Uşaqlarda en çox rast gəlinən qidalanma problemlərindən biri dəmir çatışmazlığıdır.
Aztibb.az xəbər verir ki, həkim-pediatr Gülnaz Kazımovanın bildirdiyinə görə, orqanizmdə oksigenin daşınmasını təmin edən hemoqlobinin yaranması üçün vacib olan dəmir elementinin çatışmazlığı uzun müddət davam etdikdə qan azlığına gətirib çıxarır. Bu hal uşaqların fiziki və zehni inkişafına, eləcə də öyrənmə qabiliyyətinə mənfi təsir göstərə bilir.
Xəstəlik özünü solğun dəri, tez yorulma, halsızlıq, iştahanın azalması, diqqətin zəifləməsi və fiziki aktivliyə dözümlülüyün düşməsi kimi simptomlarla büruzə verir. Dəqiq diaqnoz qan analizləri əsasında qoyulur və müalicə zamanı dəmirlə zəngin qidalanma tətbiq olunur, zəruri hallarda isə həkim tərəfindən dəmir preparatları təyin edilir.
Mütəxəssis xəbərdarlıq edir ki, dəmir preparatlarını uşağa özbaşına vermək olmaz. Dərmanın dozası uşağın yaşına, çəkisinə və analiz nəticələrinə uyğun olaraq yalnız həkim tərəfindən müəyyən edilməlidir.

