Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzi (RQMM) “Avropa İİV-ə testləşmə həftəsi” təşəbbüsünə qoşularaq paytaxtda və regionlarda maarifləndirmə tədbirləri və müayinə aksiyaları həyata keçirib.
Aztibb.az xəbər verir ki, bu çərçivədə təhsil müəssisələrində, səhiyyə və istehsalat müəssisələrində, eləcə də insanların sıx toplaşdığı ərazilərdə əhalinin İİV/QİÇS barədə məlumatlılığının artırılmasına və İİV-ə müayinənin təşviqinə yönəlmiş tədbirlər təşkil olunub.
Bununla əlaqədar Respublika QİÇS-lə Mübarizə Mərkəzinin təşkilatçılığı ilə “Park Bulvar” ticarət mərkəzində maarifləndirmə və müayinə aksiyası keçirilib. Aksiyanın məqsədi ölkəmizdə İnsanın İmmunçatışmazlığı Virusunun (İİV) yayılmasının qarşısını almaq və yoluxmuş şəxsləri erkən mərhələdə aşkarlamaq olub. Tədbir çərçivəsində vətəndaşlar öz İİV statuslarını müəyyənləşdirmək imkanı əldə ediblər.
Ticarət mərkəzində xüsusi olaraq yaradılmış maarifləndirmə guşəsində sağlamlıq üçün ciddi təhlükə yaradan İİV və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə məlumat verilib. Təcrübəli həkimlər tərəfindən virusun yoluxma yolları, profilaktikası, müayinəsi və müalicə üsulları haqqında ətraflı danışılıb.
Aksiya zamanı vətəndaşlara ödənişsiz və anonim şəkildə İİV üzrə ekspress-testdən keçmək imkanı yaradılıb. Bununla yanaşı, İİV/QİÇS mövzusunda məlumatlandırıcı broşür və bukletlər paylanıb, xəbərdaredici informasiya təqdim edilib.

