Alimlər xroniki iltihabın yaranma mexanizmini araşdırmaq üçün yeni alət hazırlayıblar  
28.11.2026 14:47

ABŞ-nin Kaliforniya Universitetinin Riversayd kampusunun alimləri insan hüceyrələrində iltihabın necə başladığını müəyyən etməyə imkan verən yeni elmi alət hazırlayıblar. Bu kəşf xroniki iltihabın yaranma mexanizmlərinin daha dərindən öyrənilməsinə və gələcəkdə onun qarşısının alınması yollarının müəyyənləşdirilməsinə kömək edə bilər.

 

Aztibb.az-ın medicalxpress.com-a istinadla xəbərinə görə, araşdırmada alimlər hüceyrənin enerji istehsalına cavabdeh olan mitoxondrilərdə DNT-nin zədələnməsi ilə iltihab reaksiyası arasındakı əlaqəni öyrəniblər. Mitoxondrilər hüceyrə nüvəsindəki DNT-dən fərqli olaraq öz genetik materialına malikdir. Əvvəlki tədqiqatlar mitoxondrial DNT-nin immun sisteminin fəaliyyətində mühüm rol oynadığını göstərsə də, onun zədələnməsinin iltihaba necə təsir etdiyi tam aydın deyildi. Tədqiqatçılar bu əlaqəni araşdırmaq üçün tənəffüs yollarını örtən insan hüceyrələrindən istifadə ediblər. Bu hüceyrələr hava vasitəsilə orqanizmə daxil olan çirkləndiricilərlə birbaşa təmasda olduqları üçün iltihab proseslərinin öyrənilməsində xüsusi əhəmiyyət daşıyır.

 

Təcrübələr göstərib ki, hazırlanmış vasitə hüceyrə nüvəsindəki DNT-yə zərər vermədən mitoxondrial DNT-ni zədələyə bilir. Tədqiqatçılar, həmçinin zədələnmiş mitoxondrial DNT-ni mitoxondrilərin xaricindəki hüceyrədaxili mayedə aşkar ediblər. Belə molekullar hüceyrə üçün təhlükə siqnalı rolunu oynayaraq immun reaksiyasında və iltihab prosesində iştirak edən genləri aktivləşdirə bilər.

 

Tədqiqatın müəllifi, kimya professoru Linlin Zhao bildirib ki, yeni vasitə mitoxondrial zədələnmənin iltihaba təsirini araşdırmaq üçün alimlərə yeni imkanlar yaradır. Tədqiqatçılar növbəti mərhələdə DNT-yə müxtəlif səviyyələrdə zərər vuran molekulları sınaqdan keçirməyi planlaşdırırlar. Onlar iltihab reaksiyasının başlaması üçün nə qədər zədələnmənin tələb olunduğunu, eləcə də bu mexanizmin hüceyrələrin yaşlanmasında rolunu müəyyənləşdirmək istəyirlər.

 

Alimlərin fikrincə, iltihabı başladan mexanizmlərin dəqiq müəyyənləşdirilməsi onun xroniki xarakter almadan qarşısının alınması üçün yeni yanaşmaların hazırlanmasına şərait yarada bilər. Xroniki iltihab artrit, 2-ci tip diabet, Alsheymer xəstəliyi və bəzi xərçəng növləri də daxil olmaqla bir sıra xəstəliklərin inkişafında mühüm amillərdən biri hesab olunur.

 

Tədqiqatın nəticələri “Free Radical Biology and Medicine” elmi jurnalında dərc olunub.

 

ÇOX OXUNANLAR
 ATU tələbələrindən unikal təşəbbüs: “Dəmir Yumruq” elmin və anatomiyanın dili ilə   
Araşdırma: Yüksək dozada Omeqa-3 qəbulu belə yaddaş zəifləməsinin qarşısını almayıb  
Salyan RMX-nın rəhbərliyi şəhid ailələrini ziyarət edib
Ağdaş Rayon Mərkəzi Xəstəxanasında kadr təyinatı olub
İtirilmiş ətrafların yenidən bərpasına imkan yarada biləcək gen aşkarlanıb - Elmdə yeni ümid
Alimlər yuxu yaratmadan ağrını azaldan yeni anestetik maddə aşkar ediblər
ATU-nun Böyük Elmi Şurasında universitetin inkişaf prioritetləri və mühüm qərarlar müzakirə olunub
TƏBİB: Ötən ay təcili tibbi yardım xidməti tərəfindən 131 305 nəfərə tibbi yardım göstərilib
Uşaqlıq qanaxması şikayəti ilə müraciət edən xəstəyə cərrahi müdaxilə həyata keçirilib - Tədris Cərrahiyyə Klinikası
Şəfa görmək istəyən Naftalana gəlsin   
 Pirallahı Tibb Mərkəzində ilk dəfə kataraktanın fakoemulsifikasiya üsulu ilə ekstraksiyası əməliyyatı icra olunub   
Yeni Klinikada “Təhlükəsiz sterilizasiya: nəzəriyyədən praktikaya
Xroniki iltihabı artıra bilən 5 qida qrupu
Şəkərli diabetin yaranma səbəbləri, əsas əlamətləri və profilaktikası
Yeni Klinikanın Robotik Reabilitasiya Mərkəzinin bir illik fəaliyyətinin nəticələri açıqlanıb