Kocaeli və Kahramanmaraşdan olan mütəxəssislər və alimlər başgicəllənmə və tarazlıq pozuntularının mobil cihazlar vasitəsilə diaqnostikasına imkan verəcək sistem hazırlayırlar.
Aztibb.az CNN Türk-ə istinadən yazır ki, Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) dəstəyi ilə Kocaeli Şəhər Xəstəxanası və Kahramanmaraş Sütçü İmam Universitetinin əməkdaşlığı çərçivəsində mobil telefon və ya noutbuk əsaslı sistemlərlə göz və baş hərəkətlərinin analizinə yönəlmiş iki ayrı layihə ötən ay və keçən ilin avqustunda həyata keçirilməyə başlanıb.
Layihə çərçivəsində Mobil VNG (göz hərəkətlərini qeydə alan portativ tarazlıq test cihazı) və Mobil Video Head Impulse (baş və göz hərəkətlərinin uyğunluğunu ölçən portativ tarazlıq test cihazı) üçün hazırlanacaq sistemin sabit laboratoriya şəraitinə və xüsusi təlim keçmiş personala olan ehtiyacı azaltması, təcili yardım şöbələrindən poliklinikalara qədər müxtəlif tibb bölmələrində istifadə edilə bilməsi hədəflənir.
Yerli istehsal hesabına xaricdən asılılığın azaldılacağı və xərclərin aşağı salınacağı gözlənilən sistem başgicəllənmə və tarazlıq pozuntularına səbəb olan daxili qulaq, beyin və beyincik kimi orqanlara təsir edən xəstəliklərin differensial diaqnostikasının daha sürətli və əlçatan şəkildə aparılmasına töhfə verməyi qarşıya məqsəd qoyur.
Layihənin tibbi hissəsi Kocaeli Şəhər Xəstəxanası, mobil tətbiq və proqram təminatının hazırlanması isə Kahramanmaraş Sütçü İmam Universitetinin Elektrik-Elektronika Mühəndisliyi Bölməsi tərəfindən həyata keçirilir.
“Tətbiqi, o cümlədən təcili yardım şöbələrində effektiv şəkildə istifadə etməyi hədəfləyirik”
Kocaeli Şəhər Xəstəxanasının qulaq-burun-boğaz mütəxəssisi, professor Halil Erdem Özel bildirib ki, başgicəllənmə və tarazlıq pozuntuları cəmiyyətdə geniş yayılmış, insanın sosial və əmək fəaliyyətinə təsir edən problemlərdir.
Onun sözlərinə görə, bu şikayətlərin arxasında daxili qulaq, beyin, beyincik və beyin kötüyü kimi həyati əhəmiyyətli orqanlara təsir edən xəstəliklər dayana bilər. Buna görə də xəstəliklərin differensial diaqnostikasının aparılması mühüm əhəmiyyət daşıyır.
Özel bildirib ki, zəruri olan qabaqcıl tarazlıq testlərinə çıxış məhdud və bahalıdır:
“Daha portativ, istifadəsi rahat, buna görə də xüsusi təlim keçmiş personala ehtiyac olmadan istifadə edə biləcəyimiz və daha effektiv analizlər aparmağa imkan verən sistem hazırlamağı planlaşdırırıq. Ən əsası isə sistemin yerli olması sayəsində istifadə xərclərini azaltmağı hədəfləyirik”.
Daxili qulaq, beyin və gözlərin koordinasiyalı şəkildə işləyərək tarazlıq sistemini idarə etdiyini bildirən Özel əsas elementin göz hərəkətlərinin izlənməsi olduğunu vurğulayıb.
“Hazırda istifadə etdiyimiz VNG testləri sabit laboratoriya şəraitində pasiyentin üzünə ‘Google Glass’ adlandırılan eynək taxılaraq və cihaz kompüterə kabel vasitəsilə qoşularaq aparılır. Məqsədimiz bu sistemləri simsiz mobil texnologiyalar – mobil telefon və ya noutbuk vasitəsilə – daha portativ, sadə və istifadəsi rahat hala gətirmək, həmçinin proqram təminatına yeni funksiyalar əlavə etməklə onların effektivliyini artırmaqdır”, – deyə mütəxəssis bildirib.
Özel Mobil Video Head Impulse test cihazının reflekslərin ölçülməsi zamanı istifadə edildiyini qeyd edib.
“Mobil telefon və ya noutbuk kimi cihazlarla pasiyentin baş və göz hərəkətlərini izləyə biləcəyimiz proqram təminatından istifadə etməklə bu tətbiqi, o cümlədən təcili yardım şöbələrində effektiv şəkildə tətbiq etməyi hədəfləyirik”, – deyə o bildirib.
“Layihəmiz klinik tədqiqat mərhələsindədir”
Kahramanmaraş Sütçü İmam Universitetinin Elektrik-Elektronika Mühəndisliyi Bölməsinin müəllimi, dosent Turab Selçuk da layihələrin TÜBİTAK tərəfindən dəstəkləndiyini və hazırda klinik tədqiqat mərhələsində olduğunu bildirib.
O, mobil telefonu yerli və süni intellekt dəstəkli “tibbi diaqnostika cihazı”na çevirmək məqsədi ilə layihəyə başladıqlarını deyib.
“Əsas funksiyası göz hərəkətlərini süni intellekt alqoritmləri vasitəsilə izləmək və tibbi baxımdan nistagmusu (gözlərin qeyri-iradi titrəməsi) aşkar etməkdir. Bunun sayəsində yerli istehsal olan və daha aşağı xərcli ‘tibbi test cihazı’ əldə etmiş olacağıq”, – deyə Selçuk qeyd edib.

