İnsan yuxuda nə görür? Beyin fəaliyyəti əsasında yuxunun bəzi elementlərini müəyyənləşdirmək mümkündürmü? Yapon alimlərinin apardığı araşdırma bu suallara cavab axtarışında maraqlı nəticələr ortaya qoyub.
Aztibb.az "Arqumentı i faktı" nəşrinə istinadən yazır ki, yuxuların məzmununu beyin siqnalları əsasında müəyyənləşdirməyə yönələn elmi araşdırmada Yaponiyanın ATR tədqiqat institutunun alimləri funksional maqnit-rezonans tomoqrafiyası (fMRT) və maşın öyrənmə texnologiyalarından istifadə ediblər. 2013-cü ildə dərc olunan tədqiqatda iştirakçıların yuxuya keçid zamanı beyin aktivliyi qeydə alınıb, daha sonra onların oyandıqdan sonra danışdıqları yuxularla müqayisə edilib.
Alınan məlumatlar əsasında qurulan sistem insanların yuxuda gördüyü obyektlərin müəyyən kateqoriyalarını proqnozlaşdıra bilib. Beləliklə, beyin aktivliyi ilə yuxunun bəzi məzmun elementləri arasında əlaqə müəyyənləşdirilib.
Bu yanaşma yuxuların neyrobioloji mexanizmlərinin öyrənilməsi və onların məzmununun beyin fəaliyyəti əsasında təhlili baxımından elmi maraq doğurur. Bununla belə, yuxunu bütöv şəkildə, sanki film izləyirmiş kimi yenidən canlandırmaq hələ mümkün deyil. Yuxuların tam vizual bərpası müasir neyroelmin qarşısında duran mürəkkəb tədqiqat istiqamətlərindən biri olaraq qalır.

