19 uzunmüddətli araşdırmanın, 589 min 649 nəfərin və 42 ilədək davam edən müşahidələrin nəticələrinə görə, 35–65 yaş arasında piylənməsi olan insanlarda sonrakı yaşlarda demensiya riski normal çəkidə olanlarla müqayisədə 33 faiz daha yüksəkdir.
Aztibb.az "TRT Haber"ə istinadən yazır ki, mütəxəssislər orta yaşda piylənmənin təkcə fiziki sağlamlığa deyil, beynin qocalma prosesinə də təsir göstərə biləcəyini bildirirlər. Marmara Universitetinin Pendik Təhsil və Araşdırma Xəstəxanasının nevroloqu, dosent Hatice Ömercikoğlu Özdenin sözlərinə görə, araşdırmalar piylənmə ilə Alzheimer xəstəliyi və demensiya arasında ciddi əlaqənin olduğunu göstərir.
2026-cı ilin sentyabrında Nature Reviews Neurology jurnalında dərc olunan geniş icmalda da orta yaşda piylənməyə xüsusi diqqət yetirilib. Araşdırmalar piylənmə ilə əlaqəli dəyişikliklərin yaddaş, planlaşdırma və qərarvermə üçün vacib beyin nahiyələrində müşahidə olunduğunu göstərir.
Mütəxəssis qeyd edir ki, piylənmə beynin daha sürətli qocalması üçün mühüm risk amillərindən biridir. 2025-ci ildə aparılan beyin görüntüləmə araşdırması da piylənməsi olan insanların beyninin təxmini yaşının normal çəkidə olanlarla müqayisədə daha yüksək olduğunu göstərib. Fərq xüsusilə 40–60 yaş aralığında nəzərə çarpıb.
Bəs sonradan arıqlamaq bu vəziyyəti dəyişə bilərmi? Mütəxəssislər bu suala hələ qəti cavab verməyin tez olduğunu bildirirlər. Bununla belə, piylənmənin nəzarət altına alınmasının gələcək beyin sağlamlığı və koqnitiv funksiyalar baxımından əhəmiyyətli olduğu vurğulanır.
Beləliklə, 40–50 yaşlarda bədən çəkisi yalnız fiziki sağlamlıq deyil, beynin gələcək qocalma prosesi baxımından da mühüm amil hesab olunur.

