Orqanizmin çirklənməsinin əsas SƏBƏBLƏRİ - Təmizlənməsi üçün nələr edilməlidir?
25.02.2021 14:00

İnsan təbiətin ayrılmaz hissəsidir, buna görə də orqanizm ətraf mühit dəyişikliyinə çox həssaslıqla cavab verir. Bütün canlı hüceyrələrdə gedən biokimyəvi proseslər milyon illər əvvəl ideal ekoloji təmiz mühitdə formalaşıb. Lakin XXI əsrdə texniki proqress planeti tanınmaz dərəcədə dəyişib. Müasir insanın orqanizmi toksinlə yüklənib.


İnsan orqanizmini çirkləndirən əsas amillər bunlardır: 


• Ətraf mühit tullantıları (ksenobiotiklər- ağır metallar, üzvi kübrələr, sənaye toksinləri), kimyəvi dərmanlar;


• Stress endotoksinləri;


• Yanlış qidalanma (yanlış qida seçimi və rejimi);


• Kosmik şüalar, geomaqnit sahələr;


• Həyat tərzi (yanlış yuxu rejimi, zərərli vərdişlər, fiziki və ya psixi yüklənmə);


• Maddələr mübadiləsinin pozulması nəticəsində yaranmış endotoksinlər (bilirubin, öd turşuları);


• Fizioloji mübadilə nəticəsində yaranmış endotoksinlər (neyromediatorlar, hormonlar, eykozanoidlər).

 

Bədəndə olan toksinlərin cəmi 3%-i qanda, 7%-i limfada, 7%-i hüceyrələrdə, 83%-i isə hüceyrəarası sahədə toplanır. Yəni, orqanizm bir "bataqlıq" mühitində yaşamağa məhkumdur. Toksin yükündən yaranmış intoksikasiya istənilən xroniki xəstəlikləri provokasiya edə bilər.

 
Sağlam orqanizmdə toksinlərin yaranması və çıxarılması prosesi tarazlaşdırılıb. Zərərli maddələrin zamanında xaric edilməsini təmin edən mükəmməl detoksikasiya sistemi formalaşıb.

 

Zərərli maddələr 2 əsas qrupa ayrılır: yağda həll olan və suda həll olan. Suda həll olan molekullar sidiklə xaric olunur, yağda həll olanlar isə sidiklə ekskresiya olunmur.

 

Toksinlərin böyük hissəsi yağda həll olandır. Onlar hüceyrə örtüyünün yağlarına birləşərək hüceyrə daxilinə keçib zədələyici təsir göstərir. Yağda həll olan molekullar mütləq suda həll olana çevrilib sonra böyrəklər vasitəsilə çıxarılmalıdır. Bunun üçün qaraciyərdə detoksikasiya sistemi çalışır.

 

Detoksikasiya 2 fazadan ibarətdir: bioaktivasiya fazası və konyuqasiya fazası. Birinci fazada çevrilmə sitoxromlar və s. fermentlərin iştirakı ilə gedir. Fermentlərin aktivliyi genetik xüsusiyyətlərdən, təsir edən toksinin səviyyəsindən və nutrient statusundan asılıdır.

 

Bu fazada bəzi məhsullar suda həll olan formaya çevrilərək xaric olunur (kofein, dərmanlar). Lakin toksinlərin bir çoxunun çıxarılması üçün I fazada bir etaplı çevrilmə kifayət etmir, onların lipid xassələrinin dəyişilməsi üçün II faza reaksiyaları tələb olunur. Beləliklə, bu məhsullar II fazada konyuqasiya olunaraq, çıxarıcı orqanlarla orqanizmdən çıxarılır.

 

Detoksikasiyanın iki fazası bir-biri ilə sıx əlaqəli çalışmalıdır. I və II faza arasında balansın qorunması vacibdir. Əgər II faza hər hansı səbəbdən zəifləyərsə, yaxud I faza daha sürətlə gedərsə, tam detoksikasiya getməyəcək, əksinə, l fazada aktivləşib, daha da aqressivləşən bəzi maddələr orqanizmə dağıdıcı təsir göstərəcək.

 

Hər iki fazanın sinxron çalışması müxtəlif nutrientlərdən asılıdır. I fazanın normal fəaliyyəti üçün vitamin və mikroelementlər (Fe, Ca, Mg, Mo, Zn, Cu, S; vit C, E, B qrup (B1, B3, B5, B6, B9, B12)) vitaminləri, qlutation, alfa-lipoy turşusu vacibdir.

 

Bir çox nutrientlər, əsasən amin turşuları və vitaminlər II fazanı aktivləşdirir (qlisin, qlutation, Vit B6, kurkumin, vit B12, fol turşusu, metionin, betain, xolin, sistein, metionin, qlutamin, taurin). Bu maddələr bitki və heyvani məhsullarda kifayət qədərdir. Amin turşuları mənbəyi kimi sümük bulyonu faydalıdır.

 

Bəzi maddələr monofunksional olub, yalnız l, yaxud ll faza fermentlərinə təsir edir.

 

Bitki mənşəli bifunksional modulyatorlar isə hər iki fazada çalışır.

 

Bunlar:

 

*yaşıl çay və üzümün tərkibindəki katexinlər, xaççiçəkli tərəvəzlərin (kələm, brokkoli) qlükozilatları

 

*giləmeyvələr (böyürtkən, moruq, çiyələk) və narın elagik turşusu

 

* brokkoli (tərkibindəki İndol-3-karbinol və sulforafan detoksikasiya fermentlərinin aktivliyini tənzimləyir)

 

*ənginar (antioksidant müdafiəni təmin edir)

 

*acı qıjı bitkisi (hər iki faza fermentlərini modulyasiya edir)

 

*alaqanqal (tərkibindəki silimarin – qlutation və qlutation-peroksidazanı artırır, antioksidant xassəyə malikdir)

 

* naringi, portağal və limon (qabığında D-limonen maddəsi GST aktivləşdirərək, şişəleyhinə təsir edir)

 

*soğan və sarımsaq (tərkibində kükürd (allisin komponenti).

 

Tərəvəz və giləmeyvələr bifunksional modulyatorların ən zəngin mənbəyidir.

 

Yaxşı detoksikasiya üçün həm də kifayət qədər enerji sintezi vacibdir. Təəssüf ki, toksinlər və sərbəst radikallar ATF hasilatını əngəlləyir. Enerji sintez olunan mitoxondriləri dəstəkləmək üçün niasin, B1, B2, Mg, pantoten turşusu kimi kofaktorlar, sərbəst radikalları zərərsizləşdirmək üçün vitamin C, E, Zn, Se, Cu kimi antioksidantlar zəruridir. Həmçinin enerji hasilatının mühüm mənbəyi olan yağ turşuları müntəzəm qəbul edilməlidir. Zeytun yağı, Omega-3 yağları fermentlərin aktivliyini artırır.

 

Detoksikasiyanın optimal getməsi üçün digər vacib nutrient - qida lifləridir. Belə ki, konyuqasiya olunmuş metabolitlər öd ilə bağırsağa tökülüb xaric edilir. Bunların tam və zamanında eliminasiyası üçün bağırsağın vaxtlı-vaxtında boşalması önəmlidir.

 

Qida lifləri aktiv təbii enterosorbentdir və bağırsaq motorikasını aktivləşdirərək toksik maddələrin ekskresiyanı təmin edir. Bundan əlavə, suyun kifayət qədər qəbulu böyrəyin dəstəklənməsi və toksinlərin sidik ilə ekskresiyası üçün vacibdir.

 

Beləliklə, sağlamlığın qorunması və xroniki xəstəliklərin profilaktika və müalicəsi, həmçinin keçirilmiş xəstəlikdən sonra ağır dərman yükündən azad olmaq üçün mükəmməl detoksikasiya vacib şərtdir. Gördüyümüz kimi, bu prosesin optimal gedişatında qida faktoru başlıca rol oynayır. Bu baxımdan seçici, sağlam, vitamin və minerallarla, su və liflərlə, amin turşusu və faydalı yağlarla zəngin qidalanma – mükəmməl detoksikasiyanın və sağlamlığın mühüm hissəsidir.

ÇOX OXUNANLAR
Qaraciyərin düzgün işləməməsinin ƏLAMƏTLƏRİ  
Təbii vasitə 12 həftə ərzində 8 kiloqrama qədər arıqladır
Buğda cücərtisi gənclik iksiri kimi də bilinir
Təcili tibbi yardım briqadasının yardımı ilə 66 yaşlı xəstə Mərkəzi Klinik Xəstəxanaya hospitalizasiya olunub
Şuşa Rayon Mərkəzi Xəstəxanasının ginekoloqu Şəbnəm Baxşəliyeva - Həkimlərimizi tanıyaq!
Şahdamara stend taxıla bilərmi?
Sürətli döyüntünün tək səbəbi ürək deyil!
Masallı Rayon Mərkəzi Xəstəxanasının otorinolarinqoloqu Kamran Musayev - Həkimlərimizi tanıyaq!
Uşaq cərrahı Günel Əmiraslanova Şəkidə Bonum Medicalda pasiyent qəbulu həyata keçirəcək
Böyrək daşı xəstəliyi nədir və necə yaranır?
Regionlarda fəaliyyət göstərən peşəkar səhiyyə işçilərini tanıtmaqda davam edirik!
Ağır vəziyyətdə Respublika Uşaq Klinik Xəstəxanasına yerləşdirilən 2 yaşlı uşaq həyata qaytarılıb
Qastroezofageal reflüks xəstəliyindən əziyyət çəkən pasiyent Diaqnoz Tibb Mərkəzində sağlamlığına qovuşub
Naftalan Şəhər Mərkəzi Xəstəxanasının nevroloqu Təranə Bayramova - Həkimlərimizi tanıyaq!
Ağdaş Rayon Mərkəzi Xəstəxanasının uroloqu Pərviz Nəsirov - Həkimlərimizi tanıyaq!