Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edib
27.10.2026 12:55

Türkiyənin İzmir şəhərindəki yeddi universitetin birgə təşkilatçılığı ilə III Beynəlxalq İzmir Pediatriya Konqresi keçirilib.

Aztibb.az xəbər verir ki, Ege Universitetinin ev sahibliyi etdiyi, uşaq sağlamlığı sahəsindəki yeniliklərin, elmi inkişafın və gələcəyin pediatriya yanaşmalarının müzakirə olunduğu beynəlxalq tədbirdə ölkəmizi Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağızadə təmsil edib.

Təranə Tağızadə “Pediatrik bioetika: klinik praktikada aktual etik çətinliklər və yanaşmalar” mövzusunda məruzəsində uşaqların mənafelərinə uyğun klinik qərarların qəbulu, elmi sübutların qiymətləndirilməsi, həkimin peşə məsuliyyəti, ailənin qərarvermə prosesində iştirakı, uşaqların hüquqlarının qorunması və süni intellektin tibbdə istifadəsinin etik aspektlərinə diqqət çəkib.

Məruzəçi vurğulayıb ki, pediatriyada klinik qərarlar qəbul edilərkən elmi sübutlar, peşə məsuliyyəti, ailənin iştirakı və pasiyentə hörmət vahid yanaşma çərçivəsində nəzərdən keçirilməlidir: “Müalicə seçimi zamanı həkimin, valideynlərin və uşağın gözlənilən fayda və qəbul edilə bilən risklərlə bağlı təsəvvürləri fərqlənə bilər. Qərar qəbul edərkən ailələr internetdəki məlumatlara və ya süni intellekt sistemlərinin cavablarına da əsaslana bilərlər. Belə hallarda həkimin vəzifəsi ailənin gözləntilərini və narahatlıqlarını anlamaq, mümkün variantları izah etmək və konkret uşağın klinik vəziyyətini nəzərə alaraq öz tövsiyəsini əsaslandırmaqdır”.

Klinik qərarların elmi əsaslara söykənməsinin əhəmiyyətindən danışan Təranə Tağı-zadə qeyd edib ki, etik sənədlər prinsipləri və öhdəlikləri müəyyənləşdirir, elmi tədqiqatlar isə konkret yanaşmaların nəticələrini qiymətləndirməyə imkan verir. Elmi məlumatları təhlil edərkən tədqiqatın necə aparıldığına, iştirakçıların kimlər olduğuna, hansı göstəricilərin qiymətləndirildiyinə və əldə olunan nəticələrin konkret pasiyentə nə dərəcədə tətbiq edilə biləcəyinə diqqət yetirilməlidir.

Məruzədə beynəlxalq bioetik sənədlərin müasir tələblər nəzərə alınmaqla yenilənməsinin əhəmiyyəti də vurğulanıb. Məruzəçi tədqiqat iştirakçılarının müdafiəsinin, uşaq hüquqlarına riayət olunmasının və insan ləyaqətinə hörmətin müasir bioetikanın əsas prinsipləri olduğunu bildirib. Bu kontekstdə 1964-cü ildə qəbul edilmiş və 2024-cü ildə yenidən nəzərdən keçirilmiş Helsinki Bəyannaməsinə əhəmiyyətini vurğulayıb. Eyni zamanda, beynəlxalq sənədlərin hüquqi statusunun fərqli olduğunu, klinik praktikada onların məzmununun, dövlətin beynəlxalq öhdəliklərinin və milli qanunvericiliyin nəzərə alınmasının vacibliyini qeyd edib.

Müalicənin fayda və risklərinin qiymətləndirilməsi məsələsinə toxunan məruzəçi bildirib ki, ilk növbədə müalicənin məqsədi müəyyənləşdirilməlidir. Bu məqsəd uşağın həyatının qorunması, funksional vəziyyətinin yaxşılaşdırılması, ağrısının azaldılması və ya gündəlik həyatının yüngülləşdirilməsi ola bilər. Gözlənilən fayda ağırlaşma riskləri və müalicənin uşaq üçün yaratdığı yük ilə müqayisə edilməlidir. Eyni zamanda, müalicə nəticəsində hansı dəyişikliklərin gözlənildiyi və hansı hallarda qərara yenidən baxılacağı ailə ilə əvvəlcədən müzakirə olunmalıdır.

Təranə Tağızadə uşaqların və valideynlərin tibbi qərarlarda iştirakı, məlumatlandırılmış razılıq və məxfiliyin qorunması məsələlərinə də toxunub: “Məlumatlandırılmış razılığın təmin edilməsi üçün ailə tibbi müdaxilənin məqsədini, əsas risklərini və mümkün alternativlərini başa düşməlidir. Uşaqla onun yaşına və yetkinlik səviyyəsinə uyğun, anlaşılan dildə danışmaq lazımdır. Tibbi müdaxiləyə müstəqil razılıq vermək hüququ qanunvericiliklə müəyyənləşdirildiyindən yeniyetmələrə hansı məlumatların məxfi saxlanılacağı və hansı hallarda həmin məlumatların açıqlanmasının zəruri olacağı izah edilməlidir”.

Ağır xəstəliklər zamanı ünsiyyətin nəticələrindən danışan Təranə Tağı-zadə FACE-TC tədqiqatının nəticələrini təqdim edib. Alim inanclar, mədəniyyət və müalicə ilə bağlı qərarlar arasındakı əlaqələrdən danışıb. Ailənin mövqeyini anlamaq üçün onun inanclarını, gözləntilərini və narahatlıqlarını nəzərə almağın vacibliyi qeyd edib.

Uşaqların elmi tədqiqatlarda iştirakı, genetik məlumatların qorunması və tibbi yardıma əlçatanlıq da müzakirə mövzusu olub: “Uşağın tədqiqata cəlb edilməsi zamanı tədqiqatın elmi əsasları, riskləri, mümkün faydası və iştirakın könüllülüyü ayrıca qiymətləndirilməlidir. Uşağın müdafiəsinə görə məsuliyyət tədqiqatın bütün mərhələlərində qorunub saxlanılır. Genetik məlumatlarla işləyərkən onların istifadəsi və məxfiliyi ilə bağlı məsələlər əvvəlcədən müzakirə olunmalıdır. Tibbi yardıma çıxışla bağlı qərarlar ayrı-seçkiliyi istisna edən aydın meyarlara əsaslanmalıdır”.

Pediatriyada süni intellektin tətbiqi məsələsinə toxunan məruzəçi elmi tədqiqatların nəticələri əsasında bu texnologiyanın imkanlarını və məhdudiyyətlərini təhlil edib: “Süni intellekt sistemlərinin nəticələri istifadə olunan modeldən və onun hansı şəraitdə sınaqdan keçirilməsindən asılıdır. J. Barile və həmmüəlliflərinin tədqiqatında ChatGPT-3.5 dərc olunmuş 100 pediatrik klinik hadisədən 17-də tamamilə düzgün diaqnoz müəyyən edib. K. Launes və həmmüəlliflərinin tədqiqatında isə bəzi modellər fərqli diaqnostik tapşırıqlar toplusunda daha yüksək dəqiqlik nümayiş etdirib. Bununla belə, bu nəticələrin birbaşa müqayisəsinin düzgün olmadığı vurğulanıb, çünki tədqiqatların metodologiyaları və materialları fərqlənib, uşaqların müalicə nəticələri isə qiymətləndirilməyib”.

Süni intellektin həkimin fəaliyyətinə təsirindən danışan Təranə Tağı-zadə bildirib ki, 50 həkimin iştirakı ilə aparılmış randomizə edilmiş tədqiqatda GPT-4 modelindən istifadə imkanı diaqnostik təfəkkürün statistik baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşmasını təmin etməyib. Eyni zamanda, tədqiqatın yazılı klinik hadisələr əsasında aparıldığı və pediatriyaya aid olmadığı qeyd edilib.

Məruzəsində rəqəmsal təhlükəsizlik və uşaqların məlumatlarının qorunması məsələlərindən danışan Təranə Tağı-zadə istənilən rəqəmsal sistemdən istifadə etməzdən əvvəl ona hansı məlumatların ötürüldüyünü, həmin məlumatlara kimin çıxış əldə edə biləcəyini və onların necə qorunacağını anlamağın vacibliyini vurğulayıb: “Ümumdünya Səhiyyə Təşkilatı və UNICEF uşaqların təhlükəsizliyinə və hüquqlarına xüsusi diqqət yetirir. Avropa tələblərinin tətbiq imkanları isə ayrıca qiymətləndirilməlidir. Məsələn, GDPR-ın 8-ci maddəsi müəyyən rəqəmsal xidmətlərə aiddir və tibbi müdaxiləyə müstəqil razılıq vermək üçün ümumi yaş həddi müəyyən etmir”.

Təranə Tağı-zadə gələcək həkimlərin pediatrik bioetika sahəsindəki bilik və bacarıqlarının imtahan tapşırıqları vasitəsilə qiymətləndirilməsini təklif edib: “Gələcək həkim fayda və zərəri qiymətləndirməyi, qeyri-müəyyənliyi izah etməyi, uşaq və ailə ilə düzgün ünsiyyət qurmağı, fikir ayrılıqlarını həll etməyi bacarmalıdır. Süni intellektdən istifadə zamanı əldə olunan cavabların, göstərilən mənbələrin, dərman dozalarının və ölçü vahidlərinin müstəqil yoxlanılması mühüm bacarıqlardandır. Bu səriştələr klinik situasiyaların müzakirəsi və strukturlaşdırılmış klinik imtahan vasitəsilə qiymətləndirilməlidir”.

Çıxışının yekununda Təranə Tağızadə əlavə edib ki, klinik qərarlar aydın, əsaslandırılmış və zərurət yarandıqda vaxtında təkrar nəzərdən keçirilə bilən formada qəbul edilməlidir. Alim mürəkkəb halların müzakirə qaydasını razılaşdırmaq, komandaya təlim keçmək və nəticələri qiymətləndirməklə ilkin addım kimi pilot tətbiqə başlanmasını təklif edib. Həmçinin Türk dünyası ölkələri arasında əməkdaşlıq çərçivəsində hər bir ölkənin dilinə, mədəniyyətinə və qanunvericiliyinə uyğunlaşdırıla bilən ortaq tədris materiallarının hazırlanması təşəbbüsünü irəli sürüb.

ÇOX OXUNANLAR
Anar Bayramov səhiyyə naziri təyin edilib
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunub
Respublika Klinik Xəstəxanası vakansiya elan edir
İnfarktdan sonra ürəyi zədələnmələrdən qorumağın yolu tapılıb   
Ultra emal olunmuş qidalar beyində damar zədələnməsi riskini artıra bilər
Uşaq cərrahı Günel Əmiraslanova Şəki Bonum Medicalda pasiyentləri qəbul edəcək
Bakı və Sumqayıtda qripə qarşı peyvəndləmə başlayıb  
         Yatmazdan əvvəl qidalanma qaraciyər xəstəlikləri riskini 30 faiz artıra bilər           
Sümük zəifliyi beyin qocalmasının sürətlənməsinin gizli əlaməti ola bilər
JAMA: Amiloiddən təmizlənmiş beyin nahiyələrində tau zülalının patoloji yığıntıları daha az olub
Tədris Cərrahiyyə Klinikasında diz oynağında yaranmış septik artrit səbəbilə cərrahi əməliyyat icra olunub
 Mərkəzi Gömrük Hospitalı gələcəyin tibb mütəxəssislərinin yetişdiyi klinik tədris baza   
Tədris Cərrahiyyə Klinikasında laparoskopik sol tərəfli hemikolektomiya əməliyyatı uğurla icra olunub
 Azərbaycan Tibb Universitetinin kollektivi Sumqayıtda məzun şəhidlərin məzarlarını ziyarət edib