Şəkərli diabeti olanlar COVID-19-u niyə ağır keçirir? - Həkim-endokrinoloqdan vacib tövsiyələr / MÜSAHİBƏ
07.01.2021 11:21

Əvvəldən şəkərli diabeti olmayan və COVID-19 infeksiyasına yoluxan bəzi xəstələrdə yeni diaqnoz qoyulan şəkərli diabet aşkarlanıb.

 

Bu sözləri Aztibb.az-a müsahibəsində Respublika Diaqnostika Mərkəzinin həkim-endokrinoloqu Gülnar Cəlilova şəkərli diabet xəstəliyindən danışarkən deyib.

 

Müsahibəni təqdim edirik:

 

- Şəkərli diabet xəstələrinin sayının hər il artmasına səbəb nədir?

 

- Şəkərli diabet mədəaltı vəz tərəfindən sintez olunan insulinin çatışmazlığından və ya insulinin təsir mexanizmindəki defektlər hesabına yaranan metabolik bir xəstəlikdir. Bu xəstəlik zamanı orqanizm karbohidrat, yağ və proteinlərdən lazımi səviyyədə yararlana bilmir.

 

Şəkərli diabetin yaranma mexanizminə, gedişatına, müalicə prinsiplərinə görə müxtəlif növləri vardır. Hər bir növü qanda qlükoza yüksəkliyi şəklində özünü büruzə verir. Tip 1 və tip 2 şəkərli diabet daha çox rast gəlinən növləridir. Tip 1 şəkərli diabetdə mütləq insulin əksikliyi olur. Tip 2 Şəkərli diabetdə isə orqanizm mədəaltı vəzin sintez etdiyi insulini istifadə edə bilmir. İnsulin rezistentliyi əsas patogenetik mexanizm hesab olunur.

 

Ümumiyyətlə baxdıqda, şəkərli diabet genetik amillərin, ətraf mühit faktorlarının, həyat tərzi dəyişikliklərinin kompleks təsiri nəticəsində yaranır. Son illərdə şəkərli diabetin daha geniş yayılmasının da  əsas səbəbi məhz ətraf mühit faktorlarının və həyat tərzi dəyişikliklərin olmasıdır.

 

Texnologiyalar dövründə yaşayırıq. Yeni icad edilən, həyatımıza olduqca sürətlə inteqrasiya edən yeni texnoloji kəşflər həyatımızı nə qədər asanlaşdırsa da, çox təəssüf ki, fiziki aktivliyimiz get-gedə azalır, günümüzün daha çox hissəsini masa arxasında oturaq vəziyyətdə keçiririk.

 

Həmçinin qidalanmamızda da təəssüf ki, hazır yeməklər, fast food və s. üstünlük təşkil etməyə başlayıb. Bütün bunlar artıq çəki, piylənmə, metabolizm defekti şəklində geri qayıdır ki, bunlar da şəkərli diabet tip 2-nin əsas risk faktorlarıdır.

 

Digər tərəfdən ətraf mühitin toksinlərlə, kimyəvi maddələrlə çirklənməsi də artıb. Məsələn, tip 1 şəkərli diabetə genetik meyillilik olan şəxslərdə toksinlər, kimyəvi maddələr, viruslar provakasiyaedici amil kimi özlərini apara bilirlər.

 

- Bu xəstəlikdən hansı yaş qrupundan olan şəxslər daha çox əziyyət çəkir?

 

- Şəkərli diabetin rast gəlmə tezliyi yaşla birlikdə artır. Belə ki, 45-65 yaş arasında şəkərli diabet xəstələrinin sayı daha  çoxdur. Burada təəssüf hissi keçirdiyimiz bir məqam var. Belə ki, əvvəllər tip 2 diabet “yaşlıların diabeti”, tip 1 şəkərli diabet isə “uşaqların diabet xəstəliyi” sayılırdı. Son illərdə sənayeləşmənin artması, fiziki aktivliyin azalması, piylənmənin artması tip 2 şəkərli diabet xəstəliyinin yaşının cavanlaşmasına gətirib çıxarıb. Hətta uşaqlar arasında da tip 2 şəkərli diabetə rast gəlinir.

 

- Şəkərli diabet xəstələri tam müalicə olunurmu? Müalicənin əsas prinsipləri nəyə əsaslanır?

 

- Bu gün əlimizdə kifayət sayda mübarizə vasitəmiz var. Diabet növləri müxtəlif olduğu kimi, müalicə prinsipləri də fərqlidir.

 

Tip 1 şəkərli diabet xəstələrində mədəaltı vəzin beta hüceyrələri zədələnir və insulin sintezi pozulur. Bu səbəblə həmin xəstələr kənardan inyeksiya edilən insulinlə müalicə olunurlar.

 

Şəkərli diabet tip 2 xəstələrinin müalicəsində isə əsas prinsip toxumalarda insulinə həsaslığı artırmaq, rezistentliyi azaltmaq, insulin sintezinin effektivliyini artırmaqdır. Bu məqsədlə istifadə edəcəyimiz istər oral qəbul edilən, istər inyeksiya şəklində vurulan çox saylı antidiabetiklərimiz var.

 

Şəkərli diabet tip 2-də həmçinin müəyyən göstərişlər əsasında insulin müalicəsindən də istifadə edilir.

 

Həyat tərzi dəyişiklikləri, sağlam qidalanma, uyğun fiziki aktivlik, artıq çəkidən xilas olmaq, siqaret çəkməmək, spirtli içkilərdən uzaq durmaq, yetərli yuxu şəkərli diabet müalicəsinin əsas sütünlarını təşkil edir.

 

- Xəstəliyin müalicəsində əsas hədəflər və ağırlaşmalar nələrdir?

 

- Hər bir xəstəyə fərdi yanaşmaq lazımdır. Qlikemik (qanda şəkərin səviyyəsi) hədəflərimiz hər xəstə üçün fərqlidir. Burada yaş, yanaşı xəstəlik, xəstənin müalicəyə necə tabe olacağı və s. nəzərə alınır. Uzun müddətli kontrolsuz şəkərli diabet çoxsaylı ağırlaşmalara səbəb olur.

 

Şəkərli diabet xəstələrində kardiovaskulyar xəstəlik ölüm riskini artıran əsas səbəblərdəndir. Ürəyin işemik  xəstəliyi şəkərli diabeti olan xəstələrdə şəkərli diabeti olmayanlarla  müqayisədə 2-4 dəfə daha çoxdur. Miokard infarktı, stabil və qeyri-stabil stenokardiya şəkərli diabetin kardiovaskulyar ağırlaşmalarına aiddir.

 

Həmçinin aşağı ətraf arteriyaların zədələnməsi kifayət qədər ağır patologiyadır və aşağı ətrafın qanqrenası ilə nəticələnə bilər.

 

Diabetik retinopatiya, nefropatiya, neyropatiya da  şəkərli diabetin xroniki ağırlaşmalarına aiddir.

 

Diabetik retinopatiya şəkərli diabet xəstələrində korluğun əsas səbəbi sayılır. Diabetik nefropatiya isə dünyada son mərhələ böyrək çatışmazlığının əsas səbəblərindəndir. Dializ xəstələrinin yüksək faizi şəkərli diabet xəstələridir.

 

Neyropatiya  sinir sisteminin müxtəlif hissələrini tutur və ayaq amputasiyalarının əsas səbəblərindən biri də məhz aşağı ətraf neyropatiyalarıdır.

 

Diabetin kəskin ağırlaşmalarına isə  diabetik ketoasidoz, hiperosmolyar hiperqlikemik vəziyyət, laktik asidoz, hipoqlikemik vəziyyət aiddir.

 

Bir sözlə şəkərli diabet ciddi ağırlaşmaları olan xroniki bir xəstəlikdir. Vaxtında müayinələrdə olmaq, müalicələrin düzgün aparılması, qanda şəkərin həkim tərəfindən hədəflənmiş səviyyədə saxlanması çox önəmlidir.

 

- Şəkərli diabeti olan xəstələrdə COVID-19 riski və gedişatı haqqında nə deyə bilərsiz?

 

- Şəkərli diabet xəstəliyinin olması COVID-19 infeksiyasının əmələ gəlmə riskini artırdığına dair sübutlar yoxdur. Lakin pandemiya başlayandan bu günə kimi aparılan araşdırmalarda xroniki xəstəliyi olanlarda xəstəliyin gedişinin daha ağır olduğu aşkarlanmışdır. Nəzərə alaq ki, şəkərli diabetə yaşlılarda daha çox rast gəlinir və məhz şəkərli diabetin özünün kifayət qədər çox xroniki ağırlaşmaları var. Buna görə də diabeti olan xəstələrdə xəstəlik daha ağır gedişata malikdir.

 

Həmçinin şəkərli diabet xəstələrində immun modulyasiya pozulur. Xəstəliyin gedişatını əvvəldən proqnozlaşdıran faktorlar xəstənin yaşı, metabolik kontrol səviyyəsi və yanaşı gedən xəstəliklərdir. Şəkərləri daim kontrol altında olan şəkərli diabet xəstələrində COVID-19 infeksiyasının gedişi kontrolsuz şəkərli diabet xətələrindən daha yüngül olduğu, ağırlaşmaların nisbətən daha az olduğu aşkarlanıb.

 

Digər infeksion xəstəliklər kimi COVID-19 infeksiyası zamanı da qanda şəkər requlyasiyası pozulur, qanda qlükozanın səviyyəsi artır. Hətta əvvəldən şəkərli diabeti olmayan bəzi xəstələrdə yeni diaqnoz qoyulan şəkərli diabet aşkarlanıb.

 

- D vitamini koronavirusla mübarizədə nə dərəcədə effektivdir? Analiz nəticələri məlum olmadan preparatlar qəbul etmək olarmı?

 

-  D vitamin əksikliyinin immun sistemə mənfi təsir göstərdiyi, respirator distres sindromu riskini  artırdığı və yetərli D vitamin səviyyəsinin insanı yuxarı tənəffüs yolları infeksiyasından qoruduğu göstərilmişdir. Bu infeksiya yeni bir infeksiyadır, əlavə araşdırmalar olacağını düşünürəm. Lakin D vitamininin immun sistem üzrə müsbət təsirlərinin olduğu artıq məlumdur.

 

Çox təəssüf hissi ilə bildirmək istəyirəm ki, insanlar bu məlumatı əldə edərək kontrolsuz D vitamini qəbul etməyə başlayıblar. Vitaminin qanda səviyyəsini bilmədən onu qəbul etmək düzgün deyil. Yüksək dozada D vitamini qəbulu  hipervitaminoza, D vitamin intoksikasiyasına səbəb olur. Həkim nəzarəti olmadan heç bir preparatın qəbulu məsləhət görülmür.

ÇOX OXUNANLAR
 Gənc həkim Samux Rayon Mərkəzi Xəstəxanasında işə başlayıb   
 Xalq yazıçısı Çingiz Abdullayev Mərkəzi Gömrük Hospitaldan evə buraxılıb
Pediatr Sevil Orucovanın məqaləsi:
Tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyevanı 50 illik yubileyi münasibətilə təbrik edirik!
 Qaranlığa qalib gələn təbib - Rəşad Mahmudov yazır...   
 6 yaşlı pasiyent üzərində cərrahi əməliyyat uğurla icra edilib   
Autizmdən əziyyət çəkən uşaqlar üçün təmənnasız müayinə və müalicə prosedurları həyata keçirilir - AKSİYA
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimaiyyətlə əlaqələr şöbəsinə işçi axtarılır
 Naftalanda “Zirvələrə yüksələn zərif insan ömrü” adlı tədbir keçirilib   
Maarifləndirici tədbir: “Məişət zorakılığına yox deyək!” 
Elmi-Tədqiqat Pediatriya İnstitutunda akademik Zərifə Əliyevaya həsr olunan konfrans keçirilib
Gözlərə nur bəxş edən fədakar həkim
Yaşasın Haqverdiyev - Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının nevroloqu