Gel lakların tərkibində istifadə olunan bəzi kimyəvi maddələrin insan sağlamlığı üçün ciddi risklər yaratdığı müəyyən edilib.
Aztibb.az "CNN Türk"ə istinadən xəbər verir ki, elmi araşdırmalar TPO (trimetilbenzoyl difenilfosfin oksid) maddəsinin reproduktiv sağlamlığa mənfi təsir göstərə biləcəyini və uzunmüddətli perspektivdə xərçəng riskini artıra biləcəyini üzə çıxarıb. Bu səbəbdən Avropa İttifaqı 2025-ci il sentyabrın 1-dən etibarən TPO tərkibli məhsulların satışını və istifadəsini qadağan edib.
UV və LED lampalar da risk yaradır!
Davamlı manikür prosedurları zamanı istifadə olunan UV və LED lampalarının şüalarına tez-tez məruz qalmaq dərinin vaxtından əvvəl qocalmasını sürətləndirə, DNT zədələnməsinə səbəb ola və dəri xərçəngi riskini artıra bilər. Bundan əlavə, gel lakın düzgün tətbiq edilməməsi və ya tez-tez yenilənməsi dırnaqların nazilməsi, qırılması və infeksiyalar kimi problemlərə yol aça bilər.
Yeni qaydalar nələri dəyişir?
Yeni qadağaya əsasən, gözəllik salonları TPO tərkibli olmayan gel laklardan istifadə etməlidirlər. Bir sıra istehsalçılar məhsullarının formulunu yeniləməyə başlayıb və bazarda alternativ vasitələr təqdim olunur. Böyük Britaniyada isə analoji qadağanın 2026-cı ilin sonunda qüvvəyə minməsi gözlənilir.
Qeyd edək ki, Türkiyədə hələlik bu cür qadağa tətbiq edilməyib. Bununla belə, mütəxəssislər bu məhsullardan diqqətlə və şüurlu şəkildə istifadə etməyi tövsiyə edirlər.

