Təbəssüm sinir sisteminin fəaliyyəti ilə əlaqəlidir və insanın emosional vəziyyətinə, eləcə də orqanizmin stressə reaksiyasına təsir göstərə bilər. Lakin təkcə mimikanın dəyişdirilməsi kortizol səviyyəsinin və ya arterial təzyiqin mütləq şəkildə aşağı düşməsinə zəmanət vermir.
Aztibb.az xəbər verir ki, bu barədə "İzvestiya"ya həkim-psixoterapevti İrina Kraşkina məlumat verib.
"Təbəssüm zamanı üz əzələləri və onlarla əlaqəli beyin nahiyələri aktivləşir. Mimika emosional əks-əlaqənin formalaşmasında iştirak edir. Buna görə də üz ifadəsi insanın emosiyaları subyektiv qavramasını və stressə reaksiyasının intensivliyini müəyyən qədər dəyişə bilər", – deyə mütəxəssis izah edib.
Tədqiqatlar göstərir ki, bəzi hallarda təbəssüm orqanizmin stressə fizioloji reaksiyasını zəiflədə bilər. Bununla belə, təsirin gücü konkret vəziyyətdən və insanın fərdi xüsusiyyətlərindən asılıdır.
Mütəxəssis qeyd edib ki, təbii və qəsdən yaradılan təbəssüm orqanizmə fərqli təsir göstərə bilər. Süni şəkildə yaradılan təbəssüm belə bəzi hallarda stress reaksiyasına təsir edə bilər. Lakin bu, kortizol səviyyəsinin və ya arterial təzyiqin avtomatik və nəzərəçarpacaq dərəcədə azalacağı anlamına gəlmir.
Orqanizm yalnız üz əzələlərinin vəziyyətinə deyil, emosional kontekstə də reaksiya verir. İnsan təbii şəkildə gülümsəyir və müsbət emosiyalar yaşayırsa, bu, rahatlama prosesinə kömək edə bilər. Güclü stress vəziyyətində isə insanın özünü məcbur edərək gülümsəməsi daha zəif təsir göstərə bilər.
Həkim həmçinin bildirib ki, təbəssümün arterial təzyiqi və ya ürəkdöyünməni konkret nə qədər azaltdığını göstərən universal göstərici mövcud deyil. Nəbz və arterial təzyiq emosiyaların, mimikanın, tənəffüsün və ümumi gərginlik səviyyəsinin təsiri ilə qısa müddət ərzində dəyişə bilər.
"Mənfi emosiyaların daim boğulması və “mütləq gülümsəməliyəm” düşüncəsi təşviş pozuntularının qarşısının alınması üsulu deyil. Şüurlu şəkildə gülümsəmə özünütənzimləmə texnikalarının daha geniş kompleksinin bir hissəsi kimi istifadə oluna bilər", – deyə mütəxəssis bildirib.
Təbəssümün müsbət təsiri yavaş nəfəsalma, əzələlərin boşaldılması, fiziki aktivlik, keyfiyyətli yuxu və yaxın insanlarla ünsiyyətlə birlikdə daha da güclənə bilər. Bu vərdişlər ümumi gərginlik səviyyəsinin azalmasına kömək edir.
Mütəxəssis xroniki stress, təşviş, yuxu pozuntuları və ya arterial təzyiqin davamlı yüksəlməsi zamanı yalnız mimikanı dəyişdirməklə kifayətlənməməyi, vəziyyətin əsas səbəblərini araşdırmağı və zərurət yarandıqda həkimə müraciət etməyi tövsiyə edib.

