Əczaçı bəzən orijinal preparatın daha ucuz analoqunu təklif edir. Bəs generik dərman orijinal qədər effektivdirmi və onu dəyişmək təhlükəsizdirmi?
Aztibb.az "Medikforum"a istinadən yazır ki, klinik farmakoloq Kristina Samsonovanın sözlərinə görə, generik preparatlarda orijinal dərmanla eyni təsiredici maddə olur və onların bioekvivalentliyi təsdiqlənməlidir. Orijinal dərmanın qiymətinin yüksək olması əsasən onun hazırlanması üçün uzunmüddətli tədqiqatlara və böyük maliyyə vəsaitinə ehtiyacla bağlıdır. Generiklər isə artıq öyrənilmiş molekul əsasında hazırlanır.
Bununla belə, eyni təsiredici maddənin olması preparatların tamamilə eyni olması demək deyil. Köməkçi maddələr, məsələn, stabilizatorlar, laktoza və rəngləndiricilər fərqli ola bilər. Bu fərqlər bəzi insanlarda preparatın qəbuluna və əlavə təsirlərə təsir göstərə bilər.
Mütəxəssis qeyd edir ki, əksər dərmanlarda bu fərqlərin klinik əhəmiyyəti böyük deyil. Lakin terapevtik təsir intervalı dar olan preparatlarda, eləcə də inhalyator, burun spreyi və dəri plastırları kimi bəzi dərman formalarında generiklə orijinalın ekvivalentliyini qiymətləndirmək daha mürəkkəbdir.
Həkim preparat seçərkən müalicənin müddətini, dərmanın qanda konsentrasiyasına nə qədər həssas olduğunu, müalicə effektinin nə dərəcədə tez qiymətləndirilə bildiyini və pasiyentin hazırkı preparatla vəziyyətinin stabil olub-olmadığını nəzərə alır.
Samsonova vurğulayır ki, pasiyent konkret preparatla uzun müddət stabil vəziyyətdədirsə, onu yalnız daha ucuz olduğu üçün dəyişdirmək düzgün deyil. Eyni zamanda, bahalı dərman avtomatik olaraq daha effektiv, ucuz generik isə daha keyfiyyətsiz hesab edilməməlidir.
Preparatın dəyişdirilməsi xüsusilə uzunmüddətli müalicə zamanı həkimlə məsləhətləşilərək həyata keçirilməlidir.

