Azərbaycan Tibb Universitetində (ATU) rezidentura hazırlığının mövcud vəziyyəti, qarşıda duran vəzifələr və gələcək inkişaf perspektivləri müzakirə olunub. Görüşdə klinika rəhbərləri, baş həkimlər, klinikalar üzrə məsul şəxslər, kafedra müdirləri və fəal rezidentlər iştirak ediblər.
Bu məlumat Aztibb.az-a ATU-dan verilib.
Qeyd olunub ki, müzakirələrin əsas istiqamətini rezidentura təhsilinin keyfiyyətinin yüksəldilməsi, nəzəri biliklərlə praktik bacarıqların vəhdətinin gücləndirilməsi, klinik hazırlıq imkanlarının genişləndirilməsi və müasir tibbin tələblərinə cavab verən yüksəkixtisaslı mütəxəssislərin yetişdirilməsi təşkil edib.
İştirakçılar rezidentura hazırlığının təşkili ilə bağlı mövcud vəziyyəti dəyərləndirərək tədris prosesinin təkmilləşdirilməsi, klinik bazalarla kafedralar arasında əməkdaşlığın gücləndirilməsi və rezidentlərin peşəkar səriştələrinin inkişaf etdirilməsi ilə bağlı fikir və təkliflərini bölüşüblər. Xüsusilə, rezidentlərin klinik qərarvermə, pasiyent təhlükəsizliyi və sübuta əsaslanan təbabət prinsiplərinin tətbiqi üzrə bacarıqlarının artırılmasının əhəmiyyəti vurğulanıb.
Keyfiyyətli tibbi kadr hazırlığı yalnız ali və ixtisaslı təhsil məsələsi deyil, həm də cəmiyyətin sağlamlığının qorunması və səhiyyə xidmətlərinin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır. Bu baxımdan, rezidentura təhsilinin təkmilləşdirilməsi Birləşmiş Millətlər Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərində (DİM) əks olunan prioritetlərlə, xüsusilə sağlam həyatın təmin edilməsini və rifahın təşviqini nəzərdə tutan DİM- 3, keyfiyyətli və əlçatan təhsili hədəfləyən DİM-4 ilə birbaşa əlaqəlidir. Müasir tədris metodlarının tətbiqi, klinik təcrübənin zənginləşdirilməsi və rezidentlərin davamlı peşəkar inkişafının dəstəklənməsi bu məqsədlərə töhfə verən mühüm amillərdəndir.
Eyni zamanda, universitet, kafedra və klinik müəssisələr arasında səmərəli əməkdaşlığın qurulması rezidentura hazırlığının keyfiyyətinin yüksəldilməsində xüsusi rol oynayır. Bu əməkdaşlıq modeli DİM 17- məqsədlərə nail olmaq üçün tərəfdaşlığın gücləndirilməsində — ifadə olunan yanaşma ilə uzlaşır.
Qeyd olunub ki, rezidentura təhsilinin davamlı təkmilləşdirilməsi gələcək həkimlərin peşəkar hazırlığının gücləndirilməsi ilə yanaşı, səhiyyə sisteminin insan resursları potensialının inkişafına və əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə də xidmət edir.
Azərbaycan Tibb Universitetində bu istiqamətdə aparılan müzakirələr rezidentura hazırlığının müasir tələblərə uyğun inkişaf etdirilməsi, təhsil və klinik praktika arasında əlaqələrin möhkəmləndirilməsi, eləcə də dayanıqlı inkişaf prinsiplərinin tibbi təhsil sahəsində təşviqi baxımından əhəmiyyət daşıyır.

