Uşaqların internet asılılığından xilas olması üçün – Mütəxəssisdən tövsiyələr
24.12.2020 20:07

Pandemiya ilə əlaqədar olaraq məktəblərin müvəqqəti bağlanması, uşaqların evdə daha çox zaman keçirməsinə səbəb oldu. Bu isə onların daha çox telefonlara, planşetlərə meyl salmasına, boş vaxtlarını internetdə keçirmələrinə şərait yaratdı.

 

Xüsusilə yeniyetmə uşaqların əksəriyyəti bütün gün ərzində şəbəkələrdə oyun oynamaqla və informasiya axtarışı ilə məşğul olurlar. Belə uşaqlar internet asılılığın qurbanına çevrilirlər.  

 

Bu fikirləri Aztibb.az-a müsahibəsində AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun baş mütəxəssisi Sabirə Ocaqverdiyeva bildirib. Onun sözlərinə görə, internet asılılığı internet təhlükələrindən biridir, digər tərəfdən isə tibbi-psixoloji pozğunluğun bir təzahürüdür. Ona görə də bu problemin tibbi-psixoloji aspektlərinə diqqət yetirmək vacibdir.

 

Sabirə xanım, uşaqlar üçün internet asılılığının hansı tipik əlamətləri var?

 

Bu əlamətlər onlayn oyunlara asılılıq, sosial şəbəkələrə asılılıq - virtual tanışlığa cəhd etmə və onlayn ünsiyyətə maraq, forumlarda, çat otaqlarında, sosial şəbəkələrdə davamlı olaraq canlı ünsiyyət və veb sörf - heç bir  hədəf olmadan saytdan sayta xaotik keçidlər etmək şəklində özünü göstərir.

 

İnternet asılılığı uşaqların sağlamlığına necə təsir edir?  Hansı simptomlar mövcuddur?

 

Vaxtının çox hissəsini kompüter arxasında keçirən uşaq və ya yeniyetmə fiziki olaraq dəyişir, onların  dayaq-hərəkət sistemi pozulur. Kompüter və ya digər qurğunun qarşısında saatlarla eyni vəziyyətdə durmaq  uşaqların fiziki görünüşünü dəyişdirir.  Belə  uşaqlar  görünüşcə  sanki "pinqvinləşir”, miqren tipli baş ağrıları, kürək və bel ağrıları yaranır. Onların yuxu rejimində pozğunluqlar yaranır və vaxtında qidalanmırlar, saatlarla mobil telefona, kompüterə, planşetə və s. qurğulara yaxın məsafədən baxmaq insanın göz fokusunu pozur və quruma halları baş verir.

 

Psixoloji simptomlar haqında nə deyə bilərsiniz?

 

İnternet asılılığa düçar olmuş uşaq və yeniyetmələr şəbəkədə olduqları zaman özlərini yaxşı hiss edirlər, demək olar ki, özlərini kompütersiz və digər qurğularsız təsəvvür edə bilmirlər. Getdikcə daha çox vaxt sərf etməyə davam edirlər və vaxta nəzarəti itirirlər, ətrafdakılara qarşı laqeyd olurlar. Belə uşaqların  “tanışları” və “dostları”  ancaq virtual aləmdə olan insanlardır. Real həyatda insanlarla ünsiyyətdən qaçırlar. Onların ətrafdakılarla ünsiyyətində problemləri yaranır və onlarda ətrafdakılara qarşı inamsızlıq hissləri baş verir. İnternetlə əlaqəli hər hansı qurğu olmadan özlərini boşluqda, depressiyada hiss edirlər. Hətta şəxsi gigiyenaya qarşı etinasızlıq göstərirlər. Asılılıq uşaq və yeniyetmələri fəaliyyətləri haqqında ailə üzvlərinə belə yalan danışmağa sövq edir.

 

Elə oyunlar var ki, onlar istifadəçidə aqressiya, nifrət yaradır. Hətta oyunların təsiri ilə yeniyetmələr tərəfindən  cinayətlər törədilir, intihar halları baş verir.

 

İnternet asılılığın qurbanlarının bu problemdən xilas olmaq istəyi onların psixologiyasına necə təsir edir?

 

Bu zaman onlarda narahatlığa səbəb olan geri çəkilmə simptomları müşahidə olnur. Geri çəkilmə sindromu  kompüterdə işləmədiyi və ya onlayn ola bilmədiyi vaxtda asılılığın qurbanı olmuş istifadəçinin  aqressiyaya, qəzəbə, çaxnaşmaya məruz qalması, göz yaşlarına boğulması, əhval-ruhiyyənin pisləşməsi və s. vəziyyətidir. İnternetdən uzun müddət, fasilə vermədən istifadə gənc insanların psixologiyasını korlayır.

 

İnternet asılılığının mənfi təsirləri ilə bağlı maarifləndirmə işləri aparmaq üçün məktəblər və valideynlər tərəfindən hansı tədbirlər görülməlidir?

 

İnternet asılılığının zərərləri və ondan xilas olmağın yolları barədə məktəblərdə valideynlər və uşaqlar üçün məlumatlandırma seminarları təşkil edilməlidir. Valideynlər isə övladına yaxşı nümunə olmalı, uşaqlarla vaxt keçirməli, övladına internetin faydalı tərəflərini təbliğ etməli, ondan istifadə etməklə biliklər toplamaq və araşdırma aparmağın vacibliyini vurğulamalıdırlar. Övladlarını mütləq alternativ bir məşğuliyyətə cəlb etməli, idmanla  məşğul olmağa, kitab oxumağa yönləndirməli, uşaqlarda özünə inam hissi yaradaraq onların zehni və fiziki qabiliyyətlərini inkişaf etdirmək məqsədilə onları qrup oyunlarına, eləc ədə onları internetdən kənar əyləncəli məşğuliyyətlərə cəlb etməlidirlər.

 

Bununla yanaşı, internetdən asılı vəziyyətə düşməmək üçün uşaqlarda informasiya mədəniyyəti formalaşdırmaq, onları informasiya ilə davranış normalarına əməl etməyə təşfiq etmək, uşaq və yeniyetmələrin üzərinə getmədən idarə etmək vacib məsələlərdəndir.