Təzyiq 120/80-dirsə, dərmana ehtiyac yoxdur? Kardioloq bu düşüncənin niyə səhv olduğunu açıqlayıb
08.10.2026 08:51

 

Həkim normal təzyiq zamanı dərmanların özbaşına dayandırılmasının təhlükəli olduğunu bildirib

 

Müalicə zamanı arterial təzyiqin normal olması hipertoniyanın aradan qalxdığı və dərmanlara artıq ehtiyac olmadığı anlamına gəlmir. Dərmanları özbaşına dayandırmaq və ya müalicə sxemini dəyişmək olmaz.

 

Aztibb.az xəbər verir ki, bunu "Life" portalına kardioloq, tibb elmləri doktoru Yevgeni Kokin bildirib.

 

Mütəxəssisin sözlərinə görə, bir çox pasiyent tonometrdə normal göstəricilər gördükdə müalicə sxemini özbaşına dəyişməyə başlayır. Halbuki müntəzəm olaraq dərman qəbul edilərkən təzyiqin 120/80 mm civə sütunu olması əksər hallarda təyin olunmuş preparatların təsir göstərdiyini deyib.

 

“Əgər insan dərmanı müntəzəm qəbul edir və təzyiqi 120/80-dirsə, bu, müalicənin yaxşı nəticəsidir. Dərmanı dayandırmaq o demək deyil ki, orqanizm təzyiqi bundan sonra da özbaşına normal səviyyədə saxlayacaq. Bir neçə dozanın buraxılmasından sonra təzyiq yenidən yüksəlməyə başlaya bilər. Bunun nə qədər tez baş verəcəyi konkret preparatdan və orqanizmin xüsusiyyətlərindən asılıdır”, – Yevgeni Kokin qeyd edib.

 

Bəzi hallarda insan təzyiqindəki dəyişiklikləri hiss etmir və yüksəlməni yalnız növbəti ölçmə zamanı öyrənir. Digər hallarda isə baş ağrısı, ürəkdöyünmə və halsızlıq yarana bilər. Təzyiqin sadəcə yüksəlməsi deyil, nəzərəçarpacaq dərəcədə dəyişməsi xüsusilə təhlükəlidir.

 

Təzyiqin davamlı olaraq kəskin dəyişməsi damarlar, ürək, beyin və böyrəklərə əlavə yük yaradır. Uzun müddət nəzarətsiz qalan hipertoniya insult, infarkt, ürək çatışmazlığı və böyrəklərin zədələnməsi riskini artırır.

 

Bununla belə, bütün pasiyentlərin ömür boyu eyni dozada dərman qəbul etməsi zəruri deyil. Bəzi insanlarda zaman keçdikcə dərmanların sayını azaltmaq və ya dozanı aşağı salmaq mümkün olur. Məsələn, insan arıqladıqda, daha çox fiziki aktivlik göstərdikdə və ya qidalanma rejimini dəyişdikdə belə bir imkan yarana bilər. Lakin bu qərar yalnız təzyiqin müəyyən müddət ərzində müşahidə edilməsindən sonra verilməlidir. Təkcə bir dəfə normal göstəricinin qeydə alınması bunun üçün əsas deyil.

 

Mütəxəssis dərmanı qəbul etməyi unutmaq halına da diqqət çəkib. Bütün preparatlar üçün vahid qayda yoxdur. Konkret dərmandan asılı olaraq, unudulmuş dozanı insan xatırladığı zaman qəbul etmək mümkün ola bilər. Bəzi hallarda isə növbəti qəbul vaxtını gözləmək daha təhlükəsizdir. Buraxılmış dozanı kompensasiya etmək üçün özbaşına ikiqat doza qəbul etmək olmaz.

 

Əgər insan dərmanları mütəmadi olaraq qəbul etməyi unudursa, bu, müalicədən imtina etmək üçün səbəb deyil. Bu barədə həkimə məlumat vermək lazımdır. Ola bilsin ki, dərman qəbulunun sxemini daha rahat şəkildə təşkil etmək mümkün olsun.

 

Ekspert qeyd edib ki, ən əsası hipertoniyada ayrı-ayrı ölçmələrə deyil, arterial təzyiqin davamlı göstəricilərinə diqqət yetirmək lazımdır. Yaxşı rəqəmlər dərmanları kənara qoymaq üçün siqnal deyil, qorunması vacib olan müalicə nəticəsidir.

Səadət Abdullayeva
Müəllifin digər yazıları
ÇOX OXUNANLAR
 LOR cərrah Səma Səfərova Xətai Tibb Mərkəzində fəaliyyətə başlayıb   
İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Kistik Fibroz Xəstələrinə Yardım İctimai Birliyi arasında Memorandum imzalanıb
Bəxtiyar İsmayılov səhiyyə nazirinin müavini təyin edilib
Ağciyərin sağlamlığını qorumağın ən mühüm yollarından biri tütün məhsullarından uzaq durmaqdır
 Uşaq evlərinin sakinləri üçün tibbi müayinələr təşkil olunub   
 ATU rezidenti Belqradda SLEuro-nun beynəlxalq seminarda iştirak edib   
Nizami Tibb Mərkəzində fəaliyyət göstərən könüllülərlə görüş keçirilib
 Yeni Klinikada ABADD rəhbərliyi ilə canlı tibbi konsilium keçirilib   
Ağdaşın Birinci Aral və İkinci Aral kəndlərində tibbi aksiya: 54 nəfər müayinə olunub
 “Ürəyinin ritmini tut!” devizi altında elmi-praktiki seminar keçirilib
 Tovuzun ucqar dağ kəndi Kirəndə səyyar tibbi müayinə keçirilib
Diabet və böyrəklər: səssiz təhlükə
 Qəbələ RMX-da maarifləndirici təlim: “Yenidoğulmuşlarda reanimasiya tədbirləri”    
Oromandibulyar distoniya nədir?