Gigiyena qaydalarına düzgün əməl olunması sağlamlığın qorunmasının əsas şərtlərindən biridir. Şəxsi və məişət gigiyenası, qida məhsullarının düzgün saxlanılması, yaşayış və iş məkanlarının təmizliyi, eləcə də otaqların mütəmadi havalandırılması bir sıra yoluxucu xəstəliklərin yayılma riskinin azaldılmasında mühüm rol oynayır.
Xüsusilə gündəlik həyatda sadə gigiyena qaydalarına əməl olunması fərdi sağlamlığın qorunması, həm də ailə və kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasına kömək edir. Bununla yanaşı, təmizlik zamanı dezinfeksiyaedici və kimyəvi vasitələrdən düzgün istifadə olunması, qida gigiyenası qaydalarına riayət edilməsi və bu vərdişlərin uşaqlıqdan formalaşdırılması xüsusi əhəmiyyət daşıyır.
Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Epidemiologiya şöbəsinin müdiri Aygün İsmayılova gigiyena qaydalarına əməl olunmasının yoluxucu xəstəliklərin profilaktikasındakı rolu, məkanların təmizliyi və havalandırılması, dezinfeksiyaedici vasitələrdən düzgün istifadə, uşaqlarda sağlam gigiyena vərdişlərinin formalaşdırılması ilə bağlı sualları cavablandırıb.
- Şəxsi və məişət gigiyenası qaydalarına riayət olunması hansı yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır?
– Şəxsi və məişət gigiyenası qaydalarına əməl olunması yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınmasında mühüm rol oynayır. Xüsusilə çirkli əllər, sanitar tələblərə cavab verməyən qida və su, eləcə də çirklənmiş məişət əşyaları vasitəsilə yayılan infeksiyaların profilaktikasında gigiyena tədbirləri xüsusi əhəmiyyət daşıyır.
Əllərin sabunla yuyulması, qida məhsullarının düzgün hazırlanması və saxlanılması, meyvə-tərəvəzlərin istifadədən əvvəl yuyulması, məişət səthlərinin təmiz saxlanması salmonellyoz, şigellyoz (dizenteriya), rotavirus infeksiyası və hepatit A kimi xəstəliklərin yayılma riskinin azalmasına kömək edir.
Eyni zamanda, şəxsi gigiyena qaydalarına riayət olunması hava-damcı yolu ilə yayılan infeksiyaların, o cümlədən qrip və digər kəskin respirator virus infeksiyalarının ötürülmə riskinin azaldılmasında da əhəmiyyətlidir. Əllərin təmiz saxlanılması, öskürmə və asqırma zamanı ağız və burunun örtülməsi, qapalı məkanların mütəmadi havalandırılması bu infeksiyaların yayılma riskini azaltmağa kömək edir.
Şəxsi gigiyena qaydalarına müntəzəm və düzgün əməl olunması infeksiyaların insandan insana ötürülməsinin qarşısının alınmasına, xəstəliklərin ailə və kollektivlərdə yayılma riskinin azalmasına imkan verir. Bu baxımdan, əl gigiyenası, qida və su təhlükəsizliyi, eləcə də yaşayış mühitinin təmiz saxlanılması gündəlik həyatın ayrılmaz hissəsi olmalıdır.
– Məkanların müntəzəm təmizlənməsi və havalandırılması tənəffüs sistemi xəstəlikləri və allergiyalara necə təsir edir?
– Yaşayış və iş məkanlarının müntəzəm təmizlənməsi və havalandırılması qapalı mühitdə havanın keyfiyyətinin qorunmasına, tənəffüs yollarına təsir edən amillərin azalmasına kömək edir. Qapalı məkanlarda havanın uzun müddət dəyişməməsi toz, kif və digər qıcıqlandırıcıların toplanmasına şərait yarada bilər. Bu amillər allergiyaya həssas şəxslərdə asqırma, burun axması və ya tutulması, gözlərdə qaşınma, sulanma kimi əlamətlərin yaranmasına səbəb ola bilər.
Otaqların mütəmadi havalandırılması havanın yenilənməsinə və respirator infeksiyaların ötürülmə riskinin azalmasına kömək edir. Eyni zamanda, məkanların təmiz saxlanılması toz, ev tozu gənələri, kif və digər allergenlərin miqdarının azalmasına, bununla da allergiyaya həssas şəxslərdə allergik əlamətlərin yaranma və ya güclənməsi riskinin aşağı salınmasına imkan verir.
Bundan əlavə, təmizlik zamanı otaqların düzgün havalandırılması və kəskin qoxulu təmizləyici vasitələrdən həddindən artıq istifadə edilməməsi vacibdir. Belə ki, bəzi kimyəvi maddələr, kəskin qoxular tənəffüs yollarını qıcıqlandıra və xüsusilə həssas şəxslərdə narahatlıq yarada bilər.
Bu baxımdan, otaqların mütəmadi havalandırılması, tozun nəm üsulla təmizlənməsi, kif və nəmlik mənbələrinin aradan qaldırılması, yataq dəstlərinin vaxtında dəyişdirilməsi həm tənəffüs yolu infeksiyalarının yayılma riskinin, həm də allergenlərin təsirinin azalmasına kömək edir.
– Həddindən artıq dezinfeksiyaedici vasitələrdən, kimyəvi təmizləyicilərdən təkrarən istifadə insan sağlamlığına və dəriyə zərər verə bilərmi?
– Dezinfeksiyaedici, kimyəvi təmizləyici vasitələrdən normadan artıq və düzgün istifadə edilməməsi sağlamlıq üçün arzuolunmaz təsirlərə səbəb ola bilər. Bu vasitələrin yüksək konsentrasiyada və ya tez-tez tətbiqi xüsusilə dəri, göz, tənəffüs yollarında qıcıqlanma yarada bilər.
Məişətdə bütün səthlərin davamlı olaraq dezinfeksiya edilməsinə ehtiyac yoxdur. Əksər hallarda səthlərin adi üsulla, o cümlədən nəm şəkildə təmizlənməsi kifayətdir. Dezinfeksiya isə xüsusilə yoluxucu xəstəliklər zamanı və yoluxma riskinin yüksək olduğu hallarda məqsədəuyğun hesab olunur.
Kimyəvi vasitələrin dəri ilə uzunmüddətli və təkrarlanan təması dərinin qurumasına, qıcıqlanmasına, bəzi hallarda isə allergik kontakt dermatitə səbəb ola bilər. Dezinfeksiyaedici maddələrin buxarlarının və ya aerozollarının nəfəs yollarına daxil olması da həssas şəxslərdə tənəffüs yollarının qıcıqlanmasına səbəb ola bilər.
Bu səbəbdən, təmizləyici və dezinfeksiyaedici vasitələr yalnız təyinatına uyğun, üzərində göstərilən miqdarda və təlimata əsasən istifadə edilməlidir. Müxtəlif kimyəvi vasitələrin, xüsusilə xlor tərkibli məhsulların digər təmizləyicilərlə qarışdırılması yolverilməzdir. İstifadə zamanı otağın havalandırılması, zəruri hallarda isə qoruyucu əlcəklərdən və maskalardan istifadə olunması tövsiyə edilir.
– Qida gigiyenası, mətbəx təmizliyi qaydalarının pozulması hansı təhlükəli mədə-bağırsaq xəstəliklərinə və qida zəhərlənmələrinə səbəb ola bilər?
– Qida gigiyenası, mətbəx təmizliyi qaydalarına riayət olunmaması qida və su vasitəsilə yayılan bir sıra infeksiyaların, eyni zamanda qida zəhərlənmələrinin yaranmasına səbəb ola bilər. Xüsusilə qida məhsullarının düzgün saxlanılmaması, kifayət qədər bişirilməməsi, çiy və hazır məhsulların bir-biri ilə təmasda olması, həmçinin mətbəx səthlərinin, istifadə olunan qabların təmiz saxlanılmaması yoluxma riskini artırır.
Belə hallarda salmonellyoz, şigellyoz (dizenteriya), kampilobakterioz, stafilokok mənşəli qida zəhərlənmələri, botulizm və rotavirus infeksiyası kimi xəstəliklərə rast gəlinə bilər. Xüsusilə ət, yumurta, süd məhsulları, digər tez xarab olan qidaların saxlanma şəraitinə və istifadə müddətinə diqqət yetirilməsi vacibdir.
Çiy və hazır qidalar üçün ayrı kəsmə taxtası və bıçaqlardan istifadə edilməsi, meyvə-tərəvəzlərin yaxşı yuyulması, qidaların kifayət qədər termiki emaldan keçirilməsi, hazır yeməklərin uyğun şəraitdə saxlanılması qida mənşəli infeksiyaların qarşısının alınmasında mühüm əhəmiyyət daşıyır.
Həmçinin, qida hazırlanmazdan əvvəl və sonra əllərin sabunla yuyulması, mətbəx səthlərinin, qabların təmiz saxlanılması kimi sadə qaydalara əməl olunması qida zəhərlənmələrinin, həm də mədə-bağırsaq infeksiyalarının yayılma riskini əhəmiyyətli dərəcədə azaldır.
– Uşaqlıqdan düzgün gigiyena vərdişlərinin aşılanması ümumi inkişaf və uzunmüddətli sağlamlığa necə töhfə verir?
– Uşaqlıqdan düzgün gigiyena vərdişlərinin formalaşdırılması uşaqların sağlamlığının qorunması və yoluxucu xəstəliklərdən müdafiəsində mühüm rol oynayır. Əllərin düzgün yuyulması, dişlərin müntəzəm təmizlənməsi, şəxsi əşyaların təmiz saxlanması, öskürmə və asqırma zamanı gigiyena qaydalarına əməl edilməsi gündəlik həyatın bir hissəsinə çevrilməlidir.
Bu vərdişlər uşaqların müxtəlif infeksiyalara yoluxma riskinin azalmasına, şəxsi təmizliyə və sağlam həyat tərzinə məsuliyyətli yanaşmanın formalaşmasına kömək edir. Gigiyena qaydalarına əməl olunması məktəb və digər kollektivlərdə infeksiyaların yayılmasının qarşısının alınmasında da əhəmiyyətlidir.
Valideynlər uşaqlara yeməkdən əvvəl və sonra, küçədən evə qayıtdıqda və heyvanlarla təmasdan sonra əlləri sabunla yumağı öyrətməlidirlər. Dişlərin gündə iki dəfə təmizlənməsi, dırnaqların vaxtında tutulması, şəxsi dəsmal və digər gigiyena vasitələrindən istifadə edilməsi də erkən yaşlardan aşılanmalıdır. Öskürmə və asqırma zamanı ağız və burunun salfetlə və ya dirsəyin iç səthi ilə örtülməsi də uşaqlara öyrədilməlidir.
Gigiyena qaydaları uşağa məcburiyyət kimi deyil, gündəlik həyatın təbii bir hissəsi kimi izah edilməli, valideynlər öz davranışları ilə nümunə göstərməlidirlər. Yaşa uyğun sadə izahlar və müsbət yanaşma bu vərdişlərin daha asan mənimsənilməsinə kömək edir.
Düzgün gigiyena vərdişlərinin erkən yaşlardan formalaşdırılması uşaqlarda öz sağlamlığına məsuliyyətli münasibətin yaranmasına və bu davranışların uzunmüddətli sağlam həyat tərzinin bir hissəsinə çevrilməsinə zəmin yaradır.

