vurğulayım ki, tibb elmi inkişaf etdikcə dünya dövlətlərində bu sahədə bütün texnologiyalar, sosial-tibbi proqramlar ana və uşağın mühafizəsinə yönəlib. Digər tərəfdən əvvəllər yaşlı nəsil hamiləliyin necə nəticələnəcəyinə də o qədər ciddi baxmırdı. Bugünkü yanaşmalar isə köklü fərqlənir. Qadınlar daha tələbkar olub, onların ginekologiyaya dair bilgiləri də çoxdur. Onların özlərinə diqqətlə yanaşmaları həkimlərin də çiyinlərinə daha həssas yanaşma məsuliyyəti qoyur. Beləliklə, hamiləliyin təqibi də hər qadının özünə görə, xüsusi protokolla aparılır.

 

- Sonsuzluq barədə də bəzi suallara aydınlıq gətirək. Ümumiyyətlə övlad sahibi olmağı əngəlləyən hansı faktorlar var?

 

Baxmayaraq ki, dünyada sonsuzluğun qarşısını almaq üçün müxtəlif müasir üsullar tətbiq edilir, amma bu gün yenə də o, böyük problem olaraq qalmaqdadır. Son 20 ildə dünyada cütlüklərin 15-20%-i sonsuzluq problemini yaşayır. Ölkəmizdə də əhalinin sayını nəzərə alsaq, bu rəqəm üçün 15-20% ciddi göstəricidir. Sonsuzluğun səbəblərinə gəldikdə isə, hər iki cins üçün bölgü etsək, bu hal 35-40% qadınlara, 45% isə kişilərə bağlı xəstəliklərdən qaynaqlanmaqdadır. Onu da qeyd edim ki, əvvəllər qadın sonsuzluğu daha çox rast gəlinən idisə, bu gün kişi sonsuzluğu üstünlük təşkil edir. Eyni zamanda, kişi sonsuzluğunun müalicəsi də çətinləşib.

 

Körpə sahibi olmağı əngəlləyən faktorlara gəldikdə isə, qadınlarda problem olaraq birinci yerdə boru problemi gəlir, çünki təbii halda mayalanma boruda baş verir. Əgər qadında borular hər hansı infeksiya nəticəsində bağlanıbsa, yaxud əməliyyatla götürülübsə, təbii halda bu mayalanma mümkün deyil.

 

İkinci bir səbəb hormonal problemlərdir. Bu, ya yumurtalıqların funksiyasının pozulması, yaxud da yanaşı gedən endokrin xəstəliklər, yəni şəkərli diabet, hipofizdə adenoma, qalxanvari vəzin funksiyasının dəyişməsi ilə hormonların dəyişməsi və s. səbəblərdən yumurtalıqlarda folekulların yetişib çatlamasına mənfi təsir göstərməklə sonsuzluğa gətirib çıxarır.

 

Üçüncü yerdə endomitroz, ya da adenomioz, uşaqlıq forması deyilən xəstəlik gəlir ki, bu da təxminən 15% təşkil edir. Digər səbəblər isə uşaqlığın içində olan patologiyalar, poliplər, miomalar, uşaqlıq içində olan anadangəlmə çəpərlər, uşaqlıq faktorlarıdır. Bundan başqa, qadında psixogen amillər də hamiləliyi çətinləşdirir.

 

Kişilər tərəfdən əsasən sperm hüceyrələrinin hərəkətinin, sayının dəyişməsi, morfoloji göstəricilər hamiləliyin baş tutması üçün səbəblərdir. Adətən zərərli vərdişlər – içki, siqaret, xüsusilə qəlyan və dopinq içkilərin qəbulu  mənfi mənada morfoloji dəyişikliklərə səbəb olur.

 

Səbəblərdən biri də azospermiyadır, yəni sperm hüceyrələrinin olmaması. Bu həm kişinin anadangəlmə keçirdiyi xəstəlikdən dolayı spermagenez pozulmasıyla, yaxud da hər hansı bir cinsi yolla keçən xəstəliyin düzgün müalicəsinin aparılmaması səbəbindən, sperm kanallarının bağlanması nəticəsində baş verir.        

 

Ümumiyyətlə sonsuzluğun elə növləri var ki, adi müalicələri tətbiq etməklə onu aradan qaldırmaq mümkündür. Tutaq ki, yumurtalıqda hormonal problemlər nəticəsində folekullar düzgün yetişib çatlamır. Bu xəstə qrupuna biz müalicələr təyin edə bilirik. Bəzi halda inseminasiya tətbiq edirik. Adətən bu üsul uşaqlıqdaxili aşılama kimi bilinir. Deyək ki, sprem göstəriciləri o qədər də yaxşı deyil, amma sayı normaldır. Belə olduqda xəstələrə folekul yetişdirərək və çatlatma günü təyin edərək, həmin spermi xüsusi işləmlərdən keçirdikdən sonra uşaqlığa daxil edirik.

 

- Ailələrə körpə sevinci bəxş edən süni mayalanmada hansı yüksəkeffektli metodları tətbiq edirsiniz? Risklər və faydalar haqqında danışardınız.

 

 

 

- Sonsuzluğun elə formaları var ki, qeyd etdiyim üsulların hansı biri tətbiq edilsə belə faydası olmur. Xəstəliyin ciddiliyindən asılı olaraq, biz ekstrakorporal mayalanm,a yəni süni mayalanma tətbiq edirik. Müəyyən prosesdən sonra qadınlarda aybaşının ikinci günündən başlayaraq, yumurtalıqda folekullar yetişdiririk. Təqribən bu müalicə 10-12 gün aparılır. Xəstə hər 3-4 gündən bir həkim müayinəsindən keçir. Folekullar yetişdikdən və çatlatma iynəsindən 35 saat sonra biz yumurta toplama günü təyin edirik. Venadaxili anesteziya altında heç bir kəsik aparmadan uşaqlıq yolu vasitəsilə, xüsusi iynə ilə, ultrasəs aparatının nəzarəti altında yumurta hüceyrələrini toplayırıq. Eyni zamanda da kişidən sperm analizləri götürülür. Xüsusi işləmlərdən sonra sperm hüceyrələrini təmizləyirik və laboratoriya şəraitində sınaq şüşəsində mayalanmanı aparırıq.

 

Bu gün tibbdə embrioskopik adlanan xüsusi inkubatordan da istifadə edilir. Ölkəmizdə iki tibb mərkəzində fəaliyyət göstərən bu inkubatordan biri də Mərkəzi Klinikadadır. Bu inkubatorda xüsusi kamera vardır ki, hər 10-12 dəqiqədən bir embrionların bölünməsinin qeydiyyatını aparır. Nəticədə 24 saat ərzində həkim bu bölünmənin necə baş verdiyini görə bilir. Halbuki əvvəllər biz 24 saatın sonunda bölünmüş hüceyrəni görürdük, bölünmənin düzgün getdiyini bilmirdik. Qısa desək, embrioskop vasitəsilə embrionlar izlənilir və ən yaxşısı seçilərək uşaqlığa yerləşdirilir.

 

Kişilərdə isə azospermiya halı aşkar olunubsa, onlarda sperm olmadığı üçün əlavə olaraq şpris vasitəsilə, ya da mikroskop altında xayalardan kiçik bir toxuma alınaraq sperm hüceyrələri əldə edilməklə mayalandırılma aparılır.

 

Onu da qeyd edim ki, günümüzdə süni mayalanmanı təkcə sonsuzluğu aradan qaldırmaq üçün yox, həm də genetik xəstəlikləri araşdırmaq üçün tətbiq edirik. Bu zaman biz implantasiya öncəsi genetik diaqnoz (PGD) prosesini həyata keçiririk. Embrionları uşaqlığa yerləşdirməzdən əvvəl onların içərisindən lazer vasitəsilə bir hüceyrə alınır, genetik laboratoriyaya göndərilib incələnir. Nəticədə embrionun hansı cinsiyyətə malik olduğunu, hansı xəstəlikləri daşıdığını öyrənirik. Xüsusilə bu gün geniş yayılmış talassemiya – irsi qan xəstəliyi olan ailələrə sağlam uşaq bəxş etmək, həmçinin daun sindromlu körpənin doğulma ehtimalının qarşısını almaq üçün daha sağlam embrion seçilir.

 

Mahirə xanım, sizə məxsus olan bir şüar var – “Cərrahiyyə incəsənətdir”. Rəhbərlik etdiyiniz şöbədə geniş yayılmış ginekoloji xəstəliklərin müalicəsi hansı müasir cərrahi üsullarla həyata keçirilir?

 

 

 

- Bəli, bu şüarı cərrah olduğum üçün çox sevirəm. Cərrahi ginekologiyada elə qadın xəstəlikləri vardır ki, burada məhz cərrahi müalicə mütləqdir. Bizim şöbədə hamiləliyin təqibi, süni mayalanma, sonsuzluğun müalicəsi aparılır, ağrısız doğuş və keysəriyyə əməliyyatları həyata keçirilir. Əməliyyatlar həm müasir, həm də qapalı üsulla aparılır. Qadın orqanlarında  olan törəmələr, kistalar, fibromalar və digər bu kimi xəstəliklərin əməliyyatını endoskopik üsulla aparırıq. Bu gün biz yumurtalıqda olan törəmələr, uşaqlıqdan kənar hamiləlik, boruda olan dəyişikliklər, hətta uşaqlığın çıxarılmasını da bir sıra hallarda laparoskopik üsulla həyata keçiririk. Eyni zamanda, uşaqlığın içində olan patologiyalar, poliplər, uşaqlıq daxilində olan çəpərlər, bitişmələr və s. zamanı heç bir kəsik aparmadan uşaqlıq yolu vasitəsilə, xüsusi alətlərlə əməliyyatı icra edirik. Şöbəmiz həm də estetik ginekologiya üzrə ixtisaslaşıb. Məlumdur ki, qadın cinsiyyət orqanlarında bir sıra çətin doğuşlardan sonra düşmə və sallanmalar olur, uşaqlıq yolunun divarları, sidik kisəsi, düz bağırsağın və uşaqlığın prolapsusu baş verir. Belə olan halda həm rekonstruktiv, həm də estetik əməliyyatlar icra edilir.

 

Pandemiya dövründə hamilələri ən çox narahat edən məsələlərdən biri də koronavirusa yoluxma ilə bağlıdır. Hamilə qadında COVID-19 testi pozitiv çıxarsa, ilk növbədə nə etməli?

 

- İlk növbədə panikaya qapılmamaq, təlaşlanmamaq məsləhətdir. Əks halda koronavirus infeksiyasının əlamətlərindən çox psixoloji fobiyanın əlamətləri daha zərərlidir. Bu xəstəlik adi kəskin respirator xəstəlik kimi qəbul edilməlidir. COVID-19 infeksiyasına yoluxan hamilələr həm öz ginekoloquna məlumat verməli, həm də bu xəstəliyin müalicəsiylə məşğul olan həkimə müraciət etməlidir. İstənilən halda hər hansı əlavə xəstəlik ortaya çıxarsa, mütləq hamilə qadın müvafiq mütəxəssislərə yönləndirilməlidir. O cümlədən, hamiləliyin uğurlu davam etməsi üçün hər iki sahənin həkimi müalicəni birgə həyata keçirməlidirlər. Bir hamilə üçün nəzərdə tutulmuş COVID-19-un müalicə üsulundan digər hamilənin də faydalanması yolverilməzdir.

 

Xüsusilə qeyd edim ki, mövcud statistikaya görə hamilələr bu infeksiyanı yüngül keçirirlər.

 

- Qadınlar hamilə qaldıqdan sonra hər hansı bir vəziyyətləri ilə bağlı çox vaxt internetdə məlumat axtarışına çıxırlar. Hamilə qadınlara və ana olmağı düşünənlərə məsləhətləriniz nədir?

 

- İnternet xanımlarımızın maariflənməsi üçün olduqca əhəmiyyətlidir. Bəzən pasiyentlərlə konsultasiyada olan zaman onların öz problemləri ilə bağlı tibbi cəhətdən məlumatlı olduqları görünür. Bu, müsbət haldır. İstər hamiləliyə hazırlaşan vaxt, istərsə də hamiləlik dövründə qadınlarımız elementar məlumatlara sahib olmalıdırlar. Lakin adətən sosial şəbəkələrdə eyni xəstəliyi daşıyanların bir-birinə eyni müalicə üsulunu məsləhət görməsi, qarşı tərəfin də bunu tətbiq etməsi yolverilməzdir. Təbabət fərdi yanaşma tələb edir və həkim hər hansı bir müalicəni tətbiq etdikdə mütləq xüsusiliyi nəzərə almalıdır. Tibbi maarifləndirmə işi ilə isə mütləq həkimlər və mütəxəssislər məşğul olmalıdırlar. Biz həkimlər də mütəmadi olaraq sosial şəbəkələrdə müraciət olunan mövzularda suallara aydınlıq gətiririk. Fərdi olaraq hər bir müraciət edəni cavablandırırıq. Klinikaya aid, eləcə də şəxsi səhifələrdə videoçarxlar yerləşdirib ginekologiyaya dair maarifləndirməni həyata keçiririk.

 

- Müsahibə üçün təşəkkür edirik!