Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə muxtar respublikanın rayon və kəndlərdə yaşayan sakinlərinə müxtəlif ixtisaslar üzrə tibbi xidmətlərin göstərilməsi üçün qrafikə uyğun davamlı olaraq tibbi aksiyalar təşkil olunur.
Bu barədə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən Aztibb.az-a bildirilib.
“Şərur Regional Tibb Mərkəzi” publik hüquqi şəxsin ixtisaslı həkim briqadası tərəfindən Şərur rayonunun Axura Kənd Tibb Məntəqəsində tibbi müayinə aksiyası keçirilib.
Aksiya çərçivəsində 21 xəstəyə xidmət göstərilib, ümumilikdə 47 müayinə aparılıb. Müayinələr zamanı ginekoloq tərəfindən 7, rentgen üzrə 9, pediatr tərəfindən 5, USM üzrə 12, terapevt tərəfindən 8, LOR üzrə isə 6 müayinə həyata keçirilib.
Əhalinin sağlamlığının qorunması, xəstəliklərin erkən aşkarlanması və tibbi xidmətlərə əlçatanlığın artırılması məqsədi daşıyan bu cür aksiyalar sakinlərin ixtisaslı tibbi xidmətlərdən yararlanmasına imkan yaradır.

