Sabunçu Tibb Mərkəzində 8 Noyabr – Zəfər Gününə və 9 Noyabr – Dövlət Bayrağı Gününə həsr edilmiş tədbir keçirilib.
Mərkəzdən Aztibb.az-a verilən məlumata görə, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Daha sonra Vətən müharibəsinin ilk günlərini və Zəfərə aparan tarixi yolu əks etdirən videoçarx nümayiş olunub.
Sabunçu Tibb Mərkəzinin direktoru Cavid Paşayev qonaqları salamlayaraq Zəfər Gününün tarixi əhəmiyyətindən, milli birliyimizin və qəhrəmanlığımızın təcəssümündən bəhs edib.
Ardınca tədbirdə fəxri qonaqlar və mərkəzin rəhbər heyətinin nümayəndələri çıxış ediblər. Xüsusi təyinatlı qüvvələrin ehtiyatda olan polkovnik-leytenantı Nizami Əliyev, Sabunçu Tibb Mərkəzinin cərrahi işlər üzrə direktor müavini Kamil Hacıyev, “Rəşadət” ordenli Amil Mustafayev, xüsusi təyinatlı qüvvələrin giziri Şəmsi Məmmədov və mərkəzin I Hemodializ şöbəsinin müdiri Mahir Osmanov çıxışlarında Zəfər tariximizin əhəmiyyətinə, Vətən uğrunda göstərilən qəhrəmanlığa və bu qələbənin xalqımız üçün mənəvi dəyərinə toxunublar.
Tədbir çərçivəsində “Zəfər sizin üçün nədir?” adlı hazırlanmış videoçarxda Sabunçu Tibb Mərkəzinin həkimləri də öz fikirlərini bölüşərək Zəfərin mənəvi mahiyyətini ifadə ediblər.
Həmçinin Dövlət Bayrağı Gününün əhəmiyyəti vurğulanıb, üçrəngli bayrağımızın müstəqilliyimizin və milli kimliyimizin rəmzi olduğu qeyd edilib. Fəxri qonaqlara günün xatirəsinə həsr olunmuş simvolik hədiyyələr təqdim edilib.
Tədbirin bədii hissəsi vətənpərvərlik ruhunda hazırlanmış musiqili video kompozisiya ilə yekunlaşıb.
Proqramın davamı olaraq şəhidlərimizin əziz xatirəsini yaşatmaq, gələcək nəsillərə Vətən sevgisi və Zəfər ruhunu aşılamaq məqsədilə Sabunçu Tibb Mərkəzinin həyətində fəxri qonaqların, qazilərin və tədbir iştirakçılarının iştirakı ilə ağacəkmə aksiyası keçirilib.

