Populyar şəkər əvəzedicisinin insult riskini artıra biləcəyi müəyyən edilib
26.11.2026 10:39

Şəkər əvəzedicisi kimi geniş istifadə olunan eritritolun ürək-damar sisteminə və beyin damarlarına mənfi təsir göstərə biləcəyi ilə bağlı yeni elmi nəticələr açıqlanıb.

 

Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki,Çinin Uhan şəhərində yerləşən Huacjun Elm və Texnologiya Universitetinin alimləri eritritolun insult riskinə mümkün təsirini genetik araşdırmalar əsasında öyrəniblər. Tədqiqatın nəticələri “International Journal of Molecular Sciences” jurnalında dərc olunub.

 

Eritritol təbii mənşəli şəkər spirtidir. O, yemiş, armud və üzüm kimi meyvələrdə az miqdarda mövcuddur. Eyni zamanda, orqanizmdə də qlükozadan müəyyən miqdarda sintez olunur. Kaloriliyinin aşağı olması, qanda qlükoza səviyyəsini əhəmiyyətli dərəcədə artırmaması səbəbindən bu maddə xüsusilə diabet xəstələri və ketogen pəhriz saxlayanlar arasında geniş istifadə edilir. Qida sənayesində E968 kodu ilə tanınır.

 

Eritritolun mümkün sağlamlıq riskləri ilə bağlı narahatlıqlar son illərdə aparılan bir sıra tədqiqatlardan sonra artıb. 2023-cü ildə 2000-dən çox yetkin insanın iştirak etdiyi araşdırmada qanda eritritol səviyyəsi yüksək olan şəxslərdə infarkt və insult riskinin təxminən iki dəfə çox olduğu müəyyən edilib.

 

2024-cü ildə sağlam könüllülər üzərində aparılan təcrübədə iştirakçılara 30 qram eritritol qəbul etdirilib. Nəticədə qanda bu maddənin səviyyəsinin təxminən 1000 dəfə artdığı və iki gündən artıq müddətdə yüksək qaldığı müşahidə olunub. Digər təcrübə isə eritritolun trombositlərin aktivliyini artıraraq qanın laxtalanmaya meyilliliyini gücləndirə biləcəyini göstərib.

 

2025-ci ildə Kolorado Universitetinin alimləri eritritolun beyin damarlarının daxili səthini örtən və qan-beyin baryerinin formalaşmasında iştirak edən hüceyrələrə təsirini araşdırıblar. Tədqiqat zamanı maddənin bu hüceyrələrə toksik təsir göstərərək qoruyucu baryerin funksiyasını zəiflədə biləcəyi müəyyən edilib.

 

Yeni araşdırmada Çin alimləri genişmiqyaslı bioinformatik təhlil və Mendel randomizasiyası metodundan istifadə ediblər. Təhlil nəticəsində MMP9, TLR4 və HIF1A genləri eritritolun qanda yüksək səviyyəsi ilə damar xəstəlikləri arasında mümkün əlaqəni göstərən genetik markerlər kimi müəyyənləşdirilib.

 

Məlum olub ki, genetik xüsusiyyətləri qanda eritritol səviyyəsinin yüksəlməsinə şərait yaradan şəxslərdə işemik insult riski 25 faiz daha yüksəkdir. Müəlliflər bu təsirin xroniki iltihab, oksidləşdirici stress, toxumalarda oksigen çatışmazlığı və damar divarlarının zədələnməsi kimi mexanizmlərlə əlaqəli ola biləcəyini bildirirlər.

 

Hazırda ABŞ-ın Kaliforniya-Deyvis Universitetində eritritolun təsirlərini daha ətraflı öyrənmək məqsədilə klinik tədqiqat aparılır. Araşdırma çərçivəsində iştirakçılar iki həftə eritritollu, növbəti iki həftə isə aspartamlı içkilər qəbul edirlər. Alimlər bu müddətdə iltihab göstəricilərini və trombositlərin aktivliyini izləyirlər.

 

Mütəxəssislər yekun elmi nəticələr əldə edilənədək eritritol tərkibli məhsulların həddindən artıq istehlakından çəkinməyi tövsiyə edirlər. Xüsusilə ürək-damar xəstəlikləri riski yüksək olan şəxslərin bu cür şəkər əvəzedicilərindən istifadə zamanı ehtiyatlı olması vacibdir.

 

Qeyd edək ki, təqdim olunan nəticələr eritritolun birbaşa insult yaratdığını sübut etmir. Onun ürək-damar sağlamlığına uzunmüddətli təsirlərinin dəqiqləşdirilməsi üçün əlavə klinik tədqiqatlara ehtiyac var.

Nərgiz Qəhramanova
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
1-ci tip diabetin inkişafını gecikdirən dərman ilk dəfə xəstəyə tətbiq edilib
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Ürəyin işemik xəstəliyi diaqnozu ilə müraciət edən pasiyent üzərində AKŞ əməliyyatı uğurla icra olunub - Tədris Cərrahiyyə Klinikası
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Rəşad Şolanın ixtirası dünyada birinci oldu
Şirvan ŞMX-da ağır əl travması alan pasiyent üzərində uğurlu əməliyyat icra olunub
Rəşad Şolanın yeni cərrahi metodu beynəlxalq konqresdə qalib seçilib
45 dəqiqəlik mübarizə, bir ömrə verilən ikinci şans – Həkimlər pasiyenti həyata qaytardılar
Dəri altında yaranan şişlik dermoid kista ola bilər
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Şəfa görmək istəyən Naftalana gəlsin   
Huawei diabetə nəzarət üçün yeni davamlı qlükoza monitorinq sistemini təqdim edib
ATU Həmkarlar İttifaqı Komitəsinin hesabat konfransı: “Təbib” İdman-Sağlamlıq Düşərgəsinin 10 illik inkişaf yolu və gələcək hədəfləri