Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) uşaqlar və yeniyetmələr arasında sürətlə artan piylənmə probleminə qarşı səhiyyə sistemlərinin necə fəaliyyət göstərməli olduğunu müəyyən edən ilk qlobal təlimatını yayımlayıb.
Aztibb.az xəbər verir ki, ÜST-nin məlumatına görə, 2024-cü ildə 5–19 yaş arasında 170 milyon uşaq və yeniyetmə piylənmə ilə yaşayırdı. Onların 70 milyonunu 5–9 yaşlı uşaqlar, 100 milyonunu isə 10–19 yaşlı yeniyetmələr təşkil edib.
Uşaqlar və yeniyetmələr arasında piylənmənin yayılma səviyyəsinin 1990-cı ildən etibarən dörd dəfə artaraq 2 faizdən 8 faizə yüksəldiyi bildirilib.
ÜST piylənmənin yalnız artıq çəki problemi kimi qiymətləndirilməməli olduğuna diqqət çəkərək, bu xəstəliyi “xroniki və təkrarlanan” sağlamlıq problemi kimi xarakterizə edib.
Vurğulanıb ki, piylənmənin təsirləri uşaqlıq dövründə başlaya və ilk növbədə 2-ci tip diabet və ürək-damar xəstəlikləri olmaqla, qeyri-infeksion xəstəliklərin inkişaf riskini artıra bilər.
Piylənmədən müalicənin əsası dərman və ya cərrahiyyə deyil
Təlimatda piylənməsi olan uşaqlar və yeniyetmələr üçün ilkin yanaşmanın strukturlaşdırılmış qidalanma, fiziki aktivlik və davranış dəyişikliyinə yönəlmiş müdaxilələrdən ibarət olması tövsiyə edilir.
Bu müdaxilələrin fərdi şəkildə və ya bir neçə metodun birlikdə tətbiq olunduğu proqramlar çərçivəsində həyata keçirilməsi qəti şəkildə tövsiyə olunub.
Ümumdünya Səhiyyə Təşkilatının Qidalanma və Qida Təhlükəsizliyi Departamentinin direktoru Dr. Luz María De Regil bildirib: “Uşaqlar və yeniyetmələrdə piylənməyə qulluğun əsası dərman və ya cərrahiyyə deyil; sağlam qidalanmanı, fiziki aktivliyi və davamlı davranış dəyişikliyini mümkün edən hərtərəfli dəstəyə çıxışdır.”
De Regil qeyd edib: “Prioritetimiz hər bir uşaq və yeniyetmənin erkən yaşlardan etibarən keyfiyyətli tibbi xidmətə və dəstəkləyici mühitə çıxışını təmin etmək, onların sağlam çəkiyə çatmasına və bunu qoruyub saxlamasına kömək etmək, eləcə də ömürboyu sağlamlığın və rifahın təməlini yaratmaqdır.”
9 yaşadək uşaqlarda dərman və cərrahi müalicə tövsiyə edilmir
ÜST 0–9 yaşlı uşaqlarda piylənmənin müalicəsi məqsədilə dərman istifadəsini, bariatrik cərrahiyyəni və arıqlama cihazlarını tövsiyə etməyib.
Rəqəmsal sağlamlıq tətbiqlərinin isə valideyn və ya uşağa qulluq edən şəxsin nəzarəti altında istifadə edilə biləcəyi bildirilib.
10–19 yaşlı yeniyetmələrə yanaşma isə fərqlidir.
ÜST-nin məlumatına görə, nəzarət altında həyata keçirilən çoxkomponentli həyat tərzi proqramı ilə arzuolunan nəticə əldə edilmədikdə, təsdiqlənmiş piylənmə əleyhinə dərmanların istifadəsi nəzərdən keçirilə bilər.
Ağır piylənməsi olan yeniyetmələrdə bariatrik cərrahiyyə də yalnız ciddi şərtlər daxilində nəzərdən keçirilə bilər.
Psixi sağlamlıq da müalicənin tərkib hissəsidir
Təlimatda diqqət çəkilən məsələlərdən biri də uşaqların və yeniyetmələrin psixi sağlamlığıdır.
ÜST bildirib ki, təşviş, depressiya, aşağı özünəhörmət və emosiyaların tənzimlənməsi ilə bağlı çətinliklər qeyri-sağlam qidalanma davranışlarına, fiziki hərəkətsizliyə və sosial təcridə səbəb ola bilər.
Piylənmə ilə yaşayan uşaqların və yeniyetmələrin stiqmatizasiya, ayrı-seçkilik və zorakılıqla üzləşə biləcəyi də diqqətə çatdırılıb.
Bu səbəbdən səhiyyə işçilərinə piylənmə və psixi sağlamlıq problemlərini bir-birindən ayrı qiymətləndirməmək, hər iki istiqaməti erkən mərhələdə ailəni də prosesə cəlb etməklə birlikdə nəzərdən keçirmək tövsiyə olunub.
Məqsəd yalnız çəki itirmək deyil
ÜST piylənmənin müalicəsinin yalnız tərəzidəki rəqəmin azaldılmasına yönəlməməli olduğunu da vurğulayıb.
Təlimata əsasən, müalicənin məqsədi ümumi sağlamlıq vəziyyətini, gündəlik funksionallığı və həyat keyfiyyətini yaxşılaşdırmaq olmalıdır.
Qulluğun uşağın yaşına və fərdi ehtiyaclarına uyğun planlaşdırılması, ailənin prosesə cəlb edilməsi və uzunmüddətli müşahidənin davam etdirilməsi tövsiyə olunub.
ÜST həmçinin piylənmənin qlobal miqyasda artmasının yalnız müalicə yolu ilə dayandırıla bilməyəcəyinə diqqət çəkib.
Sağlam qidalanma və fiziki aktivliyin daha əlçatan və münasib qiymətli olması üçün tənzimləyici və maliyyə tədbirləri ilə yanaşı, təhsil, şəhərsalma, nəqliyyat və sosial müdafiə siyasətlərində də dəyişikliklərin həyata keçirilməsinə çağırış edilib.

