Xətai Tibb Mərkəzində müasir oftalmologiya Göz xəstəlikləri və cərrahiyyə şöbəsi fəaliyyətə başlayıb.
Mərkəzdən Aztibb.az-a bildirilib ki, müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə oftalmoloq-cərrah Cahid Şahbazov rəhbərlik edir.
Göz xəstəlikləri və cərrahiyyə mərkəzinin açılışında TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev və ölkənin müxtəlif media qurumlarının nümayəndələri iştirak ediblər.
Xətai Tibb Mərkəzinin direktoru Aybəniz Saniyeva jurnalistlərə bildirib ki, əhalinin ən çox ehtiyac duyduğu bütün növ oftalmoloji xidmətlər pasiyentlərə yüksək səviyyədə göstəriləcək.
“İndiyədək özəl xəstəxanalarda icra olunan ağırlaşmış katarakta və vitrektomiya əməliyyatları ilk dəfə Xətai Tibb Mərkəzində həyata keçiriləcək. Dövlət tibb müəssisəsinə müraciət edən hər bir xəstə müayinə olunduqdan və diaqnozu təsdiqləndikdən sonra bu əməliyyatların icrası üçün özəl tibb müəssisələrinə göndərilirdi. Bu gündən etibarən isə bütün bu növ əməliyyatları bizim müəssisəmizdə icbari tibbi sığorta hesabına həyata keçirmək mümkün olacaq”.
O qeyd edib ki, Mərkəzdə gündəlik olaraq 100-110 pasiyentə xidmət göstərilməsi və 50-yə yaxın əməliyyatın həyata keçirilməsi planlaşdırılır.

