Oynaq ağrıları atmosfer təzyiqinin dəyişməsinə reaksiyadan yarana bilər
Havanın soyuması və atmosfer təzyiqinin dəyişməsi oynaq xəstəlikləri olan insanların səhhətinə təsir göstərə bilər. Akademik B.V. Petrovskinin adına Rusiya Milli Cərrahiyyə Tədqiqat Mərkəzinin 2 saylı Elmi-Klinik Mərkəzinin revmatoloqu İrina Samkova havanın dəyişməsi zamanı ağrıların niyə fərqli hiss olunduğunu və bu halda hansı yanaşmanın seçilməsinin məqsədəuyğun olduğunu açıqlayıb.
Aztibb.az "Gazeta" nəşrinə istinadən yazır ki, ekspertin söpzlərinə görə, oynaq xəstəlikləri zamanı meteohəssaslıq mif deyil, əsasını toxumaların atmosfer təzyiqindəki dəyişikliklərə reaksiyasının təşkil etdiyi fizioloji fenomendir.
Mütəxəssis qeyd edib ki, mexanizmlərdən biri adətən yağışdan, qar yağmasından və ya siklonun yaxınlaşmasından əvvəl baş verən atmosfer təzyiqinin azalması ilə bağlıdır. Bu tip ağrı daha çox osteoartrit, fibromialgiya və travmaların fəsadlarından əziyyət çəkən pasiyentlərdə müşahidə olunur. Ağrı, bir qayda olaraq, sızıltılı və göynədici xarakter daşıyır, çox vaxt oynaqlarda sərtlik hissi ilə müşayiət olunur. Hərəkətdən sonra isə ağrı azala bilər.
Həkim belə vəziyyəti yüngülləşdirmək üçün yüngül gimnastika və ölçülü fiziki aktivlik tövsiyə edir. Fiziki yüklənmələr arasında ətrafı bir qədər yuxarı vəziyyətdə saxlamaq, kifayət qədər su qəbul etmək və quru istilikdən istifadə etmək olar.
“İstiləşdirmə – quru istilik, yun sarğılar mümkündür. Çünki bu üsul oynaq kapsulunun ətrafındakı spazm olmuş əzələləri boşaldır və yerli qan dövranını yaxşılaşdırır”, – revmatoloq izah edib.
Digər mexanizm isə iltihabi ağrı ilə bağlıdır. Bu tip ağrı aktiv iltihabi proseslər, xüsusilə revmatoid və reaktiv artrit, eləcə də bursit zamanı xarakterikdir. Samkovanın sözlərinə görə, atmosfer təzyiqinin yüksəlməsi və rütubətin kəskin dəyişməsi belə reaksiyalara səbəb ola bilər. İltihab zamanı oynağın boşluğunda artıq maye toplanır və bunun nəticəsində ağrı kəskin, kəsici, pulsasiyaedici və ya sancıvari xarakter ala bilər.
İltihabi ağrı zamanı çox vaxt oynağın üzərindəki dəridə qızartı və temperaturun yüksəlməsi də müşahidə olunur. Mexaniki ağrıdan fərqli olaraq, bu halda narahatlıq hərəkət zamanı güclənir və hətta sakit vəziyyətdə də arta bilər.
Həkimin sözlərinə görə, isidici məlhəmlər məhz mexaniki tipli ağrı zamanı istifadə üçün uyğundur. Tərkibində yerli qıcıqlandırıcı təsirə malik komponentlər dəri reseptorlarını aktivləşdirir, damarların genişlənməsinə və yerli qan dövranının güclənməsinə səbəb olur. Nəticədə istilik hissi yaranır və ağrının qavranılması azalır.
“İsidici məlhəmlər atmosfer təzyiqinin azalması və havanın soyuması fonunda yaranan mexaniki (barik) ağrı – xroniki sızıltılı narahatlıq, sərtlik və oynaqlarda ağrı hissi zamanı tövsiyə olunur”, – Samkova bildirib.
Əgər havanın dəyişməsi zamanı oynaq ağrıları mütəmadi olaraq təkrarlanırsa, həkim revmatoloq tərəfindən klinik və instrumental müayinədən keçməyi tövsiyə edir. Bu, xəstəliyin formasını dəqiqləşdirməyə və zərurət yaranarsa, əsas müalicəni korreksiya etməyə imkan verir.
“Bərpa olunan ağrı sindromu mütəmadi olaraq təkrarlanırsa, xəstəliyin nozoloji formasını dəqiqləşdirmək və əsas müalicəni korreksiya etmək üçün revmatoloq tərəfindən kompleks klinik-instrumental müayinə aparılması tövsiyə olunur”, – mütəxəssis yekunlaşdırıb.

